61 əfv, 10 amnistiya
Ötən 21 il ərzində 125 mindən artıq şəxsin cinayət əməli dövlət tərəfindən bağışlanıb
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə mərhələsinə qədəm qoyan Azərbaycanda humanist aktların həyata keçirilməsi ənənəsi də formalaşdı. Bu mənada ulu öndər Heydər Əliyevin şəxsiyyətini dahi insan, əsl lider kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun humanistliyi, cinayət törətmiş və bu əməlindən peşmançılıq keçirən şəxsləri bagışlaması idi.
Məhz ulu öndərin humanist dəyərlərə bağlılığının nəticəsi olaraq, 1995-ci ildən sonra ölkəmizdə məhkum olunmuş şəxslərin əfv edilməsi, bağışlanması müsbət ənənəyə çevrilmişdir. Heydər Əliyevin sayəsində dövlətimizin öz vətəndaşlarını törətdiyi əmələ görə bağışlaması humanizm siyasətinin formalarından biri kimi təşəkkül tapmışdır. Ümummilli lider Heydər Əliyev əfvetmə institutunun fəaliyyətini bərpa etməklə vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmış, cəzanın müvafiqliyi və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşmış, bu məqsədlə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, habelə ədalət mühakiməsinin səmərəliyinin artırılması məqsədilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olmuşdur.
Şəxsiyyət azadlığına humanist münasibətin formalaşdığı respublikamızda 1995-2013-cü illərdə Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış və bu, 3104 məhkuma şamil edilmişdir. Həmçinin 1996-2003-cü illərdə 7 dəfə amnistiya elan edilmişdir. Amnistiya aktları törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirən 77 mindən çox insana şamil edilmiş, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur.
Şərqdə ölüm cəzasını ləğv edən ilk ölkə
Azərbaycanda həm keçmiş sovetlər ittifaqı zamanı, həm də dövlət müstəqilliyini bərpa edəndən sonra Cinayət Məcəlləsində ölüm cəzası nəzərdə tutulmuşdu. Amma statistika göstərir ki, ən çox ölüm cəzası AXC-Müsavat hakimiyyətinin birillik hakimiyyəti dövründə icra olunub. Məsələn, 1988-ci ildə 5 nəfər, 1989-cu ildə 6 nəfər, 1990-cı ildə 3 nəfər haqqında ölüm hökmü icra edilib. Bundan sonra üç il ərzində ölüm hökmləri icra olunmadığı halda 1993-cü ilin fevral ayında 8 nəfər barəsində ölüm hökmləri tələsik yerinə yetirilib. Ali Sovetə o dövrdə sədrlik edən İsa Qəmbərov 1992-ci il iyunun 16-da 7 nəfərin bağışlanma haqqında vəsatətlərini, əslində, buna səlahiyyəti olmadığı halda rədd edib və bu barədə müvafiq fərmanlar imzalayıb. Ölkəyə rəhbərlik edən Əbülfəz Əliyev isə 1993-cü il yanvarın 5-də ölüm cəzasına məhkum olunmuş iki şəxsin vəsatətlərinin rədd edilməsinə dair fərman verib. Beləliklə, 8 nəfər haqqında ölüm hökmü icra olunub, bir nəfər bu hökm icra edilənə qədər həbsxanada vəfat edib.
Lakin 1993-cü ilin iyun ayından - ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyə başlamasından sonra Azərbaycanda ölüm hökmünün icrası dayandırıldı. Faktiki olaraq, bu cəzanın icrasına moratorium qoyuldu. Sonrakı illərdə bu cəzanın tamamilə ləğv olunması istiqamətində bir sıra addımlar atıldı. Ulu öndərin təşəbbüsü ilə Azərbaycanın o dövrkü Cinayət Məcəlləsində ölüm cəzası ilə əlaqədar olan maddələrə yenidən baxıldı. Bununla bağlı Milli Məclisin qəbul etdiyi qərarlarda 21 maddədən ölüm cəzası götürüldü.
1998-ci ildə Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü tamamilə ləğv edildi. Həmin il yanvarın 22-də Heydər Əliyev bəyanat verərək ölüm hökmünün ləğv edilməsi təşəbbüsünü irəli sürdü. Bəyanatda ölüm hökmü ilə bağlı bütün məsələləri ətraflı təhlil edən ulu öndər bildirdi ki, Azərbaycanın Cinayət Məcəlləsində ölüm hökmü ilə əlaqədar olan bütün maddələr dəyişilməlidir və bu hökmə məhkum olunmuş insanların cəzası müvafiq qaydada uzunmüddətli cəzalarla əvəzlənə bilər. Bununla əlaqədar Azərbaycanın Milli Məclisinə qanunvericilik təşəbbüsü ilə təqdimat göndərdiyini qeyd edən Heydər Əliyev ümidvar olduğunu bildirirdi ki, parlament bu humanist addımı dəyərləndirəcək və beləliklə, Azərbaycanda ölüm hökmü tamamilə ləğv olunacaq.
Həmin il Milli Məclis ulu öndərin ölüm hökmünün tamamilə ləğvi ilə əlaqədar təşəbbüsünü dəstəkləyərək tarixi qərar qəbul etdi. Beləliklə, Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Bəzi dövlətlərdən fərqli olaraq Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməmişdən hələ 3 il öncə ölüm hökmünü ləğv etməklə yüksək humanizm nümayiş etdirdi.
Son 13 ildə 6 min 472 nəfər əvf edilib
Ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ötən 13 ildə imzalanan çoxsaylı əfv fərmanları ilə ailə vəziyyəti, həbsxanadakı davranışı nəzərə alınaraq minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılıb, cəzaları yüngülləşdirilib, neçə-neçə ailəyə sevinc bəxş edilib. Əfv fərmanlarında törətdiyi cinayət əməlindən peşman olan məhkumların islah olunaraq layiqli vətəndaş kimi cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi əsas məqsəd kimi nəzərdə tutulub.
Sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinin əsas götürüldüyü qeyd edilib. Bu sərəncam bir daha Azərbaycan dövlətinin humanizm siyasətinə üstünlük verdiyini göstərir. Martın 18-də cəzaçəkmə müəssisələrində əfv fərmanının icrası həyata keçirilmişdir. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunmuşdur.
Prezident İlham Əliyevin sonuncu əfv sərəncamı Novruz bayramı ərəfəsində qohum-əqrəbası həbsdə olan bir çox ailələrə sonsuz sevinc bəxş etdi. Müxtəlif səbəblərdən azadlıqdan məhrum edilərək həbsə alınan və artıq cəzalarının müəyyən bir hissəsini çəkən, eyni zamanda, islah olunma istiqamətində müsbət nəticələr əldə edən azad cəmiyyətə qovuşdular və şübhə yoxdur ki, onlar ictimai həyatda öz yerlərini tutacaqlar. Bu, həmin insanlara bundan sonra həyatda öz yollarını düzgün seçməklə bağlı verilmiş çox gözəl şansdır. Belə bir şansın verilməsi dövlətimizin humanizm siyasətinin mahiyyətindən və məzmunundan doğur. Əfv sərəncamının bayram ərəfəsində imzalanması isə xüsusilə gözəl ovqat yaradır. Çünki həm əfvə düşən insanlar, həm də onların ailə üzvləri və yaxın qohumları bayramı daha yüksək əhvali-ruhiyyədə qeyd edirlər.
Xatırladaq ki, bu, Prezident İlham Əliyevin sayca 29-cu əfvi idi. Dövlət başçısı indiyədək 6 min 472 nəfər məhkuma azadlıq bəxş edib.
Humanizm məfkurəsinə sadiqlik
Heydər Əliyevin mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək qayğı və yardıma ehtiyacı olanlara kömək göstərmək, Azərbaycanın inkişafı, xalqımızın rifahı naminə zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirən Heydər Əliyev Fondunun başlıca məramlarından biridir
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva hələ 2007-ci ildə Heydər Əliyevin humanist siyasətinə sədaqət nümayiş etdirərək, ulu öndərin anadan olmasının 84 illiyi münasibətilə xatirəsinə ehtiramın ifadəsi olaraq amnistiya elan edilməsi barədə parlament qarşısında təşəbbüs qaldırmış və konkret qərar layihəsini təqdim etmişdi. Qəbul edilən amnistiya qərarından o zaman 9877 nəfər məhkum bəhrələnmişdi. Penitensiar Xidmət müəssisələrində cəza çəkən 2861, intizam xarakterli hərbi hissədə saxlama cəzası çəkən 104, islah işləri növündə cəza çəkən 2091, ictimai işlər növündə cəza çəkən 226 və maddi vəziyyəti ilə əlaqədar 3 milyon manatdan artıq məbləğdə cəriməni ödəyə bilməyən 4225 məhkum amnistiya nəticəsində cəzalardan azad edildi. Həmçinin şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 370 məhkum barəsində də amnistiya tətbiq olundu.
Azərbaycan Milli Məclisinin 2009-cu ilin mart ayında Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul etdiyi “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” qərarı da Heydər Əliyevin humanizm prinsiplərinin davam etdirilməsinin növbəti bariz nümunəsi idi. Böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar amnistiyanın təsir dairəsinə düşdülər. Qərar həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara şamil edildi.
Azərbaycan Milli Məclisi növbəti dəfə 2013-cü il mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək ümummilli liderin 90 illik yubileyi münasibətilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul etdi. Qərar 10 min 40 nəfər şəxsi əhatə etdi və Penitensiar Xidmət üzrə 2834 nəfər məhkuma tətbiq olundu. Onlardan 679 nəfər cəzaçəkmə müəssisələrindən, 1588 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrindən azad edildi, 567 nəfərin isə cəza müddəti 6 ay azaldıldı.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bir neçə gün əvvəl ulu öndərin ideyalarını yaşadan, humanizm, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirən, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq və amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək, 28 May - Respublika Günü münasibəti ilə amnistiyanın elan edilməsini təklif etdi. Bununla bağlı qərar layihəsi parlamentin mayın 20-də keçirilən iclasında müzakirəyə çıxarıldı.
Layihə ilə bağlı çıxış edən Mehriban xanım Əliyeva ümidvar olduğunu bildirib ki, amnistiyanın şamil olunacağı şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarını istifadə edəcəklər: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik. Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək. Ümidvaram ki, amnistiyanın şamil olunacağı şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarını istifadə edəcəklər”.
Müzakirələrdən sonra “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edildi. İyunun 15-dən icra olunacaq qərara əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad ediləcəklər. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Amnistiya aktı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını əhatə edəcək. Bundan başqa, islah işlərinə, ictimai işlərə, cərimə cəzalarına məhkum edilmiş şəxslərə də amnistiya şamil ediləcək. Ümumilikdə 10 min məhkum amnistiya aktının təsiri altına düşəcək, onlardan 3 min 500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad ediləcək.
Ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan dəyərli ənənəyə çevrilib. Fondun amnistiya təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin liberallaşdırılmasına, məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib. Belə təşəbbüslər həmçinin ölkəmizdə ictimaiyyətin xoş ovqatının daha da yüksəlməsinə böyük töhfəsini verir.
Beləliklə, 1995-ci ildən sonra imzalanan 61 əfv fərman və sərəncamları ilə 9576 nəfər əfv edilib. Budəfəki - 10-cu amnistiya aktının icrasından sonra isə ötən 20 ildə amnistiyaya düşmüş şəxslərin sayı 116 min nəfərdən çox olacaq.
Rəşad Cəfərli
Azərbaycan.- 2016.- 28 may.- № 115.- S. 8.