Heydər Əliyev Fondunun vəsaiti hesabına
AzərTAc xəbər verir ki, Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki 2 nömrəli internat məktəbdə Heydər Əliyev Fondunun vəsaiti ilə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Fondun işləyib hazırladığı "Uşaq evləri və İnternat məktəblərinin inkişafı" proqramı çərçivəsində 1985-ci ildə tikilmiş məktəbin üçmərtəbəli 3 yataqxanası, tədris korpusu, yeməkxanası, yardımçı binaların dam örtüyü, bütün kommunikasiya xətləri təzələnmiş, ilk dəfə olaraq istilik sistemi quraşdırılmışdır. İdman salonu və meydançaları, əyləncə mərkəzi, istirahət guşələri də tamamilə yenidən qurulmuş, həyətə asfalt döşənmiş, tibbi yardım kabinələri müasir avadanlıqla komplektləşdirilmişdir. Hazırda məktəbdə valideyn himayəsindən məhrum olmuş 280 uşaq təlim-tərbiyə alır, 52 müəllim və tərbiyəçi, 42 xidmətçi çalışır. Məktəb 9 illik təhsil verir. Buranı qurtaranlar orta təhsil verən digər məktəblərə köçürülürlər. Məktəbdə əmək təlimi dərslərinə xüsusi diqqət yetirilir, uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan yaradılır, Məktəbin şagirdlərindən ibarət nəfəs alətləri orkestrinin çıxışları isə ümumşəhər miqyaslı tədbirlərdə də hər dəfə hərarətlə qarşılanır.
İki sahil.- 2005.- 2 noyabr.- № 212.- S. 1.