Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində yeni bir layihəsini reallaşdırmağa başlamışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəyə bir ağac əkək” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin bölgələrdə keçirilən iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.
Qaradağ rayonu
Qaradağ rayonunun Sahil qəsəbəsində inşaat materiallarının istehsalı ilə məşğul olan “Saf” və “FR” firmalarının kollektivləri martın 17-dən başlayaraq Novruz bayramı günlərində iməciliklər keçirmiş, Bakı-Salyan şosesinin 25-ci kilometrinin sağ və sol hissəsində, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu və rezin qarışıqları zavodu ilə magistral yolun arasında təxminən 4 hektaradək sahədə xeyli texnika və işçi qüvvəsi cəlb etməklə təmizlik-abadlıq işləri aparmış, sahəni əkinə yararlı vəziyyətə salmış, arxlar və su xətti çəkmiş, 5 minə qədər sərv, küknar, şam, iydə, 1500-dək meyvə ağacları əkmişlər. Bu kollektivlərin üzvləri dövlət əhəmiyyətli magistral “İpək yolu”nun üzərində salınmış yaşıllıq sahədə cavan ağacların tam bitişinə nail olmaq, onlara aqrotexniki qulluq etmək, burada yaşıl zolaq yaradılmasına nail olmaq üçün qüvvələrini əsirgəməyəcəklərinə söz vermişlər. Ona görə də əkin-suvarma işləri hər gün davam etdirilir, bu iş təcrübəli, ixtisaslı işçilərə həvalə olunmuşdur. Özəl müəssisələrin könüllü olaraq başladığı bu nəcib iş həm Qaradağ rayonunun rəhbərliyi, həm də paytaxtımızın iri sənaye rayonunda yerləşən digər sahibkarlar tərəfindən razılıqla qarşılanmış, təşəbbüsün yayılması tövsiyə olunmuşdur.
“Saf” və “FR” firmalarından verilən məlumata görə, aprelin sonunadək hər şənbə və bazar günləri belə iməciliklər keçiriləcək, həmin ərazilərdə yaz mövsümünün sonunadək müəssisənin yardımçı sahəsində yetişdirilmiş 10 mindən çox ağac və bəzək kolu əkiləcəkdir.
Gəncə
Gəncəlilər bayram günlərində şəhərin müxtəlif bölgələrində 15 mindən çox ağac və müxtəlif bəzək kolları əkmişlər.
Şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələri kollektivlərinin üzvləri böyük həvəslə iməciliyə çıxmış, yaşadıqları ərazilərdə yaşıllaşdırma işləri aparmışlar.
Nəsimi rayonu
Novruz bayramı günlərində yaşayış məhəllələrində iməciliklər keçirən vətəndaşlar 20 Yanvar, A.Mustafayev küçələrində təzə yaşıllıqlar salmış, Mir Cəlal küçəsində yeni parkın inşasına başlamışlar. Heydər Əliyev və R.Zorge parklarında 500-dən çox həmişəyaşıl ağac əkilmiş, təmizlik, abadlıq işləri aparılmışdır. Qısa müddətdə 1500-ə qədər bəzək ağacı və gül kolu basdırılmış, idarə, müəssisə və təşkilatların həyətyanı sahələrində yeni tinglər əkilmişdir. Martın 27-də növbəti iməcilik keçiriləcəkdir.
Nərimanov rayonu
Martın 21-də 500-dən çox rayon sakini yaşayış məhəllələrində, idarə və müəssisələrdə iməciliklər keçirmiş, mindən çox həmişəyaşıl ağac əkmişlər. Onlar ağacların qurumuş budaqlarını kəsmiş, park və xiyabanlarda təmizlik, abadlıq işləri də aparmışlar. Rayon icra hakimiyyətindən verilən məlumata görə, martın 28-də ümumrayon iməciliyi keçiriləcəkdir.
Balakən rayonu
Balakənlilər Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq, rayon mərkəzində ulu öndərin adını daşıyan, sahəsi 18 hektar olan parkda 2 gündə 5 min ağac əkmişlər. Təzə salınan bu parkda yenə də iməciliklər keçirmək, yaşıllıqlar salmaq nəzərdə tutulur.
Abşeron
rayonu
Kampaniyanın gedişi müddətində Xırdalan şəhərində 15-20 min, rayonun kənd və qəsəbələrində isə 70-80 min ağacın əkilməsi nəzərdə tutulmuşdur. Həmin ağaclar xəstəxanaların, məktəblərin, uşaq bağçalarının həyətlərində, məhəllələrdə və istifadəsiz torpaq sahələrində əkiləcəkdir.
Neftçala
rayonu
İstirahət günləri keçirilən ümumrayon iməciliklərinə könüllü qoşulan yüzlərlə neftçalalı park və xiyabanlarda, küçə və meydanlarda aparılan yaşıllaşdırma tədbirlərində yaxından iştirak etmişdir. Qısa müddətdə 5 minə yaxın bəzək ağacı və 2 mindən yuxarı gül kolu basdırılmış, idarə, müəssisə və təşkilatların həyətlərində 5 hektara qədər yeni bağ salınmışdır.
Nizami
rayonu
Rayonda yaz mövsümünün gəlişi ilə əlaqədar “Yaşıllaşdırma aylığı” keçirilir. Rayon ərazisindəki Bəhruz Nuriyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsinə qədər uzunluğu 1 kilometr, eni 10-15 metr olan ərazini əhatə edən sahədə yaşıllaşdırma və abadlıq işlərinə başlanılmışdır. Bu məqsədlə rayonun və Dövlət Neft Şirkətinin, demək olar ki, bütün idarə və müəssisələrinin işçiləri, xüsusilə gənclər fəal iştirak edirlər. Əraziyə 1000-dən artıq ağacın əkilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, yol boyu işıqlandırma sistemləri təmir olunacaq, ağaclar əhənglənəcəkdir.
Yevlax
rayonu
Rayonda yeni park və xiyabanlar salınır, yaşıllaşdırma işlərinə ciddi diqqət yetirilir. Bunun nəticəsidir ki, son üç ildə rayon ərazisində ümumi sahəsi 9,3 hektar olan 11 xiyaban və park salınmış, onlarda minlərlə bəzək ağacı və gül kolu əkilmişdir. Son bir neçə gündə Bakı-Gəncə magistral avtomobil yolunun kənarında 35 mindən artıq müxtəlif ağac əkilmişdir. Rayonun bütün yaşayış məntəqələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır.
Tovuz
rayonu
“Hərəyə bir ağac əkək!” çağırışına ürəkdən qoşulan tovuzlular ötən şənbə keçirdikləri iməciliklərdə 5 min ting basdırmış, əlavə olaraq Heydər Əliyev seyrəngahı və Heydər Əliyev prospektində, rayonun küçə və meydanlarında, parklarında təzə ağaclar əkmiş, gül kolları basdırmış, yaşıllıqlar salmışlar. Gözəl təbiəti olan Tovuzda yaşıl örtüyün daha da artırılması, ətraf mühitin qorunması məqsədi ilə geniş tədbirlər planı hazırlanmış, kifayət qədər ağac tingləri və şitillər tədarük olunmuşdur. Bu Novruz günlərində Tovuzda hamı elliklə hərəyə əlavə olaraq bir ağac əkəcək, ona lazımi qulluq edib böyüməsini təmin edəcəkdir.
* * *
Novruz bayramı günlərində Lənkəran, Yevlax, Zərdab, Şəmkir, Samux, Xanlar, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Beyləqan, Füzuli və digər rayonlarda da “Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində iməciliklər keçirilmiş, yaşıllıqlar salınmış, park və xiyabanlarda təmizlik işləri görülmüş, ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu layihənin əhəmiyyəti açıqlanmışdır. Vətəndaşlar Azərbaycanın birinci xanımının təşəbbüsünü yüksək dəyərləndirərək, bu kampaniyada yaxından iştirak edəcəklərini bildirmişlər.
Xalq qəzeti.- 2007.- 27 mart.- № 62.- S. 4.