YUNESKO-Azərbaycan: Gələcəyə körpü
Bu körpü möhkəm təməl üzərində qurulur
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə göstərdiyi səylər BMT-nin ixtisaslaşdırılmış qurumları ilə ölkəmiz arasında əlaqələri yüksək mərhələyə qaldırmışdır
Birləşmiş Millətlər Təşkilatının ən mötəbər qurumlarından olan, dünyada mədəni irsin qorunması və inkişaf etdirilməsi ilə məşğul olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura hər ölkəyə getmir, hər dəvəti də qəbul etmir. Baş direktor o dövlətin torpağına ayaq basır ki, orada xalqın əsrlərdən bəri yaratdığı maddi mədəniyyət abidələrinə, musiqiyə, incəsənətə, elmə, təhsilə hörmətlə yanaşılır, bu sahələrin qorunub gələcək nəsillərə çatdırılmasına qayğı göstərilir. YUNESKO-nun baş direktorunun bir neçə gün əvvəl Bakıda keçirdiyi görüşlərdə bu fikir dönə-dönə vurğulanmışdır.
Cənab Matsuura dövlətimizin başçısı İlham Əliyevlə görücündə Azərbaycanda gedən sürətli inkişafdan, bu inkişafın sosial sahəni, o cümlədən, mədəniyyəti, təhsili əhatə etdiyindən məmnunluğunu bildirməsi adi etika xatirinə deyildi. Hörmətli qonaq bu sahədə Azərbaycanda aparılan işlərin miqyasını görərək, bunlara dövlət səviyyəsində can yandırıldığını hiss edərək ölkəmiz barədə, bu ölkənin rəhbəri İlham Əliyev, təqribən il yarım ərzində mədəniyyətə, incəsənətə, təhsilə, uşaqların sağlamlığına qayğını yüksək mərhələyə qaldırmış Mehriban xanım Əliyeva barədə ürəkdən gələn təriflərə xəsislik etmədən danışırdı. Dünyanın ən mötəbər şəxslərindən biri olan cənab Matsuuranı vəcdə gətirən xalqımızın ruhundan qopan muğam sənətinə dövlət səviyyəsində diqqət göstərilməsidir. Təsadüfi deyil ki, Azərbaycan muğamları 2003-cü ildə YUNESKO-nun tərtib etdiyi "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilmişdir. Təkcə elə bu fakt Mehriban xanım Əliyevanın xalqımız qarşısında necə böyük xidmət göstərdiyinə sübutdur. Lakin təbii ki, doğma xalqının mədəni İrsinə, təhsilinə YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın göstərdiyi xidmət bununla bitmir. Digər bir fakta diqqət yetirək. Bu ilin mart ayında Yaponiyada keçirilən beynəlxalq sərgidə BMT günü qeyd olunarkən Azərbaycan muğamları səsləndirilməsinin xalqımız, ölkəmiz üçün necə böyük məsələ olduğunu sübut etməyə ehtiyac varmı? Bax, budur Mehriban xanım Əliyevanın Azərbaycan qarşısında böyük xidmətlərinin bir nümunəsi!
Daha bir xidmət: məhz Mehriban xanım Əliyevanın səylərinin nəticəsidir ki, ölkəmizlə YUNESKO arasında mövcud əməkdaşlığı gələcək illərdə daha da inkişaf etdirməyə yönəlmiş sənəd imzalanmışdır. Bu sənəd mədəni İrsin qorunmasını və xüsusən, təhsil sahəsində əməkdaşlığı nəzərdə tutur. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradılması, Bakıda Beynəlxalq Muğam Mərkəzinin bünövrəsinin qoyulması, respublikada 150-yə yaxın yeni məktəb binaları tikilməsi, illərdən bəri diqqətdən kənarda qalmış uşaq sağlamlıq ocaqlarının yenidən qurulması, regionlarda təhsil, mədəniyyət ocaqlarının fəaliyyətinin canlandırılması ona Azərbaycanda böyük məhəbbət və ehtiram yaratdığı kimi, BMT dairələrində, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda da nüfuz qazandırmışdır.
Yazının əvvəlinə qayıdıb bir daha qeyd edək ki, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı Azərbaycana gətirən əsas səbəb də ölkəmizdə bu istiqamətlərdə görülmüş işlərin böyük miqyası idi. Onun əks-səda doğurmuş bu səfəri isə şübhəsiz ki, Azərbaycan üçün bir sıra mənalarda böyük uğurlar, yeniliklər vəd edir. Bu uğur hər şeydən əvvəl, Qobustan Dövlət Qoruğu və Suraxanıdakı Atəşgah məbədinin YUNESKO-nun mədəni irs siyahısına daxil ediləcəyi ilə bağlıdır. Digər maddi mədəniyyət abidələrimizdən bir neçəsinin də bu siyahıya salınacağı istisna deyil. Azərbaycanda təhsil problemlərinin YUNESKO ilə birlikdə həll edilməsinə dair memorandum imzalanması da şübhəsiz ki, ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında qurulmuş körpülərin davamlılığını və etibarlılığını təmin edəcəkdir.
Beləliklə, YUNESKO ilə Azərbaycan arasında fikir birliyi nümayiş etdirilməsi belə bir inam yaradır ki, bu mötəbər təşkilatın xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın dediyi kimi, gələcəkdə bütün problemlərimizin həllinə yardım edəcək, ümumi işimizə böyük təkan verəcəkdir.
Telman Qafar
İki sahil.- 2005.- 27 avqust.- № 166.- S. 3.