Əməkdaşlığımızın 20 ili
Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə qurumun baş qərargahında mərasim keçirilmişdir. Tədbirdə iştirak edən Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə təşkilatın baş direktoru İrina Bokovanın görüşü olmuşdur.
Burada Azərbaycanla UNESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılmış, bu münasibətlərin bundan sonra da inkişaf edəcəyi vurğulanmışdır.
Görüşdə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin bu il dekabrın 2- dən 8-dək Bakıda keçiriləcək iclası barədə müzakirələr aparılmışdır.
Sonra Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır. Azərbaycan tərəfdən sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən baş direktor İrina Bokova imzalamışlar.
İ. Bokova rəhbərlik etdiyi qurumla Azərbaycan arasında olan çoxillik əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, Mehriban Əliyevanın mədəni irsin qorunmasına göstərdiyi dəstəyi xüsusilə vurğulamışdır. Qeyd olunmuşdur ki, imzalanan saziş təhsil, mədəniyyət və ətraf mühitin qorunması sahələrində Azərbaycan və UNESCO-nun birgə səylərini dəstəkləyən fondun yaradılması istiqamətində mühüm addımdır.
Nazir Əbülfəs Qarayev Prezident İlham Əliyev və Azərbaycan hökuməti adından ölkəmizlə UNESCO arasında humanitar, təhsil, səhiyyə, sosial, mədəni məsələlər üzrə əməkdaşlığın inkişafından dərin məmnunluğunu ifadə etmişdir.
Sonra təşkilata üzv olmağımızın 20 illiyi münasibətilə Azərbaycan tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinin UNESCO-ya təqdim olunması mərasimi keçirilmişdir. İştirakçılar ölkəmizin ərazisində tapılan daş abidələrin fotostendi ilə tanış olmuşlar.
UNESCO-nun baş qərargahının həyətində qoyulan heykəllər burada daimi olaraq sərgilənəcəkdir. XII-XIII əsrlərə aid olan heykəllər Tovuz rayonunun Aşağı Eyyublu kəndindən tapılmışdır. Mərasimdə çıxış edən İrina Bokova təqdim olunan heykəlləri Azərbaycanla qurum arasında əməkdaşlıq və dostluğun rəmzi kimi qiymətləndirmişdir.
Bu ilin mayında Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" mövzusunda II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini xatırladan baş direktor cari ilin dekabrında Azərbaycan paytaxtında daha bir mötəbər tədbirin - UNESCO- nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclasının keçiriləcəyini iştirakçıların nəzərinə çatdırmışdır: "Bütün bunlar əməkdaşlığımızın miqyasını və Azərbaycan rəhbərliyinin UNESCO ideallarının təbliğinə yüksək diqqətini göstərir. Bu ölkənin zənginliyi təşkilatın nıədəniyyətlər arasında davamlı dialoqdan bəhs edən Mərkəzi Asiya sivilizasiyalarının tarixində əksini tapmışdır. Bu, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qədim İçərişəhərin divarlarında təzahür edir. Biz Azərbaycanın təkrarolunmaz qeyri-maddi irsində də bunun şahidi oluruq...
Açılışını etdiyimiz heykəllərdə ölkənizin ruhunun tərənnüm olunduğunu görürəm. Onlar orta əsrlərdə yaranan, şifahi şəkildə nəsildən-nəslə ötürülən sənət formasını, xalqları və dinləri, həyatla ölüm arasında körpülərlə sərhədləri bir araya gətirən kosmoqrafıyanı ifadə edir. Təbii ki, hədiyyəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm".
Baş direktor may ayında UNESCO-da böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinin də qeyd olunmasını əlamətdar hadisə kimi xatırlatmışdır: "Məhsəti Gəncəvi insan ruhunun məziyyəti haqqında şeirlər yazırdı. Düşünürəm ki, onun şeirlərinin fəlsəfəsi sülh naminə dialoqun məğzi və həmçinin UNESCO-nun ruhudur".
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfıri Mehriban Əliyeva mərasimdə çıxış edərək ölkəmizin ənənəvi daş sənətinin iki gözəl nümunəsinin UNESCO-ya hədiyyə edilməsindən məmnunluğunu bildirmişdir: "Azərbaycanda memorial abidələr yaratmaq ənənəsi qədim dövrlərə təsadüf edir və onların əksəriyyətinin həm tarixi, həm də bədii dəyəri vardır və hər biri bizim qədim və zəngin mədəni irsimizin önəmli parçasıdır. Bu iki gözəl heykəlin burada - UNESCO-nun qərargahında yerləşdirilməsinə görə baş direktora və UNESCO-nun katibliyinə dərin minnətdarlığımı bildirmək istərdim".
Mehriban xanım Əliyeva Azərbaycanla UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulamışdır: "Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir. Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar qazana və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Mədəni irsimizin qorunması Azərbaycan hökuməti üçün prioritet istiqamətdir. Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, xalça sənəti, tar ifası, Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Eyni zamanda, Qız Qalası, İçərişəhər, Şirvanşahlar Sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO- nun Dünya İrsi Siyahısına salınmışdır.
Bu nüfuzlu təşkilat bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Burada biz Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileylərini qeyd etmişik və bu fürsətə görə UNESCO-ya minnətdarıq. Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir. Bu gün beynəlxalq ictimaiyyət bizim ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi kimi tanıyır. Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşamışlar. Ölkəmiz UNESCO-nun Mədəniyyətlərarası Dialoq üzrə Bakı Forumunun rəsmi tərəfdaşı olması faktını yüksək qiymətləndirir.
Bu gün biz UNESCO ilə Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair Çərçivə Sazişi imzaladıq. Bu da əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaqdır. Mən inanıram ki, bu saziş beynəlxalq səviyyədə başlanmış prioritet proqramlara və təşəbbüslərə dəstək olmaqla UNESCO-nun ideallarının və prinsiplərinin dünyada təbliğinə töhfə verəcəkdir".
Tədbirin sonunda iştirakçılara Azərbaycanda tapılan daş heykəllərin tarixini əks etdirən kitablar paylanılmışdır...
Mədəni həyat.- 2013.- № 8.- S.9-10.