Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın YUNESKO-nun baş direktorunun xanımı Takaka Matsuura ilə görüşü
Avqustun 24-də Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun baş direktorunun xanımı Takaka Matsuura ilə görüşmüşdür.
Söhbət zamanı Mehriban Əliyeva ölkəmizdə gedən ictimai-siyasi proseslərdə qadınların rolu barədə qonağa məlumat verdi. Azərbaycanda gender siyasətinin uğurla tətbiq olunduğunu söyləyən Mehriban xanım qadınların Milli Məclisdə və yüksək dövlət vəzifələrində təmsil olunmalarına dair çoxsaylı misallar gətirdi.
Mehriban Əliyeva Azərbaycanda elmin, mədəniyyətin tərəqqisində, mədəni irsin qorunması və təbliğində YUNESKO-nun dəstəyini yüksək qiymətləndirdi.
Xanım Takaka Matsuura Bakıda keçirdikləri görüşlərdən aldığı təəssüratlarını bölüşdü. O, müstəqillik əldə etdikdən sonra Azərbaycanda baş verən köklü dəyişikliklərin öz ölkəsində maraqla izləndiyini söylədi, YUNESKO-nun Azərbaycana diqqət yetirməsinin təsadüfi olmadığını bildirdi.
Xalq qəzeti.- 2005.- 25 avqust.- № 196.- S. 6.