Bakıda müsəlman ölkələrinin birinci xanımlarının forumu keçiriləcək
Mehriban Əliyevanın bu təşəbbüsü bir daha sübut edir ki, Azərbaycan islam sivilizasiyasının ağırlıq mərkəzinə çevrilib
Dohada YUNESKO və Qətərin Təhsil Fondu tərəfindən təşkil olunmuş "Ərəb dövlətlərində savadlılıq, tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi" regional konfransında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın iştirakı, sözsüz ki, Azərbaycana beynəlxalq ictimai rəyin dərin marağını bir daha əks etdirdi. Bu səfərin fonunda həm də Mehriban xanıma dərin hörmət və ehtiramın şahidi olduq. Belə ki, məlum olduğu kimi, Azərbaycanın birinci xanımını Dohanın hava limanında şəxsən Qətər əmirinin xanımı Şeyxa Moza Bint Nasir əl-Minsəd qarşılayıb. Təsadüfi deyil ki, Qətər əmirinin xanımı regional konfransda çıxışında da Mehriban xanımın bu ölkəyə səfərini mühüm hadisə kimi qiymətləndirdi: "Mehriban xanım Azərbaycan parlamentinin deputatı olmaqla yanaşı, YUNESKO-nun xoşməramlı səfiridir. Bu sahədə səmərəli fəaliyyətinə görə BMT-nin yüksək mükafatına layiq görülmüşdür". Onu da qeyd edək ki, Mehriban xanımın Qətər dövlətində keçirilən belə bir mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirən YUNESKO qərara alıb ki, təhsil məsələlərinə həsr olunmuş növbəti konfrans məhz Bakıda keçirilsin. Mehriban xanımın konfransda çıxışı da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycanın birinci xanımı savadsızlığı doğuran amillər və onun acı nəticələrini əhatəli şəkildə təhlil edərək, haqlı olaraq bildirib ki, bütün problemlər məhz savadsızlıqdan doğur: "Müasir elmin nailiyyətlərindən və mütərəqqi texnologiyalardan istifadə etməyən ölkələrin tərəqqi etməməsi goz qabağındadır. Yer üzündə milyonlarla uşaq və yeniyetmənin təhsildən kənarda qalması isə dözülməzdir". Bu fikirlər bir daha göstərir ki, müasir intellektual nəslin formalaşması Heydər Əliyev Fondunun qarşısında duran əsas vəzifələrdən biridir və təsadüfi deyil ki, Mehriban xanımın fəaliyyətində təhsil problemlərinə qayğı prioritet istiqamətlərdən birini təşkil edir.
Onu da etiraf edək ki, Mehriban xanım hər dəfə beynəlxalq toplantılarda çıxışı zamanı bu tribunadan ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimayyətə çatdırılması vasitəsi kimi də səmərəli istifadə edir. Azərbaycanın birinci xanımı Dohada keçirdiyi görüşlərdə də bir daha sübut etdi ki, o, ölkəmizin müsbət beynəlxalq imicinin formalaşdırılması prosesində fəal iştirak edir. Belə ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı barədə konfrans iştirakçılarına məlumat verən Mehriban Əliyeva ümumi daxili məhsulun artım dinamikasına görə dünyada aparıcı yer tutan Azərbaycanda dövlət siyasətinin sosial yönümlü olduğunu faktlarla əsaslandırdı. O, xüsusilə, təhsil sahəsində həyata keçirilən dövlət proqramının səmərəli nəticələrindən söhbət açdı. Eyni zamanda, ölkəmizin qarşılaşdığı ən ağrılı problem Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyona qədər insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı xatırlandı, bununla əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması, xüsusilə, doğma məktəblərini itirmiş uşaqların təhsili üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışdı. Mehriban Əliyeva Azərbaycanın YUNESKO və İSESKO ilə yaxından əməkdaşlıq etdiyini də vurğulayaraq bildirdi ki, Azərbaycan bu təşkilatların xətti ilə regionda təhsil problemlərini öyrənən mərkəzə çevrilmək imkanlarına malikdir.
Qeyd edək ki, Mehriban Əliyeva ilə yanaşı Qətərdə təşkil olunmuş konfransda Suriya və Livan prezidentlərinin xanımları çıxış ediblər, ABŞ prezidentinin xanımının isə videomüraciəti nümayiş etdirilib. Konfransın açılış mərasiminin sonunda dünyada savadsızlıq probleminə həsr edilmiş film göstərilib. Onu da qeyd edək ki, Mehriban xanımın konfransda çıxışı Qətərin dövlət televiziyası və məşhur "Əl-Cəzirə" telekanalı ilə canlı yayımlanıb. Həmçinin, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Livanın və Suriyanın birinci xanımları ilə də görüşmüş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Söhbət əsnasında, xüsusən də, kənd yerlərində təhsilin inkişaf etdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər, hökumətin və Heydər Əliyev Fondunun qayğısı sayəsində tikilmiş və yenidən bərpa olunmuş orta məktəblər, onların kompyuter və digər müasir avadanlıqla təchiz olunması barədə konkret misallar gətirilmişdir. İkitərəfli görüşlər zamanı Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun səhiyyə sahəsindəki layihələri haqqında da məlumat vermişdir. Mehriban xanım İSESKO-ya üzv olan bütün dövlətlərin birinci xanımlarının Bakıda forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş və bu ideya müsbət qarşılanmışdır. Onu da qeyd edək ki, səfərin gedişində Azərbaycanın birinci xanımı Qətərin birinci xanımının müşayiəti ilə "Təhsil şəhərciyi"ndə olmuşdur.
Sözsüz ki, Dohada keçirilən belə bir mötəbər tədbirdə iştirakı Azərbaycanın birinci xanımının ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən, xarici siyasət fəaliyyətinin reallaşdırılmasında müstəsna rol oynadığını nümayiş etdirdi. Əslində, Mehriban xanımın üzərinə götürdüyü missiya daha ağır, çətin və şərəflidir: "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi, mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir". Onu da etiraf edək ki, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətində, əsasən, üç mühüm sahə daha qabarıq istiqamət kimi üzünü göstərir. Birinci - Azərbaycanın maddi və qeyri-maddi mədəniyyət nümunələrinin qorunub saxlanılması, beynəlxalq aləmdə təbliğ edilməsi və gələcək nəsillərə daha möhtəşəm şəkildə çatdırılması. İkinci - ölkənin gələcəyi olan uşaqların sağlam böyüməsinə nail olunması və ümumilikdə, cəmiyyətin hər bir fərdinin fiziki cəhətdən sağlamlığına yardım edilməsi. Üçüncü - müstəqil dövlətimizin sabahını quracaq yeni nəslin müasir dünyanın tələblərinə uyğun şəkildə təhsil alması üçün zəmin yaradılması. Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri kimi, Heydər Əliyev Fondunun Prezidenti kimi, YUNESKO-nun xoşməramlı səfiri kimi bu üç istiqamətdə fəaliyyəti olduqca uğurludur. Onun adıçəkilən hər üç postu tutmasında nəticə etibarilə qazanan Azərbaycan xalqıdır. Bəs, bu üç istiqamətli fəaliyyət dairəsini reallaşdırmaq üçün konkret olaraq hansı tədbirlər həyata keçirilib. Birinci sahə - 2004-cü il may ayının 10-dan ümummilli lider Heydər Əliyevin doğum günündən fəaliyyətə başlayan Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği proqramı əsasında Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birlikdə bir neçə uğurlu layihə həyata keçirmişdir. Ötən il milli musiqi sənətimizin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı çox ciddi addımlar atılmışdır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, görkəmli muğam ustalarının iştirakı ilə "dəyirmi masa" keçirilmiş və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdır.
Maraqlı məqamlardan biri də odur ki, adı çəkilən mərkəzin təməl daşının qoyulmasında YUNESKO-nun baş direktoru cənab Kouşiro Matsuura da iştirak etmişdi. Sözsüz ki, Azərbaycan mədəniyyəti, xüsusən, muğamsevərlər üçün bu, çox böyük ehtiram idi. Nəzərə alaq ki, baş katibin Azərbaycan paytaxtına səfəri bilavasitə Mehriban Əliyevanın YUNESKO-dakı şəxsi nüfuzunun göstəricisi idi. Azərbaycan muğamsevərləri və muğam ustaları Mehriban xanım Əliyevanın bu istiqamətdə atdığı növbəti addımı daha böyük məmnunluq və alqışlarla qarşıladılar. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü ilə "Qarabağ xanəndələri" musiqi albomu nəfis şəkildə nəşr edildi və "Gülüstan" sarayında albomun təntənəli təqdimat mərasimi keçirildi. İkinci sahə ölkənin gələcəyi olan uşaqların sağlam böyüməsinə nail olunması və ümumilikdə, cəmiyyətin hər bir fərdinin fiziki cəhətdən sağlamlığına yardım edilməsi məqsədilə Heydər Əliyev Fondu bir neçə böyük proqram və layihələr hazırlamış onları uğurla reallaşdırmışdır. Məsələn, fondun rəhbərliyi 40 min soydaşımızın vəziyyətini nəzərə alaraq "Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair" layihə hazırlamışdır. Üç mərhələdən ibarət olan həmin layihə BMT-nin İnkişaf Proqramı ilə birlikdə həyata keçirilir.
Təsəvvür edin ki, Heydər Əliyev Fondu ehtiyacı olan azərbaycanlıların probleminin həll edilməsinə BMT kimi mötəbər bir beynəlxalq təşkilatın müvafiq qurumunu da cəlb edir. Üçüncü sahə - müstəqil dövlətimizin sabahını quracaq yeni nəslin müasir tələblərə uyğun şəkildə təhsil almasına zəmin yaratmaq məqsədilə fondun rəhbərliyi ötən ilin əvvəlində paytaxtın və əksər rayonların ərazisində yerləşən uşaq evləri və internat məktəblərinə baxış keçirib. Həmin baxışın nəticəsi olaraq, "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı işlənib hazırlanıb. Proqramın icrası nəticəsində cəmi ilyarımda 23 uşaq evi və internat məktəbində təmir və yenidənqurma işləri başa çatdırılıb. Bu zaman onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur. Uşaq müəssisələrində qida normativlərinin aşağı olması da müəyyənləşdirilmiş, təkliflər zərfi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmişdir. Əlavə edək ki, fondun rəhbərliyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və alternativ qayğı" layihəsini də işləyib hazırlamışdır. Beləliklə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin ölkəmiz üçün uğurlu mahiyyəti bir daha göz önündə canlanır.
Y. Əliyeva
Səs.- 2007.- 15 mart.- № 45.- S. 4.