Mehriban Əliyevanın bu ideologiyaya nümunəvi xidməti onu mənəvi dəyərlərimizin fəal təmsilçisi kimi sevdirir
"Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır".
"Füyuzat" jurnalından
O, kifayət qədər formalaşmış xadimdir; ictimai və siyasi xadim. İki nüfuzlu beynəlxalq təşkilatın xoşməramlı səfiri olmaq da onun zəngin fəaliyyətini xeyli rövnəqləndirib. Mehriban xanım Əliyeva bu istiqamətdə neçə-neçə irimiqyaslı layihələr həyata keçirib. Təkcə "Yeniləşən Azərbaycana yeni məktəb"i qeyd etsəm, zənnimcə şərhə ehtiyac qalmayacaq. Onun ölkə daxilində balalarımızın effektli təhsili üçün gördüyü işlər göz qabağındadır. Xarici ölkələrin tanınmış ali məktəblərində isə Azərbaycan övladlarının təhsil alması ilə bağlı Mehriban xanım deyir: "Heydər Əliyev Fondu ümummilli liderin kursunu davam etdirir və tələbələrimizin xaricdə təhsil almalarını mən əlbəttə ki, ölkəmiz üçün vacib və lazımi bir proses kimi qiymətləndirirəm. Lakin bizim üçün bu da vacibdir ki, müvafiq təhsil aldıqdan sonra istedadlı gənclər Azərbaycanda qalaraq, əldə etdikləri bilikləri Vətən naminə istifadə etsinlər. Bu gün bir neçə tələbə Fondun xətti ilə xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alırlar. Biz əminik ki, dünyanın aparıcı universitetlərində əldə olunmuş biliklər ölkəmizin tərəqqi işinə böyük xeyir verəcək".
Bəşəriyyəti sarsıdan alman faşizmi üzərində qələbədə xalqımızın böyük haqqı və şücaəti oldu. "İzvestiya" qəzetinin müxbiri Oleq Siqanovun (2005-ci il) "Böyük Vətən müharibəsində Qələbənin 60 illiyidir. Siz Moskvada keçirilən bayramda iştirak etmişiniz. Şəxsən Sizin üçün 9 may nə deməkdir?" sualına Mehriban xanım cavab verəcək bildirir ki, Moskvada keçirilən bayram olduqca nadir hadisə idi və məncə, onun iştirakçılarının heç biri buna biganə qalmamışdır. Mənim üçün Qələbə bayramı ilk növbədə, şərin cəzalandırılacağı və xeyirin qalib gələcəyi mövzusunda daha bir tarix dərsidir. 600 mindən çox azərbaycanlı cəbhəyə getmiş və onların yarısından çoxu geri qayıtmamışdır. O illərdə cəbhəyə lazım olan neftin 90 faizdən çoxunu Bakı verirdi. Məşhur "Molotov kokteyli" də Azərbaycan neftçilərinin məhsulu, daha dəqiq desək, 100 yaşı YUNESKO tərəfindən bu il qeyd olunan akademik Yusif Məmmədəliyevin kəşfidir.
Ölkəmizin birinci xanımı Azərbaycan-YUNESKO əlaqələrindən söz açır: "Uğurlu inkişafın mühüm amillərindən biri də ondan ibarətdir ki, Azərbaycan dünyəvi dövlət, yüksək dözümlülüyü ilə seçilən bir ölkədir. Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın tarixi müstəqilliyimiz dövründən başlayır. Ötən illər ərzində təhsil, elm və mədəniyyət sahələrində bir çox birgə layihələr həyata keçirilib. Azərbaycanın maddi və qeyri-maddi mədəni abidələri artıq YUNESKO-nun Dünya irsi siyahısındadır. Məsələn, YUNESKO tərəfindən İçərişəhər dünyanın ən gözəl abidələri siyahısına, Azərbaycan muğamı isə Qeyri-maddi mədəni irs siyahısına salınıb. Eyni zamanda biz YUNESKO ilə birlikdə qaçqın və məcburi köçkün uşaqlar üçün mühüm təhsil layihələri həyata keçiririk. YUNESKO ilə əməkdaşlığımız "Atəşgah" məbədinin bərpası, Qobustanın Dünya mədəni irs siyahısına salınması kimi layihələri də əhatə edir".
Mehriban Əliyeva bütün dünyanın baxışlarının zilləndiyi ən yüksək beynəlxalq tribunalarda bəlamıza çevrilən məsələdən də həyəcanla danışır: (2006-cı il)
"Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq 17 ildir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək, qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırıma və etnik təmizləmə siyasətinə məruz qalmışlar. 1 milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir".
Azərbaycanın birinci xanımı işğal olunmuş ərazilərdə qalan abidələrimizin taleyini də əsla unutmur (2005-ci il): "YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində mənim bu məsələyə toxunmadığım bir dənə də olsun çıxışımı yada salmaq çətindir. Bütün mədəniyyət abidələrini sadalamaq, onların hamısının adını çəkmək qeyri-mümkündür. Bu böyük bir siyahıdır - münaqişə zonasında qalmış və talan olunmuş, məhv edilmiş muzeylər, arxeoloji, təbii abidələr. Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarının zəbt etdiyi beşdə bir hissəsində Azərbaycan mədəniyyətinin korifeyləri Üzeyir Hacıbəyovun və mədəniyyətinə aid abidələrin, Azıx mağarasının və s. abidələrin qaldığını qeyd etmək kifayətdir.
Lakin abidələr məsələsinə münaqişənin həlli məsələsinin hüdudundan kənarda baxıla bilməz. Bilirsiniz ki, bu münaqişə artıq 17 ildir davam edən böyük miqyası humanitar fəlakətə gətirib çıxarıb. Qeyd etmək istərdim ki, YUNESKO siyasi təşkilat, xüsusən də böhran vəziyyətində olan konkret abidələrin taleyi ilə məşğul ola bilən təşkilat deyil. YUNESKO-nun vəzifələri bir qədər başqadır, belə fikirləşirəm ki, bu beynəlxalq təşkilatın fəaliyyəti artıq münaqişə sonrası dövrdə xeyirli ola bilər". Mehriban xanım bu barədə digər müsahibəsində bildirir: "Həm YUNESKO, həm də İSESKO qeyri-siyasi təsisatlardır. Ona görə də mənim hər iki təşkilatda fəaliyyətimin əsas tərkib hissəsi humanitar layihələrdir. Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda bu, beynəlxalq arenadır və mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanı, onun çox dərin tarixi və mədəni köklərə malik olan xalqını göstərmək, bizim incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır".
Azərbaycanın tanınmış siyasi xadimi və ədibi Nəriman Nərimanov vaxtı ilə yazırdı ki, tarixə nəzər salsanız, yəni millətlərin barəsində oxusanız, yəqin edərsiniz ki, heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Hansı millət ki, qabağa gedib tərəqqi edibdir, ancaq elmin gücünə xoşbəxt olubdur.
Bu məntiqli fikri sanki öz sözləri ilə təsdiq edən və əsaslandıran Mehriban xanım deyir: "Azərbaycanda saxlanılan tibbə dair 3 nadir əlyazma 2005-ci ilin iyulunda YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq registrinə daxil edilmişdir. Mən fərəh hissi ilə qeyd etmək istərdim ki, Dünya Yaddaşı Proqramına yalnız ayrı-ayrı dövlətlər və xalqlar üçün deyil, ümumilikdə bəşəriyyət üçün əhəmiyyət daşıyan yazılı abidələr daxil edilir və cəmisi 20 nadir əlyazmanın daxil edildiyi bu proqramıda artıq Azərbaycana məxsus 3 əlyazma da var... Tibb elminə aid olan 3 nadir əlyazmamıza YUNESKO tərəfindən bu cür yüksək qiymət verilməsi, onların qədim yazılı abidə olması ilə yanaşı, həm də orta əsrlərdə Azərbaycanda tibb elminin yüksək inkişaf səviyyəsinə çatmasının göstəricisidir".
2007-ci ildə BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışı zamanı xanım Əliyeva bildirmişdir ki, bu otağı yaratmaqla biz Vətənimizin kiçik bir hissəsini Millətlər Sarayına gətirməyə, öz zəngin mədəni və tarixi irsimizi, eləcə də ənənəvi incəsənətimizi nümayiş etdirməyə çalışdıq. Qədim vaxtlardan Azərbaycan Qərblə Şərqi nəinki coğrafi, həm də mənəvi baxımdan birləşdirmişdir. Arzu edirəm bu otaqda müzakirə olunacaq bütün məsələlər və problemlər dözümlülük və qarşılıqlı hörmət əsasında öz həllini tapsın və əminəm ki, tapacaqdır. Bu gün biz sülh və təhlükəsizliklə bağlı bir çox problemlər və çağırışlarla üzləşən dünyada yaşayırıq. Münaqişələr, beynəlxalq terrorçuluq, yoxsulluq, xəstəliklər insanların həyatına və daha yaxşı gələcəyə bəslənən ümidlərinə təhlükə olaraq qalır. Biz həmin çağırışlara birgə cavab verməliyik və gələn nəsillər üçün daha yaxşı gələcəyi qorumalıyıq.
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə arasındakı münasibətləri yüksək dəyərləndirən Mehriban xanım Əliyeva deyir: (Vaşinqton, 2006-cı il)
"Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf etmişdir. ABŞ enerji layihələrimizdə bizim böyük tərəfdaşımızdır. Biz bir çox çətinliklərlə üzləşmişdik, lakin dünyada ən böyük enerji layihəsi hesab edilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilmə "
Azərbaycan antiterror koalisiyasının üzvüdür və əsgərlərimiz amerikalı həmkarları ilə çiyin-çiyinə sülhün bərqərar olması naminə İraq, Əfqanıstan və Kosovoda qulluq edirlər. Biz eyni zamanda siyasi islahatlar, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində də Birləşmiş Ştatlarla əməkdaşlıq edirik".
2007-ci ildə Mehriban Əliyevanın təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun ərsəyə gətirdiyi "Muğam" jurnalının ilk nömrəsinin və "Muğam-Antologiya" layihəsi çərçivəsində çap olunmuş Səfiyəddin Urməvinin "Şərəfiyyə risaləsi" və "Kitabül-ədvar", habelə Fətullah Şirvaninin "Musiqi məcəlləsi" əsərlərinin təqdimat mərasimində birinci xanım ilk öncə tədbir iştirakçılarını təbrik edib məlumatlandırdı ki, həmin vaxtlar paytaxtımızda bədii gimnastika üzrə 23-cü Avropa çempionatı uğurla keçmiş və Azərbaycan idmançıları bu yarışlarda çox yüksək nailiyyətlər əldə etmiş, yığma komandamız bürünc medal qazanmış, gimnastımız Aliyyə Qarayeva isə qızıl medala layiq görülərək, Avropa çempionu olmuşdur. Bu gün bizim ölkəmiz bədii gimnastika üzrə dünyanın artıq 5 aparıcı dövləti arasındadır. Mehriban xanım onu da əlavə etdi ki, Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Dünya Mədəni Irs siyahısına salınmışdır. Bu o deməkdir ki, Qobustan təkcə Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün çox əhəmiyyətli, çox dəyərli tarixi və mədəni abidədir". Digər müsahibəsində birinci xanım bir daha qeyd edir ki, kökünü qədim əsrlərdən, Qobustanın qayaüstü rəsmlərindən götürən Azərbaycan təsviri sənəti bu gün öz professional dəyəri və bədii tutumu baxımından müasir dünyada ən yüksək yerə layiqdir. Bu da öz növbəsində Azərbaycanın zəngin tarixinin, mədəni-mənəvi köklərinin, ənənələrinin dərinliyinin, Azərbaycanın odlar yurdu, nur və işıq diyarı olmasının ən gözəl sübutudur.
"Bizim ölkədə - Azərbaycan ailə dəyərlərinə qədimdən çox böyük ehtiramla yanaşırlar. Yaşlılara hörmət, kiçiklərə qayğı nəsildən-nəslə keçən gözəl ənənələrdir". "Düşünürəm ki, bütövlükdə xalqın və ayrı-ayrı insanların xoşbəxtliyi və firavanlığı kimi məqsədləri rəhbər tutmaq ictimai xadimin fəaliyyətini daha da zənginləşdirir. Məni vətəndaşlarımızın rifahı naminə fəal işləməyə ruhlandıran məhz bu məqsədlərdir. Xeyirxah işlər görəndə nə vaxtını, nə də qüvvəni əsirgəmirsən. Hesab edirəm ki, siyasətlə və ictimai fəaliyyətlə məşğul olan insanlar üçün humanist dəyərlər və ideallar birinci yerdə da- yanmalıdır. Biz təşəbbüs və qərarlarımızı ən yüksək insanpərvərlik meyarları ilə ölçməliyik, xalqın firavanlığına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına çalışmalıyıq" deyən ölkə başçımızın ömür-gün yoldaşının bu saf məfkurəsi, təmiz əqidəsi doğrudan da onu tək öz xalqına deyil, milyonlarla insana sevdirir.
"Xeyriyyəçiliyin çox ehtimal ki, zərdüştülük dövrünə gedib çıxan təzahürləri əsrlər boyu müqəddəs sayılaraq, ehtiram bəslənən bir mənəvi-əxlaqi kodekslə bağlıdır: "Xoş söz, xoş niyyət, xeyirxah əməl". Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyatı dəyərləri olmuş və indi də belədir" - bunları da Mehriban xanım deyir və əlavə edir: "XIX əsrin axırları-XX əsrin əvvəllərində bu tarixi - mədəni və mənəvi təməl üzərində Azərbaycanda filantopiyanın bir növü olan mesenatlıq geniş vüsət almağa başlamışdı. (Müxbirlə söhbət zamanı Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin adı hörmətlə çəkilir). Olduqca qənaətcil sahibkarlar kimi tanınmış bu insanlar cəmiyyətin rifahı naminə - maarif və təhsilə, mədəniyyət və incəsənətin inkişafına, mülki tikinti işlərinə küllü məbləğdə vəsait sərf etmişlər. Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya və digərlərinin yaratdığı çoxsaylı qadın xeyriyyə cəmiyyətləri çox böyük işlər görmüşdür".
Mehriban xanım Azərbaycan Mədəniyyətinin Dostları və Heydər Əliyev Fondunun rəhbəri kimi işə başladığı andan Azərbaycan xalqının milli musiqisi, xüsusilə muğamatın dünyada geniş tanıdılması məsələsi həmişə onun diqqət mərkəzində olmuşdur.
2009-cu ildə "Muğam aləmi" beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziumunu yada salaq. Xanım Əliyeva çıxışında demişdir ki, biz azərbaycanlılar hamımız haqlı olaraq öz doğma muğamlarımızla fəxr edirik. Qərblə Şərq arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Muğam Azərbaycan xalqına xas, olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir, səhv etmərəm. Bu gün biz tarixə nəzər salsaq görərik ki, Azərbaycanın musiqi mədəniyyətində elə bir janr yoxdur ki, orada muğamın təsirini görməyək. Balet, opera, estrada, mahnı janrı, caz - hamısında biz muğamla sintezi, muğamın təsirini hiss edə bilirik.
"Bizim ən böyük sərvətimiz bizim mədəni irsimizdir. Bizim ədəbiyyatımız, poeziyamız, musiqimiz, təkrarsız, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz, memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur" deyən Azərbaycanın birinci xanımının bu nəsihətamiz sözləri hər bir ləyaqətli soy- daşımızın milli məfkurəsinin əsasını təşkil edir və etməlidir.
Mehriban xanım Əliyeva xarici ölkələrə səfəri zamanı müstəqilliyimizin bərpasına uzanan çətin, lakin şərəfli yollardan bəhs edir: "Azərbaycan uğrunda əsrlər boyu mübarizələr aparılmışdır. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olub, xalqımız öz tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir... 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik parlament respublikası olmuşdur. Həmin il, həmin dövr Azərbaycan müsəlman dünyası, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdir. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışdır, Şərqin ilk operası və baleti yazılmışdır. Lakin əfsuslar olsun ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. Respublika çox ciddi geosiyasi problem və amillərlə üzləşdi. Bu amillərin sırasında Bakı neftinə olan marağın artması da çox böyük rol oynayırdı. Nəticədə ölkəmiz müstəqilliyini itirdi və hərbi intervensiya yolu ilə Azərbaycanda sovet hakimiyyəti quruldu. 70 ildən çox sürən bu dövrdə xalqımız sovet rejiminin sərt qanunları ilə üzləşdi. Lakin buna baxmayaraq, həmin illərdə Azərbaycanın iqtisadi potensialı formalaşdı, savadsızlıq tamamilə ləğv olundu, təhsil şəbəkəsi yarandı, universitetlər açıldı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Bütün bu illərdə Azərbaycan xalqı müstəqillik arzusu ilə yaşayırdı. Nəhayət, 1991-ci ildə Azərbaycan xalqı öz taleyinin, öz torpağının, öz ölkəsinin sahibinə çevrildi".
Xanım Əliyevanın bu son dərəcə qiymətli fikirləri böyük şairimiz Bəxtiyar Vahabzadənin "Bayraq" şerini yada salır. Əlbəttə ki, şeirdəki bu misralar ruhumuza qol-qanad verib onu səmalara ucaldır:
Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı Vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurdumda öz hakimliyim.
Ötən il ölkəmizin zəngin və bənzərsiz təbiətini əks etdirən "Azərbaycan" nəşrinin təqdimatı oldu. Çıxış edən xanım Əliyeva ürəklərimizin dərinliklərində məskən salan həssas və zərif duyğulara toxunub dedi: "Mən dahi Heydər Əliyevin bir kəlamını xatırlamaq istərdim: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". Çox sadə, adi bir kəlmədir. Lakin doğma torpağına sonsuz qədər bağlı olan, Vətən yolunda ömrünü və canını qurban verən, bu yolda bir an da olsun belə əyilməyən insanın, böyük şəxsiyyətin dilindən çıxmış bu kəlmə artıq tarixə yazılıb. Mənim arzum odur ki, bu kitabı vərəqləyən hər bir; azərbaycanlı ürəyində məhz bu kəlamı söyləsin: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam".
Mehriban xanımın azərbaycançılıq məfkurəsinə xidmət edən bütün fəaliyyəti öz doğma xalqının böyük etiramını qazanıb. Onun həyata keçirdiyi çoxsaylı işlər istər öz dövlətimiz, istərsə də xarici ölkələr tərəfindən ən ali mükafatlarla qiymətləndirilib. Bu qədər zəhmət və əməyin müqabilində həm zahirən, həm də daxilən gözəl olan Mehriban xanım barədə bir sual məni tez-tez düşündürür: Ondakı bu fədakarlıq, insanpərvərlik, qayğıkeşlik haradan qaynaqlanır? Və sualıma xanım Əliyeva müsahibələrindəcə cavab verir: "Mənim anam ağlasığmaz dərəcədə gözəl qadın olub. O, istənilən yerə daxil olan zaman hamı qeyri-ixtiyari dönüb ona baxardı. O hədsiz dərəcədə mehriban və kifayət qədər qapalı qadın idi. Anam Azərbaycanda ilk qadın - professor, şərqşünaslıq üzrə elmlər namizədi idi. Görünür o, məndə yüksək məsuliyyət hissini formalaşdırmağı bacarıb... Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi".
Bu munis xatirələrdəki bir cümləni yenidən təkrarlayıram: "Görünür o, məndə yüksək məsuliyyət hissini formalaşdırmağı bacarıb". Artıq bu məqaləmdə əlavə heç nə yazmaq istəmirəm. Düşüncələrimi isə böyük qürur hissi ilə türk dünyasının unudulmaz oğlu Mustafa Kamal Atatürkün sözləri ilə bitirirəm: "Buna inanmaq lazımdır ki, dünya üzərində gördüyümüz hər şey qadının əsəridir. Böyük uğurlar qiymətli anaların böyütdükləri övladların əməllərinin bəhrəsidir".
Reyhan Mirzəzadə,
publisist-politoloq
Azad Azərbaycan.- 2011.- 5 oktyabr.- № 143.- S. 3.