Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Xoşməramlar elçisi

Mehriban Əliyeva öz fəaliyyəti ilə bu nəcib keyfiyyətini çoxdan təsdiqləyib


"...Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz.
İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin.
Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur".

Mehriban Əliyeva


Millət vəkili Mehriban Əliyeva parlament fəaliyyətinin bir ilinin yekunları ilə bağlı Əzizbəyov seçiciləri qarşısında hesabat verdi. Seçicilərlə görüş Mehriban xanımın bu dövr ərzində qarşısına qoyduğu vəzifələrin yüksək peşəkarlıq və məsuliyyətlə icra etdiyini tamamilə nümayiş etdirdi. Əslində, bu hesabat, Azərbaycan reallığı üçün yeni olan "qadın lider" fenomeninin ifadəsidir və bizi bir sıra mühakimələr üzərində ciddi düşünməyə vadar edir. Diqqəti yenidən bu amil üzərinə yönəldirik.

Birinci Ledi:

Status və vəzifələr

Qadınların ictimai fəallığı, o cümlədən, dövlət idarəçiliyi və qanunvericilik müstəvisində aktiv iştirakları günümüzdə sensasiya deyil. Artıq Qərbin bir sıra ölkələrində, konkret olaraq ABŞ-da feminist inqilabının olması barədə ciddi diskussiyalar aparılır.

Təkcə ona görə yox ki, bu ölkədə qarşıdan gələn prezident seçkilərinin iki ən parlaq favoritinin ikisi də zəif cinsin nümayəndələri ola bilər (Hillari Klinton və Kondoliza Rays). XX əsrin ikinci yarısında müxtəlif ölkələrdə qadınlar aparıcı siyasi liderlər qismində çıxış ediblər. Marqaret Tetçer, İndira Qandi, Qloriya Aroyo, Helen Klark, Qolda Meir, Benəzir Bhutto və s.

Qərb cəmiyyətində sıravi qadın-vətəndaşların ictimai aktivliyinə ölkənin birinci ledisinin həyat tərzi olduqca ciddi təsir göstərir. Siyasi elita təmsilçiləri daimi diqqət mərkəzində olduqlarından prezident ailəsinə ictimai nəzarət ən yüksək səviyyədədir. Bu nöqteyi-nəzərdən ölkənin birinci ledisi zəif cinsin nümayəndələri üçün müəyyən mənada nümunə rolunda çıxış edir.

Sirr deyil ki, misal üçün, ABŞ-ın eks-prezidentinin xanımı Hillari Klintonla hazırkı birinci ledi Lora Buş arasında ciddi fərqlər var. Əgər birinci kifayət qədər aktiv qadındırsa (o, senator olmaqla yanaşı, Demokratlar Partiyasının ən fəal üzvlərindən biri, gələcək prezident seçkilərində mümkün və şanslı namizədlərdən sayılır), ikinci respublikaçılara məxsus mühafizəkarlıq ideologiyasının daşıyıcısı, siyasətə qarışmayan obraz yaratmağa çalışır. Müasir demokratik ölkələrdə birinci ledi, ilk növbədə, həyat yoldaşı-prezidentin imicinin formalaşmasında önəmli rollardan birini oynayır. Hətta belə də demək olar ki, bəzən birinci ledilərin ictimai nüfuzu xanım prezidentlər və ya xanım baş nazirlərin reytinqindən daha yüksək olur. Nəzəri cəhətdən birinci ledilər siyasətdə dekorativ rol oynamalı, qayğıkeş həyat yoldaşı və ana obrazını yaratmalı, dövlət başçısını xarici səfərlərdə və rəsmi qəbullarda müşayiət etməlidir.

Birinci ledilərin aktiv ictimai fəaliyyətə başlamaları XIX əsrin ikinci yarısına təsadüf edir. Bu dövrdən başlayaraq birinci ledilər siyasi problemlərin həlli prosesində yaxından iştirak etməyə başlayır, üzərlərinə müəyyən dövləti vəzifələr götürürlər. Tarixçilər prezident Henri Quverin həyat yoldaşı Lu Quveri daha parlaq şəxsiyyət kimi xarakterizə edirlər. Xanım L.Quver ənənəvi funksiyalarından imtina etməsə də, ölkədə idmanı öz himayəsinə götürərək, bu sahənin inkişafı üçün inqilabi işlər görmüşdür. Betti Ford, Nensi Reyqan və Barbara Buş ölkədə narkotikaya və alkoqola qarşı kampaniyanın aparıcı simalarından olublar. Rozalin Karter ölkənin səhiyyə sistemini öz hamiliyinə götürümüşdü, Lora Buş isə indinin özündə də Amerika kitabxanalarına hamilik və kitab oxumağı təbliğ edir.

Bəzi birinci ledilər ölkələrində mühüm dövlət vəzifələrini də daşıyıblar. Rozalin Karter ABŞ-ın Latın Amerikası ölkələrində xüsusi nümayəndəsi olub, Hillari Klinton isə səhiyyə sisteminin islahatlarına rəhbərlik edib. Teodor Ruzveltin həyat yoldaşı, 6 uşaq anası Edit Ruzvelt çox nadir hallarda ictimaiyyət arasına çıxarmış, ancaq onun siyasi ideyaları dövlət idarəçiliyində müstəsna rol oynayırmış. Vudro Vilsonun həyat yoldaşı Edit Vilson prezidentin sağlamlığının qayğısına qalmaqla yanaşı, onun katibliyinin rəhbəri vəzifəsini də daşıyırmış. Eleonor Ruzvelt də həyat yoldaşı Franklin Ruzveltdən heç də az populyar olmayıb. O, parlamentdə çıxış edir, mətbuat konfransları keçirir, mühazirə oxuyurmuş. F.Ruzveltin vəfatından sonra o, ABŞ-ın BMT-dəki nümayəndə heyətinə rəhbərlik edir və İnsan Hüquqları Bəyannamasəninin müəllifi olur.

Azərbaycanda isə bu tip fəaliyyət forması milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı və rəngarəng forma almaqdadır.

Mehriban Əliyeva örnəyi

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, üç dildə çap olunan, xalqımızı, onun mədəniyyətini, incəsənət və ədəbiyyatını bütün dünyada təbliğ edən "Azərbaycan İRS" jurnalının baş redaktoru olan Mehriban Əliyeva bütün imkanlarını, intellekt və bacarığını xalqımızın azad, firavan həyatı üçün səfərbər edib və bu yolda əzmkarlıqla çalışır.

Bunu təsdiqləyən onlarla, yüzlərlə fakt var. Nəzərəçarpan haldır ki, Azərbaycanın birinci ledisi hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir. Mehriban xanım Əliyeva xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasının formalaşması sferalarında ciddi və məhsuldar aktivlik nümayiş etdirir.

Bütün bunların mərkəzində, şübhəsiz ki, ilk növbədə, xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur. Prezidentin xanımı gündəlik həyatında və fəaliyyətində bu amillərə öncül yer verdiyini göstərir: "Zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha çox ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəzlənməsidir".

O da real faktdır ki, ölkənin gündəlik həyatından, sıravi vətəndaşların adi qayğılarından, ümumiyyətlə, sadə vətəndaşın həyatında nələr baş verirsə, ondan olduqca aralı, uzaq məsafədə olan şəxsin bu reallığı bilməsi, onu dilinə gətirməsi və ən əsası bu gerçəkliyin doğurduğu çətinliklərin aradan qaldırılmasına yardım etməsi, umanlara kömək əlini uzatması olduqca tədqirəlayiq haldır. Azərbaycanda birinci ledinin gündəlik fəaliyyəti, həqiqətən də, çox gərgin və eyni zamanda, zəngindir. O, YUNESKO-nun xoşməramlı səfiri olaraq Azərbaycan mədəniyyəti və incəsənətini dünyada təbliğ edir, ölkənin beynəlxalq imicinin formalaşması, işinə önəmli töhfələrini verir. Azərbaycanın özündə isə, Mehriban Əliyeva Heydər Əliyevin adını daşıyan və onun özü kimi əzəmətli olan amallara xidmət edən fond vasitəsilə xeyriyyəçilik missiyasının daşıyıcısıdır.

Son iki ildə Heydər Əliyev Fondunun dövlət və millət maraqları baxımından, müstəsna çəkili layihələrin uğurla gerçəkləşdirilib cəmiyyətin etimadını qazanmasında istisnasız olaraq Mehriban Əliyevanın yüksək işgüzarlıq bacarığı və enerjisi, habelə, daxilindən gələn insanpərvərlik hisslərinin mühüm rolu olub. Bütün bu layihələrin əsasında Azərbaycanın milli genefondunun qorunub saxlanması vəzifəsi dayanır. Həcminə görə Azərbaycanda analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması, "Yeniləşən Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara ən yüksək qayğı", Talassemiyasız həyat naminə" layihələr, "Qarabağ xanəndələri" adlı diskin buraxılması, "Qarabağ həqiqətləri" kitabının ərsəyə gəlməsi Mehriban xanımın həyatımızın ən müxtəlif sahələrinə qayğı və himayəsinin, ən əsası isə bu sferelarda olan problemlərin həllinə nail olmaq istəyinin əyani təcəssümüdür.


Y. Əliyeva

Səs.- 2006.- 8 noyabr.- № 207.- S. 3.