Gürcüstandakı Azərbaycan məktəblərinə dərsliklər hədiyyə edilmişdir
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə respublikamızdan Gürcüstanın Azərbaycan məktəblərinə yeni dərs ilində dərsliklərin göndərilməsi ənənəyə çevrilmişdir.
Sentyabrın 27-də Azərbaycanın təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana belə bir xoşməramlı səfər etmiş, Prezident İlham Əliyevin təşəbbüsü ilə göndərilən 56 min dərsliyi və Prezidentin xanımı Mehriban Əliyevanın adından 6 min dərslik və 12 ədəd kompüteri Kvemo Kartli-Borçalı bölgəsinin məktəblərinə təqdim etmişdir.
Gürcüstanın təhsil naziri Aleksandr Lomaya, Azərbaycanın Tbilisidəki səfiri Ramiz Həsənov, digər rəsmi şəxslərin iştirakı ilə Marneuli və Bolnisi rayonlarında ictimaiyyətlə görüşlər keçirilmişdir. Görüşlərdə çıxış edən Misir Mərdanov və Aleksandr Lomaya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin indi Prezidentlər İlham Əliyev və Mixail Saakaşvili tərəfindən uğurla davam etdirilməsindən hər iki ölkə xalqlarının məmnunluq duyduqlarını vurğulamış, Azərbaycanda yaşayan gürcülərin, Gürcüstanda yaşayan azərbaycanlıların təhsil sahəsində problemlərinin həlli yönümündə aparılan uğurlu işlərdən danışmışlar.
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Soso Mazmişvili, qubernatorun müavini Azər Süleymanov, Marneuli rayon İcra hakimiyyətinin başçısı Amiran Şubitidze, Telavi rayonundakı Qaracalar orta məktəbinin direktoru Dursun Musayev, Marneuli rayonundakı Böyük Muğanlı orta məktəbinin direktoru Yusif Yusifov, Dmanisi rayonundakı Yaqublu məktəbinin direktoru Ənvər Süleymanov, Bolnisi rayonundakı Qoşakilsə məktəbinin direktoru Qurban Əliyev, Kəpənəkli kəndindəki 1 nömrəli məktəbin direktoru Zakir Məmmədov və başqaları göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya borçalılar adından minnətdarlıqlarını bildirmişlər. Şəmkir rayonunun Gürcüstan azərbaycanlılarına, habelə Abxaziya qaçqınlarına yardımı da razılıqla qeyd olunmuşdur.
Nümayəndə heyəti Marneuli şəhərindəki internat məktəbə, 3 nömrəli Azərbaycan orta məktəbinə getmiş, pedaqoji kollektivlərin fəaliyyəti ilə tanış olmuşdur.
Sentyabrın 27-də Azərbaycan nümayəndə heyəti Bakıya qayıtmışdır.
İslam Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Xalq qəzeti.- 2004.- 28 sentyabr.- S. 3.