Heydər Əliyev Fondunda görkəmli şərqşünas alim Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabının təqdimatına və Fondun prezidenti Mehriban Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsinə həsr edilmiş mərasim keçirilmişdir
AzərTAc xəbər verir ki, noyabrın 23-də Heydər Əliyev Fondunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabının təqdimatına və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət təşkilatının (İSESCO) xoşməramlı səfiri adının verilməsinə həsr edilmiş mərasim keçirilmişdir. Mərasimi Fondun icraçı direktoru Anar Ələkbərov açdı.
Sonra çıxış edən təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində görülən işlərdən danışaraq dedi ki, son iki ildə respublikamızda 730 məktəb tikilmiş, bir o qədər məktəb də əsaslı təmir edilmişdir. Bu işlərin üçdə biri Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülmüşdür. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin təhsil nazirlərinin Küveytdə keçirilən konfransından yenicə qayıtdığını xatırladan nazir bildirdi ki, həmin tədbirdə də Azərbaycana dərin marağın, dövlətimizin başçısına böyük hörmətin şahidi olduq. Elə bunun nəticəsidir ki, növbəti konfransın 2008-ci ilin sentyabrında Bakıda keçirilməsi yekdilliklə qərara alındı.
Görkəmli alim Aida İmanquliyevanın əsərinin ərəb dilində nəşrinin onun yaradıcılığının ərəb ölkələrində də yüksək qiymətləndirilməsinin daha bir təsdiqi olduğunu vurğulayan nazir bunu həm də Azərbaycan elminin yeni nailiyyəti kimi səciyyələndirdi.
M. Mərdanov daha sonra dedi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESCO kimi mötəbər təşkilatın xoşməramlı səfiri adının verilməsi təhsil işçiləri tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində böyük işlər görən Azərbaycanın birinci xanımı ölkəmizdə təhsilin xeyirxah hamisidir. Onun uşaq tərbiyə müəssisələrində, internat evlərində, yeni məktəblərin açılış mərasimlərində görüşləri hamının qəlbində silinməz xatirəyə çevrilir. O, Mehriban xanımı təhsil işçiləri adından təbrik etdi, şərəfli ictimai fəaliyyətində daha böyük uğurlar arzuladı.
Bakı Dövlət Universitetinin professoru, MEA-nın müxbir üzvü Vasim Məmmədəliyev keçmiş SSRİ məkanında ən nüfuzlu şərqşünas alimlərdən olan Aida İmanquliyevanın ölkəmizdə bu elm sahəsinin inkişafına verdiyi töhfələri xatırladaraq, İSESCO-nun təşəbbüsü ilə ərəb dilində nəşr olunmuş “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabının elmi dəyərindən danışdı. Yeni ərəb ədəbiyyatı anlayışına dair açıqlama verən V.Məmmədəliyev kitabda haqqında bəhs edilən Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin bütün ərəb şərqində yeni ədəbi oyanış, üslub, ab-hava yaratdıqlarını bildirdi. O dedi ki, Aida xanım ərəb mühacir (məhcər) ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli tədqiqatçısıdır. Bunu Avropa və ərəb tədqiqatçıları da etiraf edirlər. Keçmiş SSRİ-də yeni ərəb ədəbiyyatının öyrənilməsi məşhur İ.Kraçkovski tərəfindən başlanmışdısa, bu sahədə araşdırmaların zirvəsi Aida xanımın yaradıcılığıdır. Aida İmanquliyeva keçmiş Sovet İttifaqında, o cümlədən Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun yaradıcılarından biridir.
Mehriban xanımın ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına, konkret insanların qayğı və problemlərinə göstərdiyi diqqətdən, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətindən bəhs edən V.Məmmədəliyev ziyalıların, ictimaiyyətin bu işləri yüksək qiymətləndirdiyini, İSESCO-nun xoşməramlı səfiri adının qadınlar arasında ilk dəfə olaraq Azərbaycanın birinci xanımına verilməsini onun xidmətlərinin təsdiqi olduğunu vurğuladı. Çıxışını ərəb dilində davam etdirən V. Məmmədəliyev İSESCO-nun islam aləmində və bütün dünyada elmin, mədəniyyətin, təhsilin inkişafına verdiyi dəstəyə görə təşkilatın baş direktoruna Azərbaycan alimlərinin təşəkkürlərini çatdırdı.
Sonra İSESCO-nun baş direktoru Əbdüləzizbin Osmanəl-Tuveycri çıxış edərək dedi:
- Ötən il Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən çox böyük təəssürat almışam, qəlbimdə silinməz iz buraxıbdır. Mən Zati-alilərinə İSESCO-nun baş mükafatını təqdim etmişəm. Bu, cənab İlham Əliyevin İSESCO-ya göstərdiyi böyük dəstəyin, İslam aləmində aparılan böyük işlərə onun qoşulmasının göstəricisi idi. İndi isə mən böyük məmnuniyyətlə Azərbaycanın birinci xanımının mərhum anası, professor Aida xanım İmanquliyevanın, – Allah ona rəhmət eləsin, - yazdığı kitabın təqdimatında iştirak edirəm. Onun müasir ərəb ədəbiyyatının korifeyləri haqqında əsərinin təqdimatında iştirak etməkdən qürur duyuram. Bir neçə ay bundan əvvəl nazir Misir Mərdanovdan bu kitabın əslini götürmüşdüm. Bu əsər dərin ağılın və zəkanın təzahürüdür.
Kitabın ilk oxucularından biri kimi tədqiqat məni valeh etdi, çünki bu istiqamətdə mən də tədqiqatlar aparırdım, əsasən də, Cübran, Ər-Reyhani, Nüaymənin yaradıcılığını araşdırmışam. O, daha dərin aparıb, bu nəşr bütün islam ölkələrində geniş əks-səda yaradacaqdır. Buradan görünür ki, müəllif ərəb ədəbiyyatı ilə yanaşı, rus, dünya ədəbiyyatını da dərindən bilirmiş. Xanım Aida İmanquliyevanın kitabı islam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanla ərəb dünyası arasında qurulan körpü olacaqdır. Ərəbistandan Atlantik okeanına qədər ərazidə oxunacaq, Mərakeşdən Bakıya qədər yayılacaq, geniş şöhrət qazanacaqdır. Bu kitabın nəşri də bizim təşkilatın məramına tam uyğundur. Allahdan Aida xanıma rəhmət diləyirəm.
Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanışam və bu məcrada davam edəcəyinə inanıram. Ərəb və İslam dünyasının ayrılmaz tərkibi olan Azərbaycanın əlaqələrinin güclənməsinə yönəldiləcək, təkcə elm, mədəniyyət sahəsində yox, digər sahələrdə də əməkdaşlıq genişlənəcəkdir.
İSESCO ilə həm Heydər Əliyev Fondu, həm də Təhsil Nazirliyi arasında yaxın vaxtlarda saziş imzalanacağına inanıram və bu, əlaqələrimizin inkişafına daha böyük təkan verəcəkdir.
Mehriban xanıma bu qurumun ən yüksək fəxri adının verilməsi ilə əməkdaşlıq bundan sonra daha da genişlənəcəkdir. İSESCO-nun tarixində ilk dəfədir ki, bu ad xanıma verilir. Mehriban xanım sivilizasiyalararası dialoq və digər cəsarətli fəaliyyətləri çərçivəsində gördüyü genişmiqyaslı işlərə görə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə verdiyi dəstəyə görə bu ada tam layiqdir. Cəmi 4 nəfər bu adı alıbdır. Dünyanın bu ağır günlərində, cəsarətli insanlara ehtiyac duyulduğu bir zamanda, münaqişələrin qarşısının alınmasında, sivilizasiyalararası dialoqun aparılmasında xidmətlərinə, islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanıma İSESCO-nun ən yüksək adını veririk. Bu, İSESCO-ya da, islam aləminə də şərəf gətirəcəkdir.
X X X
Baş direktor İSESCO-nun xoşməramlı səfiri diplomunu Mehriban xanıma təqdim etdi.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın çıxışı
- Hörmətli cənab baş direktor!
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Sizi Heydər Əliyev Fondunda salamlayıram. Sizləri Fondumuzda görməyə çox şadam. Xoşməramlı səfir kimi yüksək ada layiq görüldüyümə görə İslam Ölkələri, Təhsil, Elm və Mədəniyyət Təşkilatına və cənab Əbdüləziz Osman əl-Tuveycri, şəxsən sizə öz dərin minnətdarlığımı bildirirəm.
İSESCO kimi hörmətli bir təşkilat tərəfindən fəaliyyətimin belə yüksək qiymətləndirilməsi mənim üçün böyük şərəfdir.
Dünyanın 57 ölkəsini birləşdirən İSESCO çox nəcib bir missiyanı həyata keçirir. Təşkilatın başlıca məqsədi dünya ölkələrinin elm, təhsil və mədəniyyət sahələrində əlaqələrinin yaradılması və xalqlararası dialoqun qurulmasıdır. Bu isə, öz növbəsində sülhün, təhlükəsizliyin və əmin-amanlığın təminatıdır. İslam Ölkələri, Təhsil, Elm və Mədəniyyət Təşkilatı fəaliyyət göstərdiyi 24 il ərzində çox böyük işlər görüb, böyük uğurlar əldə edibdir. Müsəlman ölkələrində elmin, təhsilin və mədəniyyətin inkişafı üçün irimiqyaslı layihələr, proqramlar həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, İSESCO öz fəaliyyətini sırf müsəlman ölkələri ilə məhdudlaşdırmır. Dünyada elə ölkələr, elə dövlətlər var ki, onların əhalisinin tərkibində müsəlmanların ümumi sayı 30, 20 və hətta 10 faizdir. Lakin İSESCO bu ölkələrlə də çox sıx əməkdaşlıq edir, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün proqramlar hazırlayır, kreditlər, qrantlar ayırır.
İSESCO-nun fəaliyyətinin digər çox mühüm istiqaməti islam dünyasının zəngin tarixi irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bu gün müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin olması bu fəaliyyətə xüsusi önəm verir. İraqda müharibə zamanı dini abidələrin dağıdılmasına dair təşkilatın verdiyi bəyanatı biz çox yüksək qiymətləndiririk. Bildiyiniz kimi, bu gün Azərbaycanın da ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlarda yüzlərlə mədəniyyət, tarix abidələri və dini abidələr var idi. İndi bütün bunlar işğalçılar tərəfindən vəhşicəsinə dağıdılıbdır. Biz bu faktları, bu reallıqları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırırıq. Bu yolda İSESCO-nun və ümumən İslam Konfransı Təşkilatının dəstəyini çox yüksək qiymətləndiririk.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra islam ölkələri ilə çox sıx əlaqələr qurur, çox gözəl əməkdaşlıq edir və ölkələrimizi birləşdirən İslam Konfransı Təşkilatının fəal üzvüdür. Bildiyiniz kimi, bu il ölkəmizdə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirlərinin sammiti keçirilmişdir. Daha sonra müsəlman ölkələrinin turizm nazirlərinin görüşü keçirildi. Bu il Azərbaycanın təşəbbüsü ilə İslam Konfransı Təşkilatının gənclər forumu yaradıldı. Bütün bunlar ölkəmizin islam aləmi ilə, müsəlman dövlətləri ilə əməkdaşlığının möhkəmlənməsinə çox böyük diqqət göstərdiyini sübut edir.
Hazırda İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıq üçün çox geniş imkanlar var. Bildiyiniz kimi, Heydər Əliyev Fondu yaradılan vaxtdan elmin və təhsilin inkişafını, milli mədəni irsimizin qorunmasını fəaliyyətinin əsas prioritet istiqaməti kimi müəyyən etmişdir. Qısa zaman ərzində biz bir çox layihələr həyata keçirmişik, uğurlar əldə etmişik. “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəbləri və uşaq evlərinin inkişafı”, “Görmə qabiliyyətini itirən və zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” və sair layihələr artıq həyata keçirilib və bu gün biz onların konkret nəticələrini görə bilirik. Ölkəmizdə iki il ərzində Fondun təşəbbüsü ilə 180-dən çox yeni məktəb inşa olunub, ən müasir avadanlıqla təmin olunub. Hər bir məktəbdə kompyuter sinfi var. 29 internat məktəbində və uşaq evində əsaslı təmir aparılıb, onların maddi-texniki bazası yeniləşdirilmişdir. Görmə qabiliyyəti zəif olan insanlar üçün yeni tədris mərkəzi yaradılıbdır. Mərkəzə dünyada mövcud olan ən müasir kompyuter sistemləri gətirilib, müəllimlərlə treninqlər keçirilibdir.
Biz öz fəaliyyətimizdə milli mədəni irsimizin qorunmasına çox diqqətlə yanaşırıq. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi inşa olunur. Mən deyə bilərəm ki, bu bina paytaxtımızın ən gözəl yerində, dənizkənarı Milli parkda tikilir. Bir neçə tarixi və dini abidə - Cavad xan məqbərəsi, Pir Həsən ziyarətgahı, Mövsüm Səlim və Həzrəti Zeynəb məscidləri bərpa olunubdur.
Eyni zamanda, Heydər Əliyev Fondu dünyanın bir sıra elmi mərkəzləri ilə çox sıx əməkdaşlıq edir. Biz bir il ərzində Fondumuzda bir neçə beynəlxalq konfrans keçirmişik. YUNESKO ilə birlikdə “YUNESKO-Azərbaycan: gələcəyə körpü” adlı konfrans Bakıda və Parisdə keçirilib və təhsildə olan islahatlara həsr edilibdir.
Bakıda Vaşinqton Akademiyası ilə birlikdə “Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda 1-ci beynəlxalq konfransı, Latın Mədəniyyət Akademiyası ilə birlikdə “Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan - sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda XIII beynəlxalq konfrans keçirilmişdir. Bütün bu tədbirlərə dünya şöhrətli alimləri dəvət edirik və ölkəmizdə olan reallıqları, həqiqətləri onlara çatdırmağa çalışırıq. Bu da, öz növbəsində, dünyada Azərbaycanın həqiqi imicinin formalaşmasında böyük rol oynayır.
Heydər Əliyev Fondu İSESCO-nun və YUNESKO-nun prinsiplərinə əsaslanaraq hesab edir ki, çətinliklərlə üzləşmiş digər dövlətlərə və xalqlara da kömək etmək çox vacibdir. Məhz buna görə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumtəhsil məktəbi inşa olunur.
Bir sözlə, dediyim kimi, İSESCO ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıq üçün çox gözəl, çox geniş imkanlar var. Mən inanıram ki, gələcəkdə biz birlikdə bir sıra böyük layihələr həyata keçirəcəyik.
Hörmətli qonaqlar, bu gün mənim üçün ikiqat sevindirici gündür. Çünki bu gün biz görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın ərəb dilində nəşr olunmuş “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabının təqdimat mərasimini keçiririk. Bu kitab İSESCO-nun təşəbbüsü ilə ərəb dilinə tərcümə olunub və nəşr edilibdir. Mən bu təşəbbüsə görə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatına, şəxsən cənab baş direktora dərin minnətdarlığımı bildirirəm.
Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi. Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri, islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurubdur. Bütün bu sahələrdə Aida xanımın məktəbinin yetirmələrini, onun davamçılarını görürük. Ona görə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir.
Mən bu təşəbbüsə görə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatına və şəxsən cənab baş direktora bir daha dərin minnətdarlığımı bildirirəm.
Sonda mənim haqqımda, fəaliyyətim haqqında deyilən ürək sözlərinə görə sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Heydər Əliyev Fondu ilə İSESCO-nun dostluq və birlik naminə gələcək fəaliyyəti daha da uğurlu olacaqdır. Mən sizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Çox sağ olun.
X X X
Tədbir iştirakçılarına Aida xanım İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabının nüsxələri paylandı.
Sonra mərasim iştirakçıları Heydər Əliyev Fondunun layihə və proqramlarını, nəşrlərini əks etdirən sərgiyə baxdılar.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm, mədəniyyət, incəsənət, din xadimləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdilər.
X X X
Mərasimdən sonra Mehriban Əliyeva ilə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin görüşü oldu. Söhbət zamanı bu qurumlar arasında əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.
Xalq qəzeti.- 2006.- 24 noyabr.- №264.- S. 3.