UNESCO ilə əməkdaşlıq, keçirilən tədbirlər, əldə edilən nəticələr...
Azərbaycan dövlətinin mədəniyyət, elm və təhsil siyasəti inkişafa, tərəqqiyə doğru istiqamət götürüb. Məlum olduğu kimi, Azərbaycan bir sıra sahələr kimi bu yöndə də beynəlxalq əlaqələr qurur.
Burada UNESCO ilə əlaqələrə xüsusi diqqət yetirməliyik. Ölkəmizlə UNESCO arasında ikitərəfli əməkdaşlıq nəticəsində Azərbaycan xalqının qədim milli-mənəvi dəyərləri, xalçaçılıq, aşıq və muğam sənəti, tarixi abidələrimiz bu qurumda qeydiyyata alınıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyilə Azərbaycan-UNESCO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlib. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, Mehriban Əliyeva ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə M.Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb.
Qeyd edək ki, 2004-cü ilin sentyabrında M.Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Keçən illər ərzində UNESCO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi yüksək səviyyədə qeyd edilib. Tədqiqatçılar yazır ki, son illər Azərbaycanın aşıq sənəti və Novruz bayramının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir. Mədəniyyətşünaslar vurğulayır ki, UNESCO hər bir xalqın mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Bu mühüm vasitə ilə Azərbaycan mədəniyyətinin təbliği üçün xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan Milli Məclisinin üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti son dərəcə təqdirəlayiqdir. Söz yox ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya birliyində də yüksək qiymətləndirilir. Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin reytinqinin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan artıq mühüm beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib.
Onu vurğulayaq ki, Bakıda ölkəmizin sədrliyi ilə keçirilən UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası 8-ci sessiyası da yaddaqalan hadisələrdəndir. Bu toplantıda 116 ölkədən 780 nümayəndə iştirak edirdi. Tədbirdə Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsullarının təqdim edilməsi ölkəmizin mədəni irsini dünya birliyinə daha yaxından tanıdır. Azərbaycanın belə bir əhəmiyyətli tədbirə ev sahibliyi etməsi xalqımızın zəngin mədəni irsinin qorunması, eyni zamanda, respublikamızın mədəni və turizm imkanlarının təşviq olunması, habelə ölkəmizə marağın daha da artması baxımından böyük əhəmiyyət kəsb edir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirib. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən UNESCO ilə əməkdaşlığımızın kifayət qədər uğurlu nəticələri var.
Məlum olduğu kimi, UNESCO BMT-nin ixtisaslaşmış təşkilatıdır və bu qurum dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsində əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. UNESCO-nun fəaliyyəti daha ali məqsədə-təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlib. Təşkilatın Nizamnaməsinin 1-ci maddəsində deyilir: "Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur". Hazırda 193 dövlət UNESCO-nun üzvüdür və BMT-nin, həmçinin onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Bununla yanaşı, aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESCO və s.) da müqavilə əlaqələrinə malikdir. UNESCO 600-dən çox qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatı ilə fəal əməkdaşlıq edir. Azərbaycan UNESCO ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə çıxaraq, ümumdünya mədəniyyətinin önəmli tərkib hissəsi olub. UNESCO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığına əlverişli şərait yaranıb. Bunun nəticəsidir ki, müstəqillik yoluna qədəm qoyan ölkəmiz təhsil, elm və mədəniyyət sahələrində müxtəlif ölkələrlə UNESCO vasitəsilə və birbaşa onun özü ilə geniş təcrübə mübadiləsi apara bilib. Qeyd edək ki, ölkəmiz UNESCO ilə əməkdaşlığı daha da möhkəmləndirmək üçün bu qurumun "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında", "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında", "Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında", "Asiya və Sakit okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında", "Müəlliflik hüququ haqqında", "Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında", "Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında", "Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanan, yaxud qanunsuz çıxarılan mədəni dəyərlər haqqında", "Qeyri-maddi mədəni irsin qorunması haqqında", "İdmanda dopinqə qarşı mübarizə haqqında", "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" konvensiyalarına qoşulub.
Mehriban xanım Əliyevanın mədəniyyət, təhsil və idman sahəsində geniş fəaliyyəti beynəlxalq aləmin diqqət mərkəzindədir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya 2010-cu ilin 30 iyul tarixində UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən "Motsart" medalı təqdim olunub.
Azərbaycan-UNESCO əlaqələrinin getdikcə möhkəmlənməsi, maddi və qeyri-maddi mədəni irsin qorunmasına mühüm töhfə bəxş edib. Bu proses hazırda da yüksək səviyyədə davam etdirilir. UNESCO-nun baş direktoru İrina Bokova da bunu qurumun tədbirlərində dəfələrlə vurğulayaraq deyib ki, son illər dinamik inkişaf edən Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasını prioritet istiqamətlərdən biri elan edib. Azərbaycanın UNESCO-nun bütün orqanları və bölmələri ilə sıx əməkdaşlığından məmnunluğunu bildirən İ.Bokova rəsmi Bakının mədəni irs nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirib, ölkəmizin təşkilatın bir çox konvensiyasına qoşulduğunu vurğulayıb. O, Azərbaycanın mədəni irsinin təbliğ olunmasında, inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun bir sıra tədbirləri Bakıda keçirilib. Bu da ölkəmizin mədəniyyət və incəsənətinin dünya ictimaiyyətinin nümayəndələri tərəfindən daha yaxşı tanınmasında böyük rol oynayıb. Belə tədbirlərdən biri də UNESCO-nun və İSESCO-nun dəstəyi ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum olub. Bu forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESCO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak ediblər. Forumun yekununda Bakı Bəyannaməsi və birinci xanımların bəyanatı qəbul olunub. Bir il sonra Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Muğam Festivalı təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Bakıda rəsmi səfərdə olan UNESCO-nun baş direktoru cənab Koişiro Matsura və dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər. Festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və müxtəlif konsertlər təşkil edilib.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanla UNESCO arasında əməkdaşlığın 20 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirərək deyib: "Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir. Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz eyni zamanda elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azərspace"nin kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir. Mədəni irsimizin qorunması Azərbaycan hökuməti üçün prioritet istiqamətdir. Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, tar ifası, Novruz bayramı UNESCO-nun Qeyri-maddi irs siyahısına daxil edilib. Eyni zamanda Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb. Əziz dostlar, UNESCO qeyd etdiyim sahələrdə bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Ötən 20 ildə biz çox sayda birgə tədbirlər təşkil etmişik, UNESCO-nun fəaliyyətinin bütün sahələrini əhatə edən layihələr həyata keçirmişik. Burada, UNESCO qərargahında biz Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileylərini qeyd etmişik və bu fürsətə görə UNESCO-ya minnətdarıq. Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir.
Bu gün beynəlxalq ictimaiyyət bizim ölkəmizi yüksək dini və etnik dözümlülük məkanı kimi, dialoqun mərkəzi kimi tanıyır. Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşayıblar. Əziz dostlar, bu gün biz UNESCO ilə Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair çərçivə sazişi imzaladıq, bu da əlaqələrimizin gələcəkdə inkişafında mühüm rol oynayacaq. Mən inanıram ki, bu saziş həmçinin beynəlxalq səviyyədə başlanmış prioritet proqramlara və təşəbbüslərə dəstək verməklə UNESCO-nun ideallarının və prinsiplərinin dünyada təbliğinə töhfə verəcək".
UNESCO ilə Azərbaycan arasında əlaqələr inkişaf edir və ortaya dəyərli nailiyyətlər çıxır. Hesab edirik ki, bu əməkdaşlıq daha da səmərəli şəkildə davam edəcək.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
İradə Sarıyeva
Bakı Xəbər.- 2015.- 21-23 noyabr.- № 209.- S. 15.