Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın Tatarıstana səfəri
Kazan Kremlində Tatarıstan Prezidenti ilə görüş
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair Kazanda keçirdiyi regional seminarda iştirak etmək üçün Tatarıstanın paytaxtında səfərdə olmuşdur.
YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva dekabrın 15-də Kazan Kremlində Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaymiyev ilə görüşmüşdür.
Prezident Şaymiyev xanım Mehriban Əliyevanı böyük hörmətlə və ehtiramla qarşılayaraq gül dəstəsi təqdim etdi, tədbirdə iştirak etmək üçün Kazana səfərə gəlməsindən məmnunluğunu bildirdi.
Mehriban xanım Əliyeva Kazanda səmimiyyətlə qarşılandığına görə prezident Mintimer Şaymiyevə təşəkkür etdi, burada ilk dəqiqələrdən ona çox xoş münasibət göstərildiyini söylədi.
Tatarıstan Prezidenti və YUNESKO-nun xoşməramlı səfiri görüşdə qeyri-maddi mədəni irsin qorunub saxlanılmasına dair birgə regional layihələrin perspektivlərini müzakirə etdilər.
Tatar xalqının milli Sabantuy bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsinin mümkünlüyündən də söhbət getdi. Mehriban xanım Əliyeva dedi ki, Sabantuy bayramı YUNESKO-nun dünya inciləri siyahısına daxil edilməyə layiq bayramdır. Sabantuy bayramının çox qədim kökləri var, O, tatar xalqının milli "mən"ini əks etdirir. Bu, çox vacibdir. Axı, qeyri-maddi irsin qorunub saxlanılması haqqında Konvensiya məhz hər bir xalqın milli "mən"inin yaşadılmasına yönəldilmişdir.
Mehriban xanım Əliyeva daha sonra xatırlatdı ki, YUNESKO Azərbaycanın ənənəvi musiqi sənətinin incisi olan muğamı qeyri-maddi irs siyahısına daxil etmişdir. Azərbaycan xalqının bəzi bayramları da bu siyahıya daxil edilə bilər.
Görüşdə Tatarıstan Baş nazirinin müavini Zilə Valeyeva, Tatarıstan Prezidenti yanında beynəlxalq məsələlər üzrə dövlət müşaviri-Prezidentin Xarici Əlaqələr Departamentinin direktoru Timur Akulov və digər rəsmi şəxslər iştirak edirdilər.
AzərTAc
2004, 15 dekabr