Çap etmək   ⁞     ⁞   Fond haqqında

Xeyriyyəçilik, uşaqlara kömək, müxtəlif humanitar aksiyalar Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətləridir


AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun növbəti xeyriyyə aksiyası çərçivəsində 1 nömrəli körpələr evinə göndərdiyi yardım xalqımızın mentalitetinə, mədəniyyətinə və əsrlər boyu formalaşmış ənənəsinə xas olan ən gözəl keyfiyyətləri özündə nümayiş etdirməklə xeyriyyəçilik, insanpərvərlik və mərhəmət hissinə ehtiyacı olanları bir daha sevindirmişdir.

Valideyn himayəsindən məhrum olmuş körpələri sevindirmək, onların könlünü almaq kimi son dərəcə mühüm və müqəddəs missiyanın öhdəsindən uğurla gələn Heydər Əliyev Fondunun gətirdiyi oyuncaqlar, müxtəlif ərzaqlar bu balacalarda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə əsaslı təmir olunan 1 nömrəli körpələr evində valideyn himayəsindən məhrum olmuş uşaqların ehtiyaclarını ödəmək baxımından bu gün bütün şərait yaradılmışdır. Burada uşaqların sağlam böyüməsi, onların təlim-tərbiyəsi üçün hər cür imkan vardır. Bu da onu göstərir ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində həyata keçirilən layihələr öz bəhrəsini verməkdədir.

Heydər Əliyev Fondunun Bakı Səhiyyə Baş İdarəsinin psixo-nevroloji uşaq evinə də göndərdiyi hədiyyələr buradakı sakinlərdə əsl bayram ovqatı yaratdı. Uşaqların sevincini bölüşmək, ən çətin vaxtlarda onların yanında olmaq kimi ali missiyanı öz üzərinə götürmüş Heydər Əliyev Fondunun məqsədləri Azərbaycanın gələcəyi olan uşaqların qayğısına qalmaq, onların bütün ehtiyacını ödəməkdir.

Nəsimi rayonundakı “Koala” uşaq istirahət mərkəzində təşkil edilmiş əyləncəli tədbirdə Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin valideyn himayəsindən məhrum olan 60-dan çox sakininə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hədiyyələri təqdim edildi. Bu anda qayğısız uşaq dünyasına hakim kəsilmiş sevinc duyğularını yaşayan balaca qəhrəmanlar özlərini bəlkə də hamıdan çox xoşbəxt hiss edirdilər. Məhz onların belə xoşbəxt və qayğısız anlarını görəndə bu balacalara “kimsəsiz” deməyə adamın dili gəlmir. Mehriban xanımın diqqət və qayğısını hər zaman hiss edən bu balacalar artıq tam güvənli və təmin olunmuş həyat tərzinə sahibdirlər. Onlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş, zəruri avadanlıqla təchiz edilmiş müasir uşaq evlərində böyüyürlər.

“Elit” Əyləncə Mərkəzində təşkil olunan, Xətai rayonundakı 3 nömrəli uşaq evindən, Nəsimi rayonundakı 268 nömrəli ixtisaslaşdırılmış məktəbdən, Sabunçu rayonundakı 1 nömrəli xüsusi internat məktəbindən ümumilikdə 110 uşağın qatıldığı şənlik də balacaların böyük sevincinə səbəb oldu. Onlar bu şənliyin əsas qəhrəmanları idilər. Heydər Əliyev Fondunun təqdim etdiyi hədiyyələr, şən klounların məzəli oyunları əyləncəli gecəni daha da rövnəqləndirdi. Uşaqlar oynadılar, dedilər-güldülər, əyləndilər. Bu bayram ovqatlı gecə onların həyatında heç vaxt unudulmayacaq xoş bir xatirəyə çevrildi.

İndi uşaq evlərinin sakinləri gələcəyə ümidlə baxırlar. Respublikamızın sürətli sosial-iqtisadi inkişafı uşaq evlərində əsl ailə mühiti yaratmağa, sağlam və hərtərəfli inkişafa şərait yaradır. Bu, həm də onların əsl vətənpərvər kimi formalaşmasına yönəlmiş mühüm aksiyadır.

Bunlardan əlavə, Əzizbəyov rayonunun Buzovna qəsəbəsindəki 13 nömrəli internat məktəbinə də hədiyyələr göndərilmişdir. Müxtəlif yataq dəstləri, isti yorğan-döşək, soyuducu, qızdırıcılar və digər məişət texnikası qayğıya ehtiyacı olan uşaqların istifadəsinə verildi. Burada uşaqlar üçün süfrə də açıldı.

Saray qəsəbəsindəki əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli internat evinə də Heydər Əliyev Fondunun hədiyyələri göndərilmişdir. Fondun sovqatı buranın balaca sakinlərinin sevincinə səbəb olmuşdur. Məktəbə hədiyyə olunan müxtəlif məişət texnikası uşaqların ehtiyaclarını ödəmək baxımından çox əhəmiyyətlidir. Burada da uşaqlar üçün sürfə açıldı.

Şüvəlanda uşaqlar üçün yaradılmış yay düşərgəsində avqustun 26-da təşkil olunmuş konsert proqramı onların istirahətlərinin mənalı keçməsi üçün mühüm tədbirlərdən biri oldu. Nizami rayonundakı 1 nömrəli uşaq evindən, Əzizbəyov rayonundakı 2 nömrəli xüsusi internat məktəbindən, 1 nömrəli yardımçı internat məktəbindən, poliomelit və beyin iflici olan uşaqlar üçün 16 nömrəli internat məktəbindən, Sabunçu rayonundakı əqli cəhətdən qüsurlu uşaqlar üçün 11 nömrəli internat məktəbindən ümumilikdə 300 uşağın qatıldığı mərasim miqyasına görə ən böyük tədbir idi. Respublikamızın tanınmış incəsənət ustalarının maraqlı konsert proqramını klounlar şən oyunları ilə daha da yaddaqalan etdilər. Uşaq evlərinin rəqs kollektivlərinin nümayiş etdirdiyi musiqi nömrələri də maraqla qarşılandı. Burada uşaqlara Heydər Əliyev Fondunun xüsusi hədiyyələri və hər uşaq evinə isə televizor və DVD-player dəstləri təqdim edildi.

Bölgələrdəki uşaq evləri də diqqətdən kənarda qalmamışdır. Lənkəran şəhərindəki əqli cəhətdən qüsurlu uşaqlar üçün internat məktəbinə, Gəncə və Şəki şəhər uşaq evlərinə, qarışıqtipli uşaq evinə, Mingəçevir uşaq nevroloji sanatoriyasına göndərilən hədiyyələr də sahiblərinə çatdırılmışdır.

Respublikamızın ictimai-mədəni həyatında fəal iştirak edən Heydər Əliyev Fondu aztəminatlı, kimsəsiz insanları, ahıl vətəndaşlarımızı da unutmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Buzovnadakı 9 nömrəli internat evinə göndərilən sovqat burada müalicə olunan insanların problemlərinə dəstək xarakteri daşıyırdı. Heydər Əliyev Fondunun göndərdiyi əlil arabaları, müxtəlif məişət texnikası burada yaşayanların ehtiyaclarını ödəmək baxımından nə qədər zəruri idisə, onlara göstərilən diqqət və qayğı sarıdan bir o qədər vacib idi.

Heydər Əliyev Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatına göndərdiyi hədiyyələr də bu ünvanda yaşayan sakinlərin qəlbində dərin sevinc hissləri oyatdı. Ən çox sevinənlər isə əlil arabalarına ehtiyacı olanlar idi. Pansionata müxtəlif məişət texnikası da hədiyyə edildi.

Bir sözlə, Heydər Əliyev Fondu və onun prezidenti heç kimi unutmur. Xalqımızın ümummilli liderinin adını daşıyan Fondun qapıları hər zaman köməyə və qayğıya ehtiyacı olanların üzünə açıqdır. Mərhəmət və insanpərvərlik amallarına xidmət edən Fondun məqsədləri məhz bu müqəddəs məram üzərində köklənmişdir.

Avqustun 25-də və 26-da Əzizbəyov rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Heydər Əliyev Fondunun fəaliyyəti bir daha təqdir olundu. Zirə, Türkan, Binə və Şüvəlan qəsəbələri ağsaqqalarının və ağbirçəklərinin də qatıldığı mərasim onlar üçün yaddaqalan hadisəyə çevrildi.


Xalq qəzeti.- 2007.- 28 avqust.- № 191.- S. 2.