Çap etmək   ⁞     ⁞   Millət vəkili

Siz indiyə qədər gördüyünüz işlərlə artıq millət vəkili adını qazanmısınız

Bu sözlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Bakının Əzizbəyov rayonunun təhsil, səhiyyə işçiləri və sahibkarlarla görüşlərində dönə-dönə səslənmişdir


İndi biz elə bir dünyada yaşayırıq ki, ətrafda diqqət yetirilməsi və düzgün dərk olunması tələb edilən problem və məsələlər lap çoxdur. Biz bugünkü gündən danışdıqda "qloballaşma", "inteqrasiya", "elmi-texniki tərəqqi", "yüksək texnologiyalar" kimi sözləri daha tez-tez eşidirik və siz mənimlə razılaşarsınız ki, bu sözlər həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlardan daha tez-tez səslənir. Biz bu ümumbəşəri və əbədi dəyərləri ikinci sıraya keçirmirikmi? Xeyriyyəçilik missiyası bu gün həmişəkindən daha vacibdir. Vaxt vardı, Azərbaycanda xeyriyyəçilik ümummilli ideya, ümummilli miqyaslı iş idi. Bu gün mən iftixarla deyə bilərəm ki, biz bu ənənəni dirçəltmişik.

Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, 14 saylı Əzizbəyov 2-ci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Mehriban xanım Əliyeva seçicilərlə görüşlərini davam etdirir. Mərdəkan, Şüvəlan, Zirə, Türkan, Binə qəsəbələrində sakinlərlə görüşlərdən sonra Mehriban xanım, rayonun təhsil, səhiyyə işçiləri, sahibkarları ilə də ayrı-ayrılıqda işgüzar, yaddaqalan görüşlər keçirdi.

Mehriban xanım rayonun təhsil işçiləri ilə görüşdən əvvəl Türkan qəsəbəsində yerləşən Təhsil Nazirliyinin Elmar Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbində aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu.

Bildirildi ki, 1978-ci ildə tikilmiş bu məktəb binası indiyədək təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. İndi təmir və yenidənqurma işləri tam başa çatmışdır. Məktəbin üçmərtəbəli yataqxana və tədris korpusu, yeməkxanası, yardımçı binaların dam örtüyü, bütün kommunikasiya xətləri təzələnmiş, ilk dəfə olaraq istilik sistemi quraşdırılmışdır. İdman salonu və meydançaları, əyləncə mərkəzi, istirahət guşələri də tamamilə yenidən qurulmuş, həyətə asfalt örtük döşənmiş, tibbi yardım kabinələri müasir avadanlıqla dəstləşdirilmişdir. Hazırda məktəbdə 9-16 yaşlarında 143 uşaq təlim-tərbiyə alır, 80 müəllim və tərbiyəçi, xidmətçi çalışır. Məktəb 9 illik təhsil verir. Buranı qurtaranlar orta təhsil verən digər məktəblərə köçürülürlər. Məktəbdə əmək təlimi dərslərinə xüsusi diqqət yetirilir, uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan yaradılır. Məktəbin fizika müəllimi, veteran pedaqoq Mərhəmət Əliyeva kollektivin yekdil fikrini ifadə edərək dedi ki, bu şəhərcik, əslində, yeni tikilmiş böyük təhsil kompleksidir, Burada hər şey təzədir. Sakinlər, valideynlər, müəllim və uşaqlar yaxşı bilir ki, bütün bunlar Mehriban xanımın şəxsi təşəbbüsü, qayğısı ilə başa gəlmişdir. Hamımız Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsil analıq qayğısı göstərməsini yüksək qiymətləndiririk. Bu qayğı və diqqətdən minlərlə ailə sevinc, təsəlli duyur. Biz bilirik ki, Siz bu günədək bir çox uşaq evi və internat məktəblərində olmuşsunuz, onların əksəriyyəti tam təzələnmiş, yenidən tikilmişdir, minlərlə uşağın yaşayışı və təhsili üçün şərait yaxşılaşdırılmışdır. Ən əsası odur ki, taleyin acı hökmü ilə fiziki cəhətdən qüsurlu doğulmuş, atılmış, valideyn himayəsindən mərhum olmuş uşaqlar hiss etmişlər ki, unudulmayıblar, onlarla maraqlanırlar, onlar cəmiyyətimizə gərəkdirlər. Bu isə onları isti yaşayış yeri ilə təmin etməkdən və onlara təhsil verməkdən heç də az vacib deyildir.

Mehriban xanım məktəblilərin əl işlərinə tamaşa etdi, məktəbin şagirdlərindən ibarət xor kollektivinin ifasından razı qalan Mehriban Əliyeva nitqi qüsurlu uşaqların belə səlis ifasını yüksək qiymətləndirdi. Məktəbin kitabxana fondu ilə maraqlanan Mehriban xanım təzə əlifba ilə nəşr edilən kitabların azlığından narazılığını bildirdi, dərs prosesinin gedişi ilə, şagirdlərin bilik səviyyəsi, müalicəsi, loqoped kabinələri, reabilitasiya otaqları, yemək normaları, ərzaq ehtiyatı, yataq dəstlərinin, inventar və avadanlığın keyfiyyəti ilə ətraflı maraqlandı.

Sonra məktəbin təzə iclas zalında rayonun təhsil işçiləri ilə görüş keçirildi. Mehriban xanım görüşdə Heydər Əliyev Fondunun fəaliyyətə başladığı ilk gündən təhsil problemlərinin həllini özünün birinci dərəcəli vəzifəsi kimi qəbul etdiklərini, hər bir xalqın, dövlətin gələcəyinin təhsildən asılı olduğunu bildirdi, Fondun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramları çərçivəsində respublikamızda, o cümlədən Əzizbəyov rayonunda görülmüş işlər, həyata keçirilən tədbirlər barədə məlumat verərək bugünkü görüşün məqsədini açıqladı, bildirdi ki, rayonun təhsil müəssisələrinin nümayəndələrindən hər bir qəsəbə, kənd məktəbinin mövcud problemlərini, çatışmazlıqlarını, onların aradan qaldırılması barədə təkliflərini eşitmək istəyir.

Son illər yeni təhsil obyektlərinin inşasının geniş vüsət aldığını, son bir ildə ölkəmizdə müasir tələblərə cavab verən 100 orta məktəbin tikilib istifadəyə verilməsini, ilin sonunadək daha 30 məktəbin inşasının başa çatacağını Azərbaycan tarixində görünməmiş hadisə hesab edən müəllimlər, bunun birbaşa Mehriban xanımın təşəbbüs və təşkilatçılığı ilə reallaşdığını vurğuladılar, bu geniş miqyaslı Proqramdan Əzizbəyov rayonuna da pay düşdüyünü razılıq hissi ilə qeyd etdilər, rayonun çoxminlik təhsil işçilərinin Mehriban xanımın deputatlığa namizədliyini ürəkdən bəyənib dəstəklədiklərini, noyabrın 6-da böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə gedib öz hamilərinin xeyrinə səs verəcəklərini bildirdilər. Görüşlərdə qaldırılan problemlər də çox oldu:

- Hövsan südçülük sovxozunda 1220 şagirdin təhsil aldığı məktəb 9 illik təhsil verir, bundan sonra şagirdlər təhsilini davam etdirmək üçün bir neçə kilometr aralıdakı qəsəbə və kəndlərə üz tuturlar. Digər qeyri - normal vəziyyət: 2 min sakini olan bu kəndin indiyədək adı da yoxdur, bu inzibati vahid Əzizbəyov rayonuna daxil olsa da, torpağın sahibi Abşeron rayonudur.

-Uşaq evləri, internat məktəblərində bir dərs yükü əvvəl 24, sonra 18, indi isə 12 saat olub. Tərbiyəçi müəllimlər üçün isə bu norma həftədə 30 saatdır. Qeyri - normal hal budur ki, müəllimin 12 saatlıq əziyyəti ilə tərbiyəçi müəllimin 30 saatlıq əməyinin dəyəri eyni qiymətlə hesablanır. Sovet dönəmindən qalan, yüzlərlə tərbiyəçi müəllimin hüquqlarını pozan bu vəziyyət aradan qaldırılmalıdır.

- Hər rayonun təhsil şöbəsində minlərlə müəllim çalışır, çoxlu qanunlar, qərarlar qəbul olunur, təhsil işçilərindən, elə məktəbli şagirdlərdən də hüquqları pozulanlar olur. Kiçik kollektivlərdə belə hüquqşünas ştatı olduğu halda, minlərlə vətəndaşı birləşdirən təhsil şöbələrində hüquqşünas vəzifəsi yoxdur.

- Uzun illərdir ki, ölkənin Təhsil Qanununun qəbul edilməsi müşkül məsələyə çevrilib, bu fakt bütün cəmiyyəti narahat edir, buna zərurət çoxdan yaranıb.

- Məktəblərin əksəriyyətinin nəqliyyat vasitəsi yoxdur, yaxud çoxdan istismar müddətini başa vurub.

- Uşaq-evləri, internat məktəblərində yaşayan uşaqlar üçün gündəlik yemək norması aşağıdır. Sovet vaxtından qəbul edilmiş bir çox normativ sənədlər hələ də öz qüvvəsindədir.

- Binə qəsəbəsindəki 5 məktəbin heç birinin istilik sistemi yoxdur, məktəblər illərdən bəri təmir üzü görməyib, əhalinin sayı ilbəil artsa da, təzə məktəb tikintisi heç kimin yadına düşməyib, sıxlıq, darısqallıqdır, 3-4 şagird yanaşı qoyulan 2 partada oturur.

Mehriban xanım çıxışlarda ünvanına deyilən xoş sözlərə, ona inanıb etibar etdiklərinə görə təşəkkür etdi, qaldırılan hər bir məsələnin diqqətlə öyrənilib ən yaxın vaxtlarda tədbirlər görüləcəyini dedi. Fondun əməkdaşlarının rayonun təhsil müəssisələrinin problemləri ilə bağlı monitorinq aparıb müvafiq proqram hazırladıqlarını, bu görüşdə deyilənlərin də sənədə əlavə ediləcəyini bildirdi. Yaxın 2-3 ildə məktəblərin bütün maddi-texniki bazasının yeniləşəcəyini, bu problemlərin həlli ilə yanaşı müasir tələblərə cavab verən dərslik, proqram, kompüterləşmə proqramlarının da qəbul edilib həyata keçiriləcəyini diqqətə çatdırdı, belə görüşlərin bundan sonra da davam edəcəyini vəd etdi.

Mehriban xanım görüş iştirakçılarından salamlarını, ən xoş arzularını, xüsusilə müqəddəs Ramazan ayında Allahdan dualarını təmsil etdikləri kollektivlərin üzvlərinə çatdırmağı xahiş etdi. Sonra rayonun təhsil işçiləri ilə birlikdə xatirə şəkli çəkdirdi.

Şüvəlan qəsəbəsindəki beyin iflici və poliomelit keçirmiş uşaqlar üçün 16 saylı internat məktəbdə rayonun səhiyyə işçiləri ilə keçirilən görüş də bu təhsil-səhiyyə ocağı ilə tanışlıqdan başladı. Məktəbin şagirdləri Mehriban xanımı gül-çiçəklə qarşıladılar. Direktor Allahverdi Vəliyev 205 uşağın müalicə və təhsil aldığı, 98 nəfər müəllim, tərbiyəçi, tibb işçisinin çalışdığı bu müəssisədə uşaqların rahatlığı üçün hər cür şərait yaradıldığını bildirdi, istilik, su, kanalizasiya, işıq, rabitə sisteminin təzələndiyini, yeməkxana, idman zalı, kitabxana, müalicə və müayinə kabinələrinin müasir tibbi avadanlıqla komplektləşdirildiyini diqqətə çatdırdı. Məktəbin şagirdlərinin İrlandiya, Yaponiyada keçirilən yarışlardan qızıl medallarla qayıtdıqlarını, Bakı Şəhər Təhsil İdarəsinin turnirlərində birinci yeri tutduğunu dedi, əldə edilən uğurların xeyirxah insanların bu müəssisəyə daimi diqqət və qayğısının nəticəsi olduğunu minnətdarlıqla vurğuladı. Mehriban xanım ötən gəlişlərindən sonra burada baş vermiş əsaslı dəyişikliklərdən razı qaldığını bildirdi. Məktəblə tanışlıq görüş iştirakçılarında da xoş ovqat yaratdı.

Mehriban xanım rayonun səhiyyə işçiləri qarşısında çıxış etdi. Özünün də ixtisasca həkim olduğunu bildirən Mehriban xanım öz həmkarları ilə görüşməkdən məmnunluq duyduğunu bildirdi, son vaxtlar ölkə rəhbərliyinin səhiyyə sistemində əsaslı dəyişikliklər, yeniləşmələr aparmağa başladığını, bu məqsədlə bir çox regionlarda müasir tələblərə cavab verən diaqnostika, müalicə mərkəzlərinin inşa edildiyini, bu işin sürətlə davam etdirildiyini dedi. Rayonun artıq bir çox tibb ocaqlarında olduğunu bildirən Mehriban xanım, bütün tibb müəssisələrinin təmsilçilərinin iştirakı ilə keçirilən görüşdə onların qayğı və problemlərini, əhaliyə səhiyyə xidmətinin səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqların aradan qaldırılması üçün onların təkliflərini öyrənmək istədiyini bildirdi.

Rayonun ayrı-ayrı səhiyyə müəssisələrini təmsil edən həkimlər öz həmkarlarının - yaşadıqları dairədən Milli Məclisin deputatlığına namizəd Mehriban xanım Əliyeva ilə görüşə həvəslə gəldiklərini söyləyərək, Mehriban xanımın təşəbbüsü və birbaşa rəhbərliyi altında hazırlanıb həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" və Talassemiyasız həyat" layihələrinin böyük əhəmiyyətini, artıq bu sahədə illərlə yığılıb qalmış problemlərin bir hissəsinin həll edildiyini, ölkəmizdə ilk dəfə olaraq Talassemiya mərkəzinin inşasına başlandığını, Mehriban xanımın şəxsi yardımı ilə onlarla ağır xəstənin müalicə üçün xarici ölkələrə göndərildiyini bildirdilər, rayonun çoxminlik tibb işçiləri adından ixtisasca həkim olan Mehriban xanımı tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün müvəffəqiyyətlə dissertasiya müdafiə etməsi münasibətilə təbrik etdilər, səhiyyə işçilərinin parlament seçkilərində fəal iştirak edəcəyini və artıq öz seçimlərini etdiklərini, öz həmkarlarını Milli Məclisdə görmək istədiklərini, Mehriban xanımın millət vəkili kimi ölkəmizin səhiyyə sistemindəki problemlərin aradan qaldırılmasına səmərəli kömək göstərəcəyinə inandıqlarını vurğuladılar.

Rus Soydaşlar Beynəlxalq Şurasının idarə heyətinin sədri, "Yüzilliyin mesenatı" Beynəlxalq Fondunun idarə heyətinin üzvü qraf Pyotr Şeremetyevin "Yaqut xaç" ordenini Heydər Əliyev Fondunun prezidentinə təqdim edərkən dediyi sözlər xatırlandı:" Mehriban Əliyevanın fəaliyyəti yüksək insani özünüdərkə, alicənablığa, niyyətlərin paklığına nümunədir". Səhiyyə işçiləri bu fikri xüsusi vurğuladılar ki, Mehriban xanım indiyə qədər gördüyü işlərlə əsil millət vəkili adını qazanmışdır, elə təkcə Əzizbəyov rayonunda onun şəxsi köməyi ilə həyata keçirilən tədbirlər, İllərlə həllini gözləyən problemlərin aradan qaldırılması ona bu dairənin layiqli deputatı olacağına ədalətli zəmin-səbəb yaratmışdır.

Qaldırılan problemlər içərisində rayonda bir dənə də olsun uşaq sağlamlıq və diaqnostika mərkəzlərinin olmaması, tibb bacılarının çatışmaması, orta pillə kadrlara ciddi ehtiyacı nəzərə alaraq tibb məktəbinin açılması, tibb işçilərinin maaşlarının aşağı olması, Mərdəkan xəstəxanasında infeksion şöbənin yaradılması, əksər xəstəxanaların yararsız binalarda fəaliyyət göstərməsi, avadanlıqların köhnəlməsi, 50 min sakini olan Binə qəsəbəsində indiyədək kanalizasiya sisteminin, su təmizləyici qurğuların olmaması, bir neçə cəzaçəkmə müəssisəsinin, xüsusilə vərəmli xəstə məhbuslar üçün xüsusi təcridxananın qəsəbədəki yaşayış binalarının ortasında yerləşməsi, vərəmli uşaqlar üçün ayrıca xəstəxananın tikintisinə zəruri ehtiyac olması, Mərdəkan, Şüvəlandakı keçmiş yay uşaq istirahət düşərgələrinin fəaliyyətinin bərpa edilməsi, rayonun qəsəbə və kəndlərini birləşdirən yolların bərbad vəziyyəti, nəqliyyat, su, qaz çatışmazlığı və sair məsələlər diqqətə çatdırıldı. Çıxışlarda son vaxtlar Azərbaycan Prezidentinin apardığı kadr islahatlarının səhiyyə işçiləri tərəfindən rəğbətlə qarşılandığı da bildirildi, bu sahədə illərlə yığılıb qalmış problemlərin də sabiq nazirin fəaliyyətsizliyinin acınacaqlı bəhrəsi olduğu söyləndi, qeyd edildi ki, hələ indiyədək Bakının yaxınlığında yerləşən bu rayonun tibb müəssisələrində nəinki sabiq naziri, heç müavinlərini də görən olmayıb.

Mehriban xanım görüşdə söylənən fikirlərə münasibətini bildirərək onların həlli üçün lazımi tədbirlərin görüləcəyini dedi, təəssüflə qeyd etdi ki, maddi-texniki bazanın zəifliyi, köhnəlməsi ölkəmizin səhiyyə sisteminin müasir tələblər səviyyəsində yenidən qurulmasına imkan vermir. Lakin ölkəmizin iqtisadi potensialının güclənməsi, büdcə gəlirlərinin günbəgün artması, dövlət tərəfindən geniş sosial layihələrin işlənib hazırlanması və ardıcıl həyata keçirilməsi bu problemlərin də qısa zamanda həllinə imkan verəcəyinə inandığını bildirdi. Heydər Əliyev Fondunun da bu işdə öz köməyini əsirgəməyəcəyini vurğuladı, qaldırılan məsələlərin hamısının Fondun əməkdaşları tərəfindən qeydə alındığını, diqqətlə öyrəniləcəyini, həmişə yardım göstəriləcəyini söylədi. Mehriban xanım ünvanına deyilən xoş sözlərə görə razılığını ifadə edərək görüşün xoş əhvali-ruhiyyə ilə, faydalı, səmərəli, işgüzar dialoq, fikir mübadiləsi şəraitində keçməsindən razı qaldığını bildirdi, səhiyyə işçiləri ilə xatirə şəkli çəkdirdi.

Mehriban xanım hər dəfə olduğu kimi, yenə də onu hərarətli alqışlarla, gülərüzlə, əziz qonaq kimi qarşılayan qəsəbə sakinlərini, ona müraciət etmək istəyən, dərdini bölüşməyə gələn vətəndaşların hər birini səbirlə dinlədi, yazılı məktublarını aldı, bir çoxunu şəxsən qəbul etmək barədə fondun əməkdaşlarına tapşırıqlar verdi. Mehriban xanım ünvanına deyilən xoş sözlərə, ona göstərdikləri inam və etimada görə hamıya öz razılığını yetirdi, bundan sonra da yenidən görüşəcəklərini bildirdi.

Elə həmin gün Mehriban Əliyeva Mir Mövsüm Ağa ziyarətgahını da ziyarət etdi, buraya gələnlərlə hal-əhval tutdu, kompleksdə aparılan tikinti, əsaslı təmir-bərpa işləri ilə tanış oldu. Bu ziyarətgahda yerli ustaların qədim milli, dini ornamentlərdən istifadə etməklə gördüyü işləri yüksək qiymətləndirdi.

Qəsəbə dindarlarının iştirakı itə keçirilən görüş də silinməz xatirəyə çevrildi. Görüş iştirakçıları adından Hacı Nizam qarşıdan gələn Milli Məclisə seçkilərdə Mehriban xanıma xeyir-dua verdi, qələbə arzuladı. Mehriban xanımın dediyi: "Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətlilikdir”- sözlərini xatırladan din xadimi bunların hər birinin Allahın sevdiyi, Quranın təqdir etdiyi ən yaxşı insani keyfiyyətlər olduğunu söylədi.

Mehriban xanım uşaqlıqdan Uca Yaradana, Qurana, İslam dinimizə ürəkdən, içdən gələn hörmət və ehtiram hissləri ilə böyüdüyünü, dəfələrlə bu ziyarətgahda olduğunu, bundan sonra da gələcəyini, ağsaqqalların, dindarların ona etimadını doğrultmaq üçün mümkün olan hər şeyi edəcəyini bildirdi. Mehriban xanım ağsaqqalları, dindarları Müqəddəs Ramazan ayı münasibətilə təbrik etdi, hər bir azərbaycanlı üçün əziz olan ziyarətgahda xalqımızı bütün bəlalardan hifz etməyi Allahdan dua etdiyini bildirdi, sonra dünya şöhrətli sənətkar Kamil Əliyevin toxuduğu Mir Mövsüm Ağa xalçasını məscidə təqdim edərək dedi: "Siz bilirsiniz ki, Mir Mövsüm Ağa da İçərişəhərli olub, bu xalça da Ağanı yaxından görüb yaxşı tanıyan, ürəkdən sevən, özü də İçərişəhərdə yaşayan böyük sənətkar Kamil Əliyev tərəfindən məhz İçərişəhərdəki iş yerində toxunub, dəfələrlə bu xalçanın izi ilə gələnlərə hər dəfə: - "Onun öz yeri var..."- deyə cavab verib. Bir neçə ay əvvəl dünyadan köçən ustadın ürəyindən keçən yer elə bu məscid idi, Ağanın son mənzili idi, hər gün yüzlərlə insanın üz tutduğu bu müqəddəs məkan idi. Quran ayələri ilə işlənmiş bu bənzərsiz, əvəzsiz sənət əsərini sonsuz məmnunluqla Sizə təqdim edirəm, onu qoruyub saxlamaq Sizin borcunuzdur. Allah əmanəti."

Ziyarətgahdakı ağsaqqallar bu hədiyyədən mütəəssir oldular, Mir Mövsüm Ağanın ruhuna göstərdiyi ehtirama görə Prezident İlham Əliyevə və Mehriban xanıma razılıqlarını bildirdilər, onlara ən xoş arzularını çatdırdılar.

Binə qəsəbəsində yerləşən Mülki Aviasiya Akademiyasında Əzizbəyov rayonunun sahibkarları ilə görüş də maraqlı keçdi.

Mehriban xanım bundan əvvəl rayonun əksər kənd və qəsəbələrində olduğunu, təhsil, səhiyyə işçiləri ilə görüşdüyünü, bu tədbirə gəlməzdən qabaq Əzizbəyov rayonunun iqtisadi potensialını, başlıca problemlərini, əhalini narahat edən məsələləri diqqətlə öyrəndiyini, əldə edilən məlumatların ümumiləşdirildiyini, qəsəbələrin hər biri üçün yaxın iki ili əhatə edən kompleks tədbirlər planı tərtib ediləcəyini bildirdi. Qəsəbələrin hamısında məktəb, xəstəxana, idman kompleksi, klub və kitabxana tikiləcəyini, təmirə ehtiyacı olan obyektlərdə əsaslı yenidənqurma işləri aparılacağını, yol, nəqliyyat, su, təbii qazla təminat sahəsindəki xeyli problemlərin yaxın vaxtlarda həll ediləcəyini vurğuladı. Yeni iş yerlərinin yaradılmasını, əhalinin məşğulluğunun təmin edilməsi üçün bir sıra müəssisələrin açılacağını, yeni tikiləcək obyektlərin hamısının yeri, layihəsi ilə əlaqədar sakinlərlə məsləhətləşmələr aparılacağını, bu tikintilərdə yüzlərlə yerli vətəndaşın işləyəcəyini bildirdi.

Mehriban xanım heç bir vaxt sahibkarlıqla məşğul olmadığını, təbii ki, bu sahəyə aid təcrübə və məlumatının da azlığını diqqətə çatdıraraq onlardan rayonda iş adamlarının qayğı və problemlərini, real vəziyyəti öyrənmək istədiyini dedi.

Sahibkarlardan Əlibala Əlizadə, Azər Vəliyev, Tahir Alıyev, Ramiz Hüseynov və başqaları çıxış edərək öz rayonlarının deputatlığa namizədi ilə görüşə həvəslə gəldiklərini söylədilər, Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin açılması, sahibkarlığın, azad bazar münasibətlərinin genişlənməsi, maneələrin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışdılar, sahibkarların dövlət rəhbərinin siyasətini ürəkdən bəyəndiklərini bildirdilər. Camaatın Mehriban xanıma inandığını, mövcud problemlərin həllinə yardımçı olacağına ümid etdiklərini, indiyədək verdiyi bütün vədlərə əməl etdiyini, ona görə də noyabrın 6-da keçiriləcək seçkilərdə rayon sakinlərinin ona səs verəcəklərini diqqətə çatdırdılar. Sahibkarlar milli-mədəni dəyərlərimizin, muğam, musiqi sənətimizin qorunub saxlanması və dünyada təbliğində, olimpiya idman hərəkatının genişlənməsində də böyük xidmətləri olan Mehriban xanımın xüsusən kimsəsiz, valideyn himayəsindən məhrum, əqli və fiziki cəhətdən qüsurlu uşaqların müalicəsi, onların təhsilə cəlb olunması, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərin, respublikamızın regionlarına səfərləri zamanı uşaq evləri və internat məktəblərinin problemləri ilə tanış olub bunların həllinə kömək göstərməsinin ona cəmiyyətin bütün təbəqələri arasında hörmət və ehtiram qazandırdığını dedilər. Qadın sahibkarlar isə qeyd etdilər ki, respublikamızda fəaliyyət göstərən 100-ə yaxın qadın təşkilatı Mehriban xanımı özlərinin vahid lideri seçmiş, milli birlik, yekdillik nümunəsi göstərmişlər. Parisdə Mehriban xanıma YUNESKO-nun xoşməramlı səfiri diplomunun, "İlin qadını" fəxri mükafatını - Azərbaycan qadınının gözəllik, zəriflik və sədaqət rəmzi olan Möminə xatının adını daşıyan türbənin maketinin Mehriban xanıma təqdim olunmasının ardınca Azərbaycanın birinci xanımına "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun təsis etdiyi "Yaqut xaç" ordeninin ilk dəfə olaraq qadın xeyriyyəçiyə verilməsini tarixi hadisə adlandırdılar, bu uğurlar münasibətilə Mehriban xanımı Əzizbəyov rayonunun qadın seçiciləri adından təbrik etdilər, namizədin seçki platformasında mühüm yer tutan qadınların məşğulluğunun təmin edilməsi ilə bağlı müddəaların yüksək razılıq hissi doğurduğunu vurğuladılar. Dedilər ki, Mehriban xanımın Milli Məclisin deputatı seçilmək üçün təbliğat kampaniyası aparmağa heç bir ehtiyacı yoxdur, bir sıra müxalifət qəzetlərinin də yazdığı kimi, xalq bu seçkilərdə Mehriban xanım Əliyevanı Milli Məclisin deputatı adını ən layiqli namizəd hesab edir.

Rayonda sahibkarlığın real vəziyyəti, çətinlikləri barədə danışan iş adamları vaxtilə hər birində 2-3 min fəhlə-mühəndisin çalışdığı zavod və fabriklərin ya dayandığını, yaxud istehsal gücünün 10-15 faizi ilə işlədiyini, sifarişlərin azaldığını ürəkağrısı ilə diqqətə çatdırdılar, 80-ci illərin sonu, 90-cı illərin əvvəlində səriştəsiz, naşı adamların hakimiyyət başına gəlməsi ilə ağır sənayenin tənəzzülünün başlandığını faktlarla söylədilər, bu vəziyyətdən çıxış yolu üçün dövlət səviyyəsində proqram hazırlanmasının gərəkliyini söylədilər, rayonda indiyədək cəmi 3-4 sahibkarın kredit ala bildiyini, rayonda min sahibkardan yalnız 32-nin sənaye sahəsində fəaliyyət göstərdiyini, qalanlarının isə kiçik bizneslə, ticarətlə məşğul olduğunu dedilər, gömrük, vergi qanunvericiliyindəki boşluqlar, süni maneələr barədə danışdılar, yerli, daxili bazarın qorunması üçün tədbirlər görülməsinin, şəhər ətrafı qəsəbələrin əhalisinin məşğulluğunun təmin edilməsinin zəruriliyini vurğuladılar, regionlarda keçirilən biznes-forumun Bakı ətrafı rayonlarda da təşkilinin əhəmiyyətli olacağını dedilər, konkret faktlarla rayonda sahibkarlığın inkişafına kömək edə bilən potensial imkanların mövcudluğunu əsaslandırdılar.

Mehriban xanım Əliyeva söylənən fikirlərə öz münasibətini bildirdi, bəzi problemlərin qısa vaxtında həllinə şərait olsa da, digər məsələlərin köklü həlli üçün yeni qanunların qəbul edilməsinə ehtiyac olduğunu bildirdi. Deputat seçiləcəyi təqdirdə bu problemlərin həllinə yardımçı olacağını dedi, qaldırılan məsələlərin Fondun əməkdaşları tərəfindən diqqətlə öyrənilib əlaqədar təşkilatlara çatdırılacağını vəd etdi, sahibkarlara, iş adamlarına yerli sosial problemlərin həllinə daha yaxından kömək etməyi, xeyriyyəçilik fəaliyyəti göstərməyi, imkansız ailələrə yardım əli uzatmağı tövsiyə etdi.

Sonda görüş iştirakçıları bir daha noyabrın 6-da keçiriləcək siyasi kampaniyada fəal iştirak edəcəklərini, öz seçimlərində yekdil olduqlarını, xalqımızın ən layiqli yetirmələrdən biri hesab etdikləri, nəcib ziyalı ailəsində doğulub böyümüş, kamil tərbiyə görmüş, Azərbaycan qadınına məxsus ən nəcib, ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən və ölkəmizi bütün dünyada ləyaqətlə tanıdan Mehriban xanıma səs verəcəklərini bildirdilər.


Hacı Nərimanoğlu

İki sahil.- 2005.- 1 noyabr.- № 211.- S. 3.