Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofsla görüşmüşdür
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva martın 21-də Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs ilə görüşmüşdür.
Fondun rəhbəri hörmətli qonağı səmimiyyətlə salamlayaraq, onun bütün azərbaycanlılar üçün əziz olan Novruz bayramı günündə ölkəmizə səfərini əlamətdar hadisə adlandırdı. Mehriban xanım başçılıq etdiyi fondun fəaliyyətindən danışaraq dedi ki, onun əsas vəzifələrindən biri xəstə uşaqlara, o cümlədən Azərbaycanda yayılmış talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım göstərməkdir. Bu məqsədlə fondun həyata keçirdiyi layihə çərçivəsində bir sıra tədbirlər görüləcək, o cümlədən gündüz stasionar olan tibb mərkəzi tikiləcəkdir. Fondun rəhbərinin fikrincə, Azərbaycanın bu sahədə təcrübəsi Gürcüstan üçün də faydalı olardı.
Səmimilik şəraitində keçən görüş zamanı ölkələrimiz üçün qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında söhbət getdi, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulandı.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak edirdi.
Xalq qəzeti.- 2005.- 23 mart.- № 64.- S. 4.