Mehriban Əliyeva Beynəlxalq Elmi Olimpiadaya sədrlik edəcək
Beynəlxalq Elm Olimpiadasının prezidenti Azərbaycana gəlib
Beynəlxalq Elm Olimpiadasının prezidenti Masno Ginting bu il dekabrın 2-11-də Bakıda keçiriləcək yeniyetmələr arasında VI Beynəlxalq Elm Olimpiadasına hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə gəlib. APA-nın məlumatına görə, qonağı qəbul edən gənclər və idman naziri Azad Rəhimov olimpiadanın Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçiriləcəyini açıqlayıb. Olimpiadada azı 57 ölkədən olan yeniyetmələr fizika, kimya və biologiya fənləri üzrə biliklərini sınayacaqlar. A. Rəhimov bildirib ki, tədbirin keçiriləcəyi Heydər Əliyev adına İdman Konsert Kompleksi bütün tələblərə cavab verir. Kompleks elmi sahədə təcrübələr aparmaq və bilik yarışı keçirmək üçün iki hissəyə bölünəcək.
Olimpiada Heydər Əliyev Fondunun, Azərbaycanın Gənclər və İdman, Təhsil nazirliklərinin, Türkiyə Təhsil idarəsinin Bakı filialı olan "Çağ Öğretim İşletmeleri"nin dəstəyi ilə keçiriləcək. Olimpiadada 50-dən çox ölkədən 15 yaşlı yeniyetmələr iştirak edəcək. İndiyə qədər olimpiada dörd ölkədə - İndoneziya (iki dəfə), Braziliya, Koreya və Tayvanda keçirilib.
Paritet.- 2009.- 2-3 aprel.- № 33.- S. 3.