Çap etmək   ⁞     ⁞   UNESCO

YUNESKO-da Azərbaycan xalçalarının sərgisi açılıb


Fransada səfərdə olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə Azərbaycan Mədəniyyəti günləri çərçivəsində bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib."AzərTac" dövlət informasiya agentliyinin verdiyi məlumata görə, aprelin 18-də Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi açılıb. Sərginin açıldığı tarixi "Vandom" meydanındakı "Eğvö" hotelində Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik Mitteranla görüşüb.

Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyib, bu ilin fevralında Parisdə Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunan tədbirin böyük uğurla keçdiyini bildirib. O, Fransanın mədəni irsini Azərbaycanda nümayiş təşəbbüsüylə çıxış etdiyini söyləyib, Fransaya məxsus 100 mədəniyyət nümunəsinin Azərbaycanda müxtəlif sərgilərdə göstərilməsinin nəzərdə tutulduğunu deyib.

Mehriban Əliyeva bu təşəbbüsə Azərbaycan hökumətinin dəstək verdiyini bildirib, bu tədbirin uğurla keçməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. O, Fransanın mədəniyyət nazirini Azərbaycana səfərə dəvət edib, nazir dəvəti qəbul edib.

Görüşdən sonra Mehriban Əliyeva və Frederik Mitteran Azərbaycanın 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu "Odlar yurdu Azərbaycanın müasir əsərləri" adlı sərgiyə baxıblar. Görkəmli rəssamlardan Tahir Salahovun, Toğrul Nərimanbəyovun da qatıldığı sərgi Azərbaycanın, Bakının gözəlliyini əcnəbi auditoriyaya uğurla çatdırıb.

Mehriban Əliyeva aprelin 19-da YUNESKO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokova ilə görüşüb. YUNESKO-nun baş direktoru bu yaxınlarda Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun böyük uğur qazandığını bildirib, Bakının artıq mədəniyyətlərarası dialoq sahəsində ənənəvi yer tutduğunu deyib. Mədəniyyətlərarası dialoqun YUNESKO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edən İrina Bokova Mehriban Əliyevanın bu sahədə rolunu xüsusi vurğulayıb, onu bu ilin sentyabrında keçiriləcək YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısına dəvət edib. Dəvət qəbul olunub.

Öz növbəsində, millət vəkili Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qəbul edilən mühüm qərarların kağız üzərində deyil, həyatda reallaşmasının vacibliyini vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti deyib ki, məhz bu ideyanın həyata keçirilməsi üçün indi beynəlxalq səylərə daha çox ehtiyac var.

Görüşdə Azərbaycan-YUNESKO əməkdaşlığının inkişaf etdiyi, YUNESKO-da baş tutan budəfəki mədəniyyət mərasiminin bunun bariz nümunəsi olduğu bildirilib.

Sonra YUNESKO-da Azərbaycan xalçalarının sərgisi açılıb. Sərgidə coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunub. Xalçalar sərgiyə gələnlərdə böyük maraq doğurub. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırıb.

Sərgidən sonra təntənəli mərasim başlayıb. Qonaqları salamlayan İrina Bokova Azərbaycanın birinci xanımının YUNESKO ilə sıx əməkdaşlığına toxunub, deyib ki, Mehriban Əliyeva 2004-cü ildən YUNESKO-nun xoşməramlı səfiridir və bu dövrdə öz fəaliyyəti ilə YUNESKO ailəsinə böyük töhfələr verib. Azərbaycanın birinci xanımı musiqi irsinin qorunmasında, eləcə də mədəniyyətlərarası dialoqun əldə edilməsində mühüm xidmətlər göstərib. O, Heydər Əliyev Fondunun da bu sahədə təqdirəlayiq fəaliyyəti ilə seçildiyini diqqətə çatdırıb, dünya musiqi sərvətinin incisi olan muğamın YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edildiyini vurğulayıb.

Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirib ki, qədim tarixə malik Azərbaycanda 1918-ci ildə Şərqdə ilk dəfə demokratik respublika qurulub, müsəlman aləmində ilk dəfə məhz bizim ölkədə qadınlara seçmək və seçilmək hüququ verilib. Mehriban Əliyeva ölkəmizin Ermənistanın işğalına məruz qaldığını söyləyib və bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkədə böyük sosial-infrastruktur layihələri həyata keçirilir, səhiyyə ocaqları, məktəblər tikilir. Millət vəkili Mehriban Əliyeva YUNESKO-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirib, bildirib ki, bunu muğamın, Azərbaycan xalçalarının və xalqımızın ən qədim bayramı olan Novruzun YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilməsi də göstərir. Heydər Əliyev Fondunun fəaliyyətindən danışan Mehriban Əliyeva Fond ölkənin həyatında genişmiqyaslı fəaliyyət göstərdiyini, bu sırada YUNESKO ilə birgə həyata keçirilən layihələrin də xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra Azərbaycanın gənc istedadları YUNESKO-da möhtəşəm konsert proqramıyla çıxış ediblər.


Xalq Cəbhəsi.- 2011.- 21 aprel.- № 69.- S. 5.