Mehriban Əliyeva seçicilərlə görüş keçirib
Prezident İlham Əliyevin daxili və xarici siyasətini hər zaman dəstəkləyəcəklərini bildirən sakinlər millət vəkili kimi Mehriban xanımın fəaliyyətindən qürur duyduqlarını söyləyiblər.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verdiyi vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə Əzizbəyov rayonunun qəsəbələrində olaraq sakinlərlə görüşüb, yeni tikilən obyektlərə baxıb.
Binə qəsəbəsində olarkən Mehriban xanım "Möhsün Səlim" məscidinə baş çəkib, dəfələrlə təmiri yarımçıq qalmış bu müqəddəs ocağın təmir-bərpa işləri ilə maraqlanıb. Qeyd edək ki, Mehriban xanım ötən ilin oktyabrında qəsəbə sakinlərinin xahişi ilə bu ibadətgaha gəlib vəziyyətlə yerində tanış olduqdan sonra öz köməyini göstərəcəyini vəd etmişdi.
Xatırladaq ki, Mehriban xanımın seçkiqabağı görüşlərində sakinlərin narazılıqlarından biri elektrik enerjisinin təchizatı ilə bağlı idi. Bununla əlaqədar da qəsəbədə lazımi tədbirlər görülür. Belə ki, hazırda millət vəkilinin xahişinə əsasən, "Azərenerji" SC "Yeni Binə" adlanan sahədə yardımçı stansiyanın yenidən qurulmasına başlayıb.
Stansiyaya gələrək burada aparılan tikinti-quraşdırma işləri ilə yaxından tanış olan Mehriban xanıma məlumat verilib ki, 1952-ci ildə istifadəyə verilmiş obyekt istismar müddətini başa vurub. Ona görə də stansiya, əslində, tamamilə yenidən tikilib. Və burada quraşdırılan 10 və 16 kvt gücündə 2 transformator Binə qəsəbəsinin elektrik enerjisinə olan hazırkı tələbatının yarıdan çoxunu ödəyəcək. Hövsan südçülük sovxozu adlanan qəsəbədə olarkən isə Mehriban xanım 70 saylı uşaq bağçası və körpələr evinə, həmçinin 136 saylı məktəbə də baş çəkib. Orada sakinlərlə, təlim-tərbiyə işçiləri ilə görüşündə son illər ölkəmizdə yeni təhsil, səhiyyə obyektlərinin inşasının geniş vüsət aldığını, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikada müasir tələblərə cavab verən 132 məktəbin tikilib istifadəyə verildiyini, bu il isə daha 100 məktəbin, o cümlədən 50-sini Bakıda inşa olunacağını xatırladan Mehriban Əliyeva bu genişmiqyaslı proqramdan Əzizbəyov rayonuna da pay düşəcəyini deyib. Mehriban xanım həmçinin qaldırılan hər bir məsələnin bundan sonra da diqqətlə öyrənilib tədbirlər görüləcəyini söyləyib.
Millət vəkilinin Binədə daha bir görüşü qəsəbənin alaqapısının tikinti meydançasında olub. Orada inşaatçılar indiyədək Bakı ətrafındakı iri qəsəbələrin heç birinin əsas girişində ala-qapının olmadığından təəssüf hissi keçirdiklərini xatırladıblar. Eyni zamanda, bu çatışmazlığın aradan qaldırılmasının təşəbbüsçüsünün də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olmasından məmnunluqlarını bildiriblər.
Milli Məclisin deputatı Mehriban Əliyeva Əzizbəyov rayonunun Türkan qəsəbəsində inşa edilən alaqapısının tikinti meydançasında da inşaatçılar tərəfindən minnətdarlıq və məmnunluq hissi ilə qarşılanıb. Qəsəbədə olarkən millət vəkili 14 saylı uşaq bağçasının əsaslı şəkildə yeniləşməsi işi ilə tanış olmaq üçün oraya baş çəkib və uzun illərdən bəri təmir olunmayan bu binada qısa vaxtda görülən işlər Mehriban xanımı razı salıb.
Sakinlərlə görüşü zamanı ölkəmizin birinci xanımı deyib ki, Türkanda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün ayrıca bina, toy - şənlik mərasimlərinin təşkilindən ötrü şadlıq sarayı, əhalinin rahatlığı üçün geniş ticarət mərkəzi də inşa olunacaq. Mehriban Əliyeva xüsusi olaraq vurğulayıb ki, prezident İlham Əliyevin göstərişi ilə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını, yeni iş yerlərinin açılmasını, su, qaz, elektrik enerjisi təminatının yaxşılaşmasını əhatə edən irimiqyaslı proqram hazırlanır. Və bu proqram Əzizbəyov rayonunun da hərtərəfli inkişafına yeni stimul verəcək, türkanlılar da bunun real bəhrəsini görəcəklər.
Zirəyə səfərini millət vəkili qəsəbənin alaqapısının inşa olunduğu yerdən başlayıb, bu-rada aparılan tikinti işləri ilə yaxından tanış olub. Qəsəbə sakinləri görüş zamanı onların bütün müraciətlərinə cavab verdiyinə və problemlərinin həllində köməklik göstərdiyinə görə öz razılıqlarını ifadə ediblər. Prezident İlham Əliyevin daxili və xarici siyasətini hər zaman dəstəkləyəcəklərini bildirən sakinlər millət vəkili kimi Mehriban xanımın fəaliyyətindən qürur duyduqlarını söyləyiblər. Mehriban xanım burada da ölkə başçısının tapşırığı ilə paytaxtın ətraf qəsəbələrinin su, qaz, işıq və digər kommunal problemlərinin həlli üçün geniş dövlət proqramı işlənib-hazırlanması barədə məlumat verərək proqramın reallaşması ilə sözügedən məsələlərin köklü həllini tapacağına əminliyini ifadə edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva həmin gün rayonun Şüvəlan qəsəbəsində də olub və burada da sakinlərin müraciətlərini, arzularını diqqətlə dinləyərək, rəhbərlik etdiyi fondun əməkdaşlarına qaldırılan məsələləri konkret araşdırıb ona məlumat verməyi tapşırıb.
Sevinc Paşayeva
Azad Azərbaycan.- 2006.- 10 fevral.- № 19.- S. 1.