Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Mehriban xanım Əliyeva Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinə 13 ədəd kompüter bağışlamışdır


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dekabrın 28-də Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində tərbiyə alan uşaqlara baş çəkmişdir.

Uşaq evinin həyətində Mehriban xanımı böyük səmimiyyətlə qarşıladılar. Milli geyimli oğlan və qız hörmətli qonağa gül dəstələri təqdim etdilər.

Burada təşkil olunmuş şənlikdə uşaqlar Mehriban xanımın gəlişi şərəfinə şerlər söylədilər, mahnılar oxudular, bir-birindən gözəl milli rəqslər ifa etdilər. Ümummilli liderimizə həsr olunmuş "Heydər baba" şeri böyük maraqla qarşılandı.

Bu Vətənə, bu xalqa,

Olmusan sipər baba!

Bütün türk dünyasının,

Babası Heydər baba!

Qədir bilən hər kəsin,

Qəlbində heykəlin var.

Gələcəyin əlini,

Sıxa bilən əlin var.

Dünyaya şəfəq saçan,

Nurlu, pak əməlin var.

Sizə haqdan pay gəlib,

O cürət, təpər baba

Bütün türk dünyasının,

Babası Heydər baba!

Sən qoşa bir zirvəsən,

Heydər baba dağıyla.

Sən dünyada məşhursan,

Atatürk qaynağıyla.

Gəlmisən bu dunyaya,

Ancaq sülh sorağıyla.

Əkdiyin hər bir toxum,

Cücərər, bitər baba!

Bütün türk dünyasının,

Babası Heydər baba!

Uşaqlar sevinclə bildirdilər ki, onlar bu il aprelin 23-də Türkiyədə beynəlxalq uşaq festivalında, Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə respublika uşaq evləri arasında keçirilmiş festival-müsabiqədə birinci yeri tutmuş, Qran-Pri mükafatı ilə təltif olunmuşlar.

Uşaqlar göndərdiyi bayram sovqatına görə də Mehriban xanıma təşəkkür etdilər.

Mehriban xanım Əliyeva balacaları Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik etdi. Sonra o, uşaq evində yaradılmış şəraitlə, balaca istedadların əl işləri ilə tanış oldu. Uşaq evinə Mehriban xanımın adından 13 ədəd müasir kompüter hədiyyə edildi. Uşaq evinin direktoru Nərminə Zöhrabova bu diqqət və qayğıya, bayram günləri ərəfəsində balacalara baş çəkib onları sevindirdiyinə görə Mehriban xanıma dərin təşəkkürünü bildirərək, son bir il ərzində görülən işlər, uşaqların təhsili və asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılan şərait, respublika səviyyəsində təşkil olunan yarışlarda qazanılan uğurlar barədə məlumat verdi. Bildirildi ki, burada 105 kimsəsiz uşağın yüksək səviyyədə təlim-tərbiyəsi üçün Təhsil Nazirliyi və yerli icra hakimiyyəti tərəfindən hər cür kömək göstərilir.

Mehriban xanım Əliyeva burada yaradılmış şəraitdən razılığını vurğulayaraq kimsəsiz uşaqları gələcəkdə cəmiyyətdə layiqli yerlərini tutmaları üçün dövlət tərəfindən bundan sonra da hər cür tədbirlərin görüləcəyini bildirdi. O, ana nəvazişindən məhrum olmuş körpələri bağrına basaraq, onlarla səmimi söhbət etdi və yadigar olaraq xatirə şəkli çəkdirdi.


Xalq qəzeti.- 2004.- 29 dekabr.- № 301.- S. 3.