Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak ediblər


Sentyabrın 19-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı mərkəzdə yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət hadisəsi dünya gündəminə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda təqdim edildiyi mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə də böyük imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi həm də ölkəmizə sonsuz marağı təcəssüm etdirir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaqdır.

Diqqətə çatdırıldı ki, mərkəzin binası 1904-cü ildə inşa olunmuş tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan mərkəz Parisdə bir növ Azərbaycanın mədəniyyət ocağı funksiyasını yerinə yetirəcək və ölkəmizlə bağlı müxtəlif humanitar tədbirlərin təşkil olunmasına geniş imkanlar açacaqdır.

Prezident İlham Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində dövlət bayrağımızı qaldırdı.

Bildirildi ki, mərkəzdə müxtəlif görüşlərin, tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılmış, otaqlar lazımi avadanlıqla təmin olunmuşdur. Mərkəzin əsas özəlliyi burada Azərbaycan mədəniyyətinə dair nümunələrin sərgilənməsidir. Müxtəlif ekspozisiya zallarının yaradıldığı mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Arxeoloji tapıntılardan tutmuş qədim pullara, silahlara, misgərlik məmulatlarına qədər hər şey burada Azərbaycanın qədim və zəngin tarixindən xəbər verir.

Məlumat verildi ki, mərkəzdə gənc rəssamların işləri də təqdim olunur. Odur ki, bu mərkəzin yaradılması ölkəmizdə inkişaf edən müasir incəsənətin nümunələrinin Fransa ictimaiyyətinə təqdim edilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Bu, həm də Azərbaycanda müasir incəsənətə verilən dəyərin təzahürüdür.

Mərkəzlə tanışlıq zamanı Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılmışdır. Ayrıca muğam zalı yaradılmış, qədim musiqi alətlərimizin sərgisi təşkil olunmuşdur. Bundan başqa, mərkəzdə keçiriləcək təlimlərdə Azərbaycan mətbəxinin nümunələrinin hazırlanması qaydaları öyrədiləcək.

Prezident İlham Əliyev mərkəzin yuxarı mərtəbəsindən Parisin mənzərəsini seyr etdi.

Dövlətimizin başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Sonda xatirə şəkli çəkdirildi.


Xalq qəzeti.- 2012.- 20 sentyabr.- № 210.- S. 2.