Heydər Əliyev Fondunun laçınlılara böyük töhfəsi
Daimi dövlət qayğısı qaçqın və məcburi köçkün uşaqlarının təlim-tədris prosesini təkmilləşdirmişdir
Hər bir xalqın dünyagörüşünün dərinləşməsi, elmi bilik və bacarıqlarının artması, kamilliyinin təmin olunması milli təhsil sistemindən keçir. Təhsil sisteminin inkişafı və daha yüksək səviyyəyə qaldırılması üçün onun maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir tipli yeni məktəblərin inşası, tədris prosesinə normal şəraitin yaradılması zəruri amildir. Respublikamızın son illərdə yüksək göstəricilərlə müşahidə olunan sosial-iqtisadi tərəqqisi bütün sferalar kimi təhsil sisteminin də inkişafını sürətləndirərək onun keyfiyyət baxımından müasir tələblərə uyğun yeni forma almasına səbəb olmuşdur.
Təhsillə bağlı qarşıya qoyulan məqsəd bu sahəni çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdən, intellektli gələcək nəslin yetişdirilməsindən ibarətdir. Elə təkcə ötən il ərzində 161 yeni məktəb binasının tikilməsi, 129 təhsil ocağının əsaslı təmir olunması dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıya bariz nümunədir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramına uyğun olaraq 200-dən çox gənc dünyanın 45 aparıcı ali məktəbinə təhsil almağa göndərilmişdir.
Cəmiyyətimizin hərtərəfli tərəqqisini şərtləndirən təhsilin inkişafı faktoru köklü dəyişiklik və islahatları diktə edir. Məhz bu səbəbdən də həmin istiqamətdə dövlət səviyyəsində görülən işlər ilbəil artmaqdadır. Son illərdə təhsilin bütün sahələrini əhatə edən və uğurla həyata keçirilən 14 dövlət proqramı üzrə ayrılan büdcə vəsaiti 5 dəfədən çox artaraq 1,1 milyard manat təşkil etmiş, investisiya qoyuluşlarının həcmi isə 220 milyon manata çatmışdır. Ötən beş il ərzində dövlət vəsaiti, Heydər Əliyev Fondunun dəstəyi və digər mənbələr hesabına 1300-ü regionlarda olmaqla, 1600 məktəb binası inşa edilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, mədəni cəhətdən inkişaf etmiş yüksək intellektli nəslin yetişdirilməsinə hesablanan çoxşaxəli fəaliyyət bu sahədə çalışanlara böyük örnəkdir. Fondun təhsil sahəsinin inkişafına göstərdiyi dəstək öz töhfəsini verməkdədir. Təkcə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ən müasir avadanlıqla, informasiya texnologiyaları ilə təmin olunmuş 238 məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlar çərçivəsində son beş ildə 44 min şagird yerlik 226 yeni məktəb binası tikilmiş, 47 məktəb və uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir.
Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi, həmçinin dünya standartlarına uyğunlaşdırılması istiqamətlərində dövlət tərəfindən görülən işlər yaxın illərdə daha da sürətlənəcəkdir. Cəmiyyətimizin maariflənməsinə, milli-mənəvi intibaha xidmət edən təhsil proqramlarının ümdə məqsədi həm də bölgələrdə yeni təhsil ocaqlarının inşası, maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün ailələri uşaqlarının təlim-tədrisi prosesi, münaqişədən zərər çəkmiş ailələrin çətinliklərinin aradan qaldırılması qarşıda duran başlıca vəzifələrdəndir. Ötən illərdə bu məqsədlə Dövlət Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənməklə 54 yeni qəsəbə salınmış, 15 mindən artıq ev tikilmişdir. Məcburi köçkünlərin problemlərinin həlli, məşğulluğunun təmin edilməsi Prezident İlham Əliyevin gündəlik nəzarətində və hökumətin diqqət mərkəzindədir. Bu məqsədlə ölkə başçısı tərəfindən son 5 ildə 19 fərman və sərəncam imzalanmışdır. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemləri ilə yerindəcə tanış olur, bu ailələrdə böyüyən şagirdlərin intellektual nəsil kimi yetişməsinə xüsusi diqqət yetirir. Dövlət başçısının ötən il Beyləqan rayonu ərazisindəki Xocavənddən olan məcburi köçkünlər üçün şəhərcikdəki 360 yerlik orta məktəbin binasının açılışında iştirakı, Xanlar (indiki Göygöl) rayonunda şəhid İbrahim Hüseynov adına 1 nömrəli orta məktəbdə, Yeni Zod kəndində qaçqınlarla və Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə, Qarabağ müharibəsi əlilləri ilə görüşlər də bu qəbildən idi.
Ərazilərimizin bir hissəsinin işğalı, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar doğma yurd-yuvalarından didərgin düşmüş minlərlə qaçqın və məcburi köçkün uşaqların təhsil alması istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlaması, dövlət qayğısı bu ailələrin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına səbəb oldu. Yeni salınmış qəsəbələrdə tikilmiş məktəb binaları, təlim-tədris prosesinə lazımi şəraitin yaradılması müharibə acısını yaşamış gələcək nəslin yüksək intellektli gənclər kimi formalaşmasına imkan yaradır.
Məcburi köçkünlərin təhsil problemlərinin həlli istiqamətində görülən işlər bu gün də davam etdirilir. Bakının Binə qəsəbəsində istifadəyə verilən, yeni mebel dəstləri və avadanlıqları ilə təchiz edilmiş şəhid Pənah Məmmədov adına 46 nömrəli Laçın köçkün məktəbi müharibədən zərər çəkmiş ailələrə dövlət qayğısının təcəssümüdür. Burada yüksək səviyyəli təlim-tədris prosesinin aparılmasına geniş şərait yaradılıb. Ümumi ərazisi 814 kvadratmetrlik olan 260 şagirdin təhsil aldığı orta məktəb 16 sinif otağından ibarətdir.
Ərazidə məskunlaşmış əhalinin 80 faizi məcburi köçkünlərdir. Burada orta məktəbin olmasına böyük ehtiyac var idi. Bir qrup məcburi köçkün ərazidə orta məktəbin tikilməsinə yardım göstərməsi xahişi ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müraciət etdi. Müraciət dərhal öz nəticəsini verdi. 2007-ci ilin oktyabr ayında məktəb binasının tikilməsinə başlanıldı.
2008-ci ilin Bilik günü - sentyabrın 15-də istifadəyə verilən məktəb müasir tələblərə tam cavab verir. Məktəbdə 315 şagirdin təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Laçınlılara daimi dövlət qayğısı 46 nömrəli məktəbdə çalışan müəllimlərin tədris prosesində daha fəal iştirakına, yüksək intellektli və savadlı kadrların yetişdirilməsinə səbəb olur. İndi hər bir təhsil işçisi onun üçün yaradılmış yüksək iş şəraitində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Laçından olan məcburi köçkünlərə xüsusi diqqət, uşaqların maarifləndirilməsi istiqamətində atılan addımlar qarşımıza həlli vacib olan vəzifələr qoyur. Məcburi köçkünlərin təhsil aldıqları məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təlim-tədris prosesinə xüsusi nəzarət tədrisin keyfiyyətini yüksəltmək üçün əlverişli şərait yaratmışdır. Bu işdə bizə Laçın və Əzizbəyov rayonlarının icra hakimiyyətləri orqanlarının da dəstəyini xüsusi vurğulamaq istərdim. Bütün bunlar biz müəllimlərə işimizə daha məsuliyyətlə yanaşmağa, yüksək savadlı gənc nəslin yetişdirilməsinə səylə çalışmağa, eləcə də tədris prosesini müasir standartlar səviyyəsinə qaldırmağa əsaslı şəkildə kömək edir. Belə olan təqdirdə biz müəllimlər elmi bilik və bacarıqları mükəmməl şəkildə qavrayan yeni gənc nəslin hazırlanması kimi mühüm vətəndaşlıq borcunun yerinə yetirilməsinə daha əzmkarlıqla çalışmalıyıq. Prezident İlham Əliyevin daimi diqqət və nəzarəti, eləcə də Heydər Əliyev Fondunun qayğısı şəraitində bu vəzifələrin öhdəsindən layiqincə gələcəyimizi indi daha aydın şəkildə anlayırıq. Qarşılaşdığımız problemlərin dövlət qayğısı nəticəsində həlli uşaqların intellektual kadrlar kimi yetişməsini sürətləndirir.
Baxşeyiş Ağayev
Azərbaycan.- 2009.- 14 aprel.- № 78.- S. 3.