Bakıda birinci beynəlxalq “Qızıl payız” musiqi festivalı başa çatmışdır
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında birinci Beynəlxalq “Qızıl payız” musiqi festivalı başa çatmışdır.
Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilən və 4 gün davam edən festivalın sonuncu günü Böyük Britaniya təmsilçisi “Klive Braun” vokal-qrupu çıxış etmişdır. “Klive Braun” qrupunun təqdim etdiyi konsert proqramı tamaşaçılar tərəfindən hərarətlə və alqışlarla qarşılanmışdır.
Qrup Bakı tamaşaçılarına şən, oynaq, qaynar musiqi ritmlərindən, caz və estrada nümunələrindən məharətlə istifadə olunmuş rəngarəng proqram təqdim etdirmişdir.
Bundan sonra M.Maqomayev adına Dövlət Filarmoniyasının səhnəsinə Azərbaycan musiqiçiləri çıxmışlar. Xalq artisti Rauf Babayevin rəhbərlik etdiyi “Qaya” vokal qrupu tamaşaçılara özünün yeni repertuarını təqdim etmişdir. Qrupun ifasında xüsusi musiqi parçası - 90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevə həsr olunmuş vokalizə alqış sədaları ilə qarşılanmışdır.
Həyat, ümid, sevinc bayramı olan birinci Beynəlxalq “Qızıl payız” musiqi festivalı nikbin əhvali-ruhiyyə ilə başa çatmışdır.
AZƏRTAC
2007, 8 oktyabr