YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın AzTV-yə müsahibəsi
YUNESKO-nun baş direktoru Koişiro Matsuura avqustun 25-də AzTV-yə müsahibə vermişdir.
- Cənab baş direktor, ölkəmizə səfərə gəlməzdən əvvəl Azərbaycan haqqında hansı təsəvvürlərə malik idiniz? Səfər çərçivəsində Azərbaycanla tanışlıqdan sonra təəssüratınız necədir? Əvvəlki və indiki təsəvvürləriniz üst-üstə düşürmü? Yoxsa fərqli məqamlar da oldu?
- Mənim Azərbaycana ilk səfərim beş il öncə baş tutmuşdu. İndiki səfərim zamanı bir çox dəyişikliklərin şahidi oldum. Xüsusən də demək istəyirəm ki, Azərbaycanın iqtisadiyyatı bu gün rəvan qaydada inkişaf etməkdədir, 5-6 il ərzində Azərbaycan hökuməti, xüsusilə neft sənayesinin inkişafından böyük gəlirlər əldə etmişdir. Hökumət bu gəlirləri məhz inkişafa sərf edir.
-Azərbaycan sizin rəhbərlik etdiyiniz YUNESKO çərçivəsində həyata keçirilən tədbirlərdə necə iştirak edir? - Azərbaycan YUNESKO-nun çərçivəsində keçirilən tədbirlərdə get-gedə daha fəal iştirak edir. Xüsusilə də mən vurğulamaq istəyirəm ki, ölkənin birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra böyük fəaliyyətə başlamışdır. Qısa müddət ərzində o, şifahi və musiqi ənənələrinin təbliği və qorunması sahəsində böyük xidmətlər göstərmişdir.
Bundan əlavə, Azərbaycan hökumətinin rəsmiləri də YUNESKO səviyyəsində keçirilən tədbirlərə çox fəal qoşulurlar. Xüsusilə hazırda Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində aparılan əməkdaşlıqdan çox məmnunam.
- Cənab baş direktor, məlumdur ki, YUNESKO-nun xoşməramlı səfiri adına dünyada çox az sayda adam layiq görülmüşdür. Onlardan biri də öz nəcib və xeyirxah əməlləri ilə ölkəmizdə böyük rəğbət qazanan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanımın YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva on il bundan öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və həmin Fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahədəki fəaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. Bu hadisə bir il bundan əvvəl baş verdi. O, bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görmüşdür. Biz onun xüsusilə şifahi və musiqi ənənələrinin qorunması sahəsindəki fəaliyyətini qeyd edirik. Bu da ki, YUNESKO-da qəbul olunmuş tədbirlə desək, qeyri-maddi mədəni irsin qorunması deməkdir.
Mehriban xanım Əliyeva Azərbaycan təhsili sahəsində də böyük xidmətlər göstərmişdir. İndi o, nəinki Azərbaycanda, həm də regional miqyasda, hətta deyərdim ki, qlobal miqyasda fəaliyyət göstərir.
YUNESKO-nun iki konvensiyası var. Biri maddi mədəni irslə bağlıdır. İki il öncə, 2003-cü ildə qəbul edilmiş Konvensiya isə qeyri-maddi mədəni irsin qorunması ilə bağlıdır və onun təqdimat mərasimi Rusiya Federasiyasının Kazan şəhərində keçirilmişdir. Yaxşı yadımdadır, o vaxt biz regional bir toplantı keçirdik. Azərbaycanın birinci xanımı da həmin toplantıda iştirak etdi və mənim bir daha imkanım oldu ki, onunla şəxsən görüşüm və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edək. Bir sözlə, yenə demək istəyirəm ki, Mehriban xanım qeyri-maddi mədəni irsin təbliği və qorunmasında çox fəal iştirak edir. Həm regional səviyyədə, həm də qlobal səviyyədə onun xidmətləri çox əhəmiyyətlidir. Mən bunu görməkdən çox şadam.
- Cənab baş direktor, siz bu gün Qobustanda olmusunuz və Mehriban xanım Əliyeva bu qədim tarixi abidənin dünya mədəni irs siyahısına salınması barədə təkliflə çıxış edibdir. Bu məsələyə münasibətiniz necədir? Yəni gözləmək olarmı ki, yaxın vaxtlarda bu abidə, yəni Qobustan həmin siyahıya salınacaq?
- Bəli, mən bu gün Qobustana səfər etdim. Qobustana səfərim mənə xoş, unudulmaz təəssürat bağışladı. Daşlarda, qayalarda olan təsvirləri görməkdən çox məmnun oldum və bunu özüm üçün çox maraqlı səfər hesab edirəm. Mən o tarixi abidənin çox mühüm cəhətlərini gördüm. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təklif etmişdir ki, Qobustan qoruğu da dünya mədəni irsi siyahısına daxil edilsin. Bu məsələ baxılmaqdadır.
Mən sizə məlumat vermək istərdim ki, Azərbaycan tərəfindən qaldırılmış bu təşəbbüs əsasında Qobustanın namizədliyi artıq gündəlikdə durur. Lakin bu məsələ ilə bağlı biz sonra Mehriban xanımla, habelə mədəniyyət naziri ilə hərtərəfli müzakirələr apardıqdan sonra belə bir qərara gəlmişik ki, YUNESKO-nun iki əsas tələbi var və onlar yerinə yetirilməlidir ki, Qobustan həmin siyahıya daxil edilsin. Birincisi ondan ibarətdir ki, tarixi abidə olaraq Qobustana aid bütün sənədlər lazımi formada hazırlanmalıdır. İkincisi, Qobustanla bağlı hərtərəfli idarəçilik planı hazırlanmalıdır. Bu iki tələb yerinə yetirilərsə, Qobustanın adı həmin siyahıya daxil ediləcəkdir. YUNESKO çərçivəsində Ümumdünya İrs Komitəsi var və o, hər il öz iclaslarını keçirir. Sonuncu iclas Cənubi Afrikada - Durban şəhərində olub, növbəti toplantı isə 2006-cı ilin yayında Litvada keçiriləcəkdir. Mən çox ümidvaram ki, bu toplantı zamanı Azərbaycanın mühüm abidəsi sayılan Qobustan da irs siyahısına daxil ediləcəkdir.
Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, biz YUNESKO-nun missiyasını Azərbaycana göndərəcəyik. Yəni ekspertlər öz azərbaycanlı həmkarlarına Qobustana aid sənədlərin tərtibatında texniki yardım göstərsinlər ki, biz istədiyimizə nail ola bilək. Mən tam əminliyimi bildirmək istəyirəm ki, dediyim iki tələb yerinə yetirildikdən sonra komitənin iclasında qərar qəbul ediləcək ki, Qobustanın adı dünya mədəni irs siyahısına daxil edilsin.
- Artıq bütün dünyaya məlumdur ki, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub və həmin ərazidəki xeyli sayda qədim tarixi abidələr ermənilər tərəfindən dağıdılmışdır. YUNESKO-nun bu məsələyə ciddi reaksiyasını gözləmək olarmı və siz bu sahədə Azərbaycana hansı yardımları edə biləcəksiniz?
- Ən təcili məsələ ondan ibarətdir ki, münaqişə tezliklə dinc yolla öz həllini tapsın. Mən hesab edirəm ki, bu münaqişənin aradan qaldırılması BMT tərəfindən qəbul olunmuş dörd qətnamə əsasında baş verməlidir. YUNESKO-nun əsas məramı ondan ibarətdir ki, dünyanın istənilən yerində hər hansı mədəni abidə qorunsun. Mən bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün çox ağır və çətin vəziyyətdə yaşamasından məyusluğumu bildirirəm. Bu günlərdə də onların əzab-əziyyətləri davam edir. Ümid edirəm ki, bu məsələ BMT-nin qətnamələri əsasında öz həllini tapacaq və bundan sonra, şübhəsiz ki, YÜNESKO həmin abidələrin qorunması ilə bağlı daha qəti və daha konkret formada hansısa tədbir görə bilər.
YUNESKO dünyanın istənilən ölkəsində tarix və mədəniyyət abidələrinin dağıdılmasının əleyhinədir və bu, qəbuledilməzdir. Çünki YUNESKO çərçivəsində bir sıra konvensiyalar qəbul olunubdur. Mən maddi-mədəni irsin qorunması ilə bağlı 1972-ci ildə qəbul edilmiş Konvensiyanı xatırlatmaq istəyirəm. Həmin Konvensiyanı eyni zamanda Qobustana, İçərişəhərə də aid etmək olar və bildiyiniz kimi, İçərişəhər artıq dünya mədəni irs siyahısındadır. Digər konvensiyalar da var, məsələləri, haqqında qəbul olunmuş 1954-cü il Konvensiyası. Yəni hüquqi mexanizmlər var, lakin dediyimiz abidələrin qorunması sahəsində YUNESKO-nun səmərəli fəaliyyəti, iş görməsi üçün ilk şərt odur ki, münaqişə dinc yolla, sülh yolu ilə öz həllini tapsın.
- Cənab baş direktor, Azərbaycana səfərinizdən razı qaldınızmı? Bu səfər Azərbaycan-YUNESKO əməkdaşlığının perspektivinə nə verə biləcək?
- Mən Azərbaycana ikinci səfərimdən çox razıyam. Eyni zamanda, ilk səfərimdən də çox məmnun qalmışdım. Azərbaycana ilk səfərim 2000-ci ilin aprel ayında baş tutdu, çox maraqlı keçdi, Lakin indiki səfərim daha səmərəli və daha faydalıdır. Əgər biz YUNESKO və Azərbaycan arasında əməkdaşlığın perspektivləri haqqında danışsaq, mən onu deyə bilərəm ki, biz Azərbaycanın təhsil sistemində islahatların aparılmasında ölkənizə yardım göstərməyi planlaşdırırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev məni qəbul edəndə onun təhsil məsələsinə birinci dərəcəli əhəmiyyət verdiyini eşitməkdən çox şad oldum. Cənab Prezident mənə məlumat verdi ki, ölkənin büdcə vəsaitinin 20 faizdən çoxu məhz Azərbaycanda təhsil problemlərinə, təhsil məsələlərinə sərf olunur. Bu da çox təqdirəlayiq hadisədir. Cənab Prezident öz fikirlərində, öz mövqeyində çox qətidir ki, Azərbaycanın təhsil sistemində islahatlar aparılmalıdır və gənclər üçün keyfiyyətli təhsil təmin olunmalıdır, Bu baxımdan bir daha demək istəyirəm ki, BMT-nin Elm, Təhsil və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO Azərbaycana yeni bir missiya ilə gələcəkdir. Ekspertlərimiz Azərbaycana gəlib öz həmkarları ilə təhsil sahəsində birgə işləyəcəklər ki, lazımi nəticələr əldə olunsun. YUNESKO ilə Azərbaycan arasında elm və kommunikasiya texnologiyaları sahələrində də əməkdaşlıq aparıla bilər. Lakin mənim səfərimin yekunları haqqında danışsaq, hazırda əməkdaşlığımızın iki əsas istiqaməti mədəniyyət və təhsil sahəsi olacaqdır.
- Müsahibəyə görə təşəkkür edirik.
Xalq qəzeti.- 2005.- 26 avqust.- № 197.- S. 2-3.