Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   UNESCO

Parisdə "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının ilk iclası keçirilmişdir


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının YUNESKO-nun mədəniyyət bölməsinin təşəbbüsü ilə keçirilmiş ilk iclasında iştirak etmək üçün iyunun 26-da Parisə gəlmişdir. Mehriban Əliyeva YUNESKO-nun baş direktoru tərəfindən yığıncağa dəvət olunmuş yeganə xoşməramlı səfirdir.

YUNESKO-nun iqamətgahına gələn Mehriban xanımı qurumun xoşməramlı səfirlər proqramının rəhbəri Basma İrşeyd, protokol rəhbəri Jan-Lük Şan və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin başçısı, səfir Eleonora Hüseynova qarşıladılar.

Yığıncağı giriş sözü ilə baş direktorun mədəniyyət üzrə köməkçisi Fransuaz Ribiyer açdı.

YUNESKO-nun baş direktoru Koişiro Matsuura qonaqları, o cümlədən ölkəmizdə şifahi mədəni irsin qorunması və inkişaf etdirilməsində xüsusi xidmətləri olan, yeganə xoşməramlı səfir kimi belə mötəbər tədbirdə iştirak edən Mehriban Əliyevanı salamladı.

Baş direktor "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı artıq 45 ölkənin ratifikasiya etdiyini, son bir neçə ayda daha 7 dövlətin bu konvensiyaya qoşulduğunu xatırlatdı. Qeyri-maddi mədəni irsin hər bir xalqın tarixinin güzgüsü olmaqla yanaşı, bütün dünyanın sərvəti olduğunu vurğulayan cənab Koişiro Matsuura dedi ki, bu sərvətin qorunması hamının işidir. Baş direktor rəhbərlik etdiyi beynəlxalq təşkilatın bu sahədə gördüyü işlər barədə də məlumat verdi.

Əlcəzairin xarici işlər naziri, Yaponiyanın elm, təhsil və texnologiya naziri öz çıxışlarında ölkələrində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı görülən işlərdən söhbət açdılar, hər bir ölkənin konvensiyaya qoşulmasının vacibliyini xüsusi vurğulayaraq xalqların keçmişindən xəbər verən istər maddi, istərsə də qeyri-maddi mədəni irsin son vaxtlar bəzi ölkələr tərəfindən vəhşiliklərə məruz qaldığını bildirdilər və YUNESKO-nu öz nüfuzundan istifadə edərək belə halların qarşısını almağa çağırdılar.

İbtidai icma dövründən bu günə kimi yaradılmış və nəsildən-nəslə ötürülmüş qeyri-maddi mədəni irsin mənsub olduğu xalqın tarixini özündə əks etdirdiyini söyləyən nazirlər bu irsin qorunması sahəsində ölkələrarası əməkdaşlığın yaranması və inkişaf etdirilməsinin vacibliyini, bu sahədə xüsusi səriştəsi olan ölkələrin təcrübəsindən istifadənin əhəmiyyətini vurğuladılar.

Mehriban xanım Əliyeva iclasda çıxış etdi.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı

- Cənab baş direktor, xanımlar və cənablar!

İlk növbədə qeyri-maddi mədəni irsin qorunması haqqında konvensiyanın qüvvəyə minməsi kimi əlamətdar hadisə münasibətilə sizin hamınızı təbrik etmək istəyirəm.

Mən iştirakçı dövlətlərin Baş Assambleyasında iştirak etmək üçün dəvətinə, eləcə də bu konvensiyanın üzv dövlətlər tərəfindən tezliklə ratifikasiyasına yönəlmiş səylərinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya minnətdarlığımı bildirirəm.

Qeyri-maddi mədəni irs dünya xalqlarının genetik əsasını təşkil edir. Həmin əsas əsrlər boyu qurulmuş və xalqların, etnik qrupların formalaşmasında, özlərinin ümumiliyinin dərk edilməsində və sonra isə millətlərin və dövlətçiliyin formalaşmasında vacib rol oynamışdır.

Bu gün biz dünya xəritəsində bir çox millətlərin yaşadığı 190-dan çox dövlət görürük. Onların hər birinin özündə maddi və qeyri-maddi mədəni dəyərləri birləşdirən özünəməxsus tarixi irs var. Hər bir dövlətin vəzifəsi nəinki həmin dəyərlərin qorunması, həm də yeni nəsillərin həmin dövlətin özünəməxsus adət və ənənələri əsasında tərbiyələndirilməsi üçün şərait yaradılmasından ibarət olmalıdır.

Bəşəriyyətin hazırkı inkişaf mərhələsi insanın praktik olaraq bütün fəaliyyət sahələrini əhatə etmiş qloballaşma ilə səciyyələnir. Təbii ki, qloballaşma özü ilə bir çox üstünlüklər gətirir və bəşəriyyət qarşısında duran problemlərin həlli üçün yeni imkanlar açır. Xüsusən də müxtəlif mədəniyyətlərin bir-birinə qovuşması və hər mədəniyyətin bütün bəşəriyyət üçün dəyərinin qavranılması baş verir. Lakin eyni zamanda, qloballaşma yeni təhdidlər və çağırışlarla müşayiət olunur. Onlardan ən təhlükəlisi isə stereotiplərin diktə olunmasıdır. Bunların sırasında ən zəifi məhz qeyri-maddi mədəni dəyərlərdir. Bu gün nəinki incəsənət əşyalarının, həm də adət-ənənələrin, ritualların, yəni mədəniyyətin ən qədim ifadə formasının qorunmasına ehtiyac duyulur.

Bu, həmçinin yaranmış qeyri-dözümsüzlük, dinlərarası toqquşma, terrorçuluq və ekstremizm meyilləri qarşısında mühüm əhəmiyyət kəsb edir. Bir çox hallarda həmin meyillərin əsasında mədəni bələdçi istiqamətlərin və dəyərlərin itirilməsi durur. Bütün sivil xalqlar bu bəlaya qarşı mübarizədə öz səylərini birləşdirməlidir, çünki bu maneəni yalnız birbaşa və səmimi dialoq vasitəsilə aradan qaldırmaq olar.

Bu baxımdan konvensiyanın qüvvəyə minməsi bəşəriyyətin mədəni irsinin qorunub saxlanılmasına yönəlmiş və vaxtında atılmış addımdır.

"Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiya dünya mədəniyyətinə böyük töhfə vermiş Azərbaycan xalqı üçün də böyük əhəmiyyət daşıyır.

Azərbaycan qədim ölkədir, lakin gənc müstəqil dövlətdir. Azərbaycanın əsrlər boyu qorunmuş və saxlanılmış mədəni irsi, ənənələrimiz, musiqimiz, dilimiz, adətlərimiz siyasi sabitliklə birlikdə bizim müstəqilliyimizin təminatçısıdır. Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahi və qeyri-maddi irsi incilərinin siyahısına daxil edilmişdir. Muğam qədim incəsənətdir və onun dərin fəlsəfəsi bir nəsildən digər nəslə ötürülməlidir. Xalq yaradıcılıq sənətinin qorunması, bərpası və inkişafı Azərbaycanda dövlətin mədəniyyət siyasətinin prioritetlərindən biridir.

Azərbaycan çoxmillətli ölkədir və bu, xalqımızın sərvətidir. Milli azlıqların mədəniyyətinin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Müxtəlif dinlərə aid bütün tarixi abidələr dövlət tərəfindən qorunur və saxlanılır. Azərbaycanlıların dini dözümlülüyü dünyada yaxşı məlumdur və yüksək qiymətləndirilir.

Mən iclas iştirakçılarını məmnunluq hissi ilə məlumatlandırmaq istəyirəm ki, konvensiyanın ratifikasiya prosesi Azərbaycanda son mərhələdədir və yaxın gələcəkdə bizim ölkəmiz həmin konvensiyanın iştirakçısı olan dövlətlərin siyahısına daxil olacaqdır.

Bu gün dünyada münaqişələr mövcuddur, müharibələr gedir. Bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni dəyərlər məhv edilir. Bir çox şeylər birdəfəlik itirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində xalqımızın yüzlərlə qədim memarlıq və mədəniyyət abidələri dağıdılıbdır. Ənənəvi olaraq ən yaxşı muğam ustalarının doğulub boya-başa çatdığı şəhərlər bu gün tamamilə yerlə yeksan edilibdir. Bununla bağlı, icazə verin, münaqişələr zonalarında yerləşən mədəni və tarixi abidələrin taleyinə beynəlxalq təşkilatlar və bütövlükdə dünya ictimaiyyətinin daha böyük diqqətinin vacibliyini bir daha vurğulayım. Mədəni irsə qarşı təcavüz qəbuledilməzdir. Öz mədəniyyətinə hörmət edərək və onu qoruyaraq, eyni zamanda, ümumbəşər və dünya mədəniyyətinə də hörmətlə yanaşmaq və onu qorumaq vacibdir.

Hörmətli dostlar!

Bu gün dünyada cərəyan edən hadisələrlə bağlı birmənalı yekun fikirlər söyləmək kifayət qədər çətindir. Lakin bir məsələ tam aydındır: mədəniyyət daha geniş anlamda müasir cəmiyyətin bir çox problemlərini həll edə biləcək universal vasitədir. Buna görə də bəşəriyyətin mədəni irsinin qorunması və saxlanılması bizim üçün olduqca vacibdir.

Sonda mən bu konvensiyanın tezliklə ratifikasiyasına yönəlmiş böyük səylərinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya bir daha öz minnətdarlığımı bildirmək istəyirəm.

Mən sizin hamınıza gələcək illər ərzində uğurlu və məhsuldar iş arzulayıram.

Çox sağ olun!

* * *

Mehriban xanım Əliyevanın çıxışı sürəkli alqışlarla qarşılandı.

İclasda "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyaya qoşulmuş ölkələrin xarici işlər, təhsil, elm və mədəniyyət nazirləri, səlahiyyətli nümayəndələri, YUNESKO yanında daimi nümayəndəliklərin rəhbərləri iştirak edirdilər.


Xalq qəzeti.- 2006.- 28 iyun.- № 141.- S. 3.