21-ci əsrin humanist xanımı
“Pakistan Observer” qəzetində “Azərbaycanın birinci xanımı 21-ci əsrin böyük qadını mükafatını almışdır” başlıqlı məqalə dərc olunub
Pakistanın ingilis dilində çıxan və bütün ölkədə yayılan “Pakistan Observer” qəzeti “Azərbaycanın birinci xanımı 21-ci əsrin böyük qadını mükafatını almışdır” başlıqlı geniş məqalə verilmişdir. Məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti, dünya mədəni irsinin, təhsilin, səhiyyənin, mədəniyyətin, dini tolerantlığın və mənəvi dəyərlərin inkişafında həyata keçirdiyi genişmiqyaslı işlərə ətraflı yer verilmişdir.
Məqalədə qeyd olunur ki, Mehriban xanımın mükafat üçün namizədliyinin irəli sürülməsi barədə təkliflə Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara Festivalının “İpək yolu” Komitəsinin həmsədri Nina Koqan, “İpək yolu” kamera orkestrinin baş dirijoru və “İpək yolu” Komitəsinin sədri, həmvətənimiz İsmayıl Hacıyev, Beynəlxalq Niaqara Festivalının baş meneceri Virciniya Meynprays, Amerika Bioqrafiya İnstitutunun prezidenti Evansa müraciət etmişlər.
Müəllif vurğulayır ki, Mehriban xanım mədəniyyət, təhsil və idman sahələrində həyata keçirilən böyük layihələrin təşəbbüskarıdır. 1995-ci ildən başlayaraq “Azərbaycan Mədəniyyətinin Dostları” Fondu vasitəsilə ölkənin mədəni zənginliyi haqqında dünya miqyasında təbliğatın daha da genişləndirilməsinə, eləcə də festivallar, sərgilər, konsertlər və digər mədəniyyət tədbirlərinin həyata keçirilməsinə təşəbbüs göstərməklə, bu zənginliyin milli və regional səviyyədə qorunması istiqamətində mühüm işlər görmüşdür. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan muğamının inkişaf etdirilməsi məqsədilə Bakıda Muğam Mərkəzi də yaradılmışdır.
Fond yarandığı zamandan ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə addımlar atır. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək edir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir.
Respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirməklə, müxtəlif layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək göstərən Mehriban xanım Əliyeva uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində ən ciddi işlərə imza atır.
Qəzet yazır ki, Mehriban xanımın təşəbbüsü ilə Niaqarada beynəlxalq səviyyədə genişmiqyaslı mədəni tədbir “Azərbaycan Muğam günləri”nin keçirilməsi Şimali Amerikanın mədəni həyatının mühüm hadisələrindən birinə çevrilmişdir. Mehriban xanım Niaqara festivalının təşkilati strukturu çərçivəsində əsas məqsədi İpək yolu ölkələrinin böyük musiqisinin və mədəni irsinin təbliğini həyata keçirmək olan “İpək yolu ” komitəsinin yaradılmasının da təşəbbüskarıdır.
Mehriban xanımın tövsiyəsi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, ölkənin Kanadadakı səfirliyi, digər qurumlar Şərq və Qərb mədəni dəyərlərinin yaxınlaşması və inteqrasiyasında böyük rolu olan Niaqara Beynəlxalq Festivalının təşkili üçün maliyyə dəstəyi verir. Bu yüksək xidmətləri və nailiyyətləri nəzərə alaraq, Niaqara Festivalı Mehriban xanımı bütün dünyada sülh və tərəqqiyə nail olmaq məqsədilə dünya mədəniyyətləri və sivilizasiyalarının yaxınlaşması və inteqrasiyası istiqamətində həyata keçirilən yüksək dəyərə malik mənəvi missiyanın rəmzi olan “Dünyanın Qızıl Gülü ” mükafatına layiq görmüşdür.
Qəzetdə o da qeyd olunur ki, Mehriban xanım qlobal mədəniyyətin inkişafı, Şərq və Qərb sivilizasiyaları arasında mədəni və siyasi dialoqun qurulması istiqamətində göstərdiyi xüsusi xidmətlərə görə YUNESKO və İSESKO, eləcə də bir çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən çoxlu sayda mükafatlara layiq görülmüşdür. YUNESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım təşkilatın dünyada mədəni irsin qorunması istiqamətindəki fəaliyyətini dəstəkləyir.
2006-cı ildən etibarən Heydər Əliyev Fondu Azərbaycan ərazisində dini abidələrin yenidən qurulması və əsaslı təmiri üzrə layihələr həyata keçirir. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verən fondun prezidenti ötən il “Azərbaycan - Tolerantlığın Vətəni ” layihəsi çərçivəsində Buzovnada məscid, ölkə ərazisindəki katolik və pravoslav kilsələri yenidən qurulmuşdur.
Məqalədə göstərilir ki, “21-ci əsrin böyük qadını” mükafatına İngiltərə Kraliçası Yelizaveta, ABŞ Dövlət Katibi Hillari Klinton, Tereza ana kimi dünyanın nüfuzlu xanımları layiq görülmüşlər.
Zümrüd
Səs.- 2009.- 1 sentyabr.- № 163.- S. 5.