Çap etmək   ⁞     ⁞   UNESCO

YUNESKO-da Azərbaycan günü keçirilmişdir


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva YUNESKO-nun 60 illiyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda” adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirdə iştirak etmək üçün Parisə gəlmişdir. YUNESKO-nun iqamətgahında Mehriban xanımı təşkilatın baş direktorunun müavini Marsio Barboza, protokol idarəsinin başçısı Jan Lük Şan, xoşməramlı səfirlər proqramının rəhbəri Basma İrşed, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Hüseynova və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.

Azərbaycan günü YUNESKO-nun sərgi salonunda təşkil olunmuş və respublikamızın gözəl mənzərələrini, zəngin mədəniyyətini, tarixini, xalqımızın adət-ənənələrini, mədəni irs nümunələrini, azsaylı xalqların həyatını əks etdirən fotoşəkillərdən, misgərlik sənətinin nümunələrindən ibarət sərgi ilə açıldı.

Sərgini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xoşməramlı səfir Mehriban xanım Əliyevanın səyləri sayəsində son zamanlar YUNESKO ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulamış, təhsil sisteminin yenidən qurulmasında təşkilatın ölkəmizə köməyindən, Azərbaycanda milli azlıqların mədəniyyətinin inkişafına dövlət qayğısından, mədəni və qeyri-maddi irsin qorunub saxlanılmasında, abidələrimizin Dünya mədəni irs siyahısına daxil edilməsində YUNESKO-nun rolundan danışmışdır.

Xoşməramlı səfir Mehriban xanım Əliyeva və təşkilatın baş direktoru Koişiro Matsuura sərgi ilə yaxından tanış olmuşlar.

Sonra Mehriban Əliyeva açılış mərasimində çıxış etmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışı

– Xanımlar və cənablar!

Hörmətli qonaqlar! İlk növbədə, mən sizin hamınızı Azərbaycan gününün təqdimatında salamlamaq və bu cür mühüm təbdirdə iştirak etdiyinizə görə öz təşəkkürümü bildirmək istəyirəm.

Bu gün burada bizimlə birgə olduğuna görə YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuraya xüsusi minnətdarlığımı ifadə edirəm.

Bu il biz YUNESKO-nun 60 illiyini qeyd edirik. Ötən 60 il ərzində YUNESKO dünya mədəniyyəti, təhsili və elminin inkişafına, habelə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqa böyük töhfə vermişdir. Sülh, dözümlülük, mədəni irs kimi universal dəyərlər YUNESKO-nun fəaliyyətinin əsasını təşkil edir. Yoxsulluğun azaldılması, hamı üçün təhsil və dünyadakı bütün millətlərin inikişafı həmin fəaliyyətin ayrılmaz hissəsidir.

Bu gün biz YUNESKO-nun Dözümlülük həftəsi – “Sivilizasiyalararası dialoq” çərçivəsində Azərbaycan gününü keçiririk və fikrimcə, bu, çox rəmzi xarakter daşıyır. Çünki dünən bizim bir müstəqil ölkə kimi 15 yaşımız tamam oldu.

Azərbaycan zəngin mədəni irsi və ənənələri ilə seçilən qədim diyardır. Əsrlər boyu Azərbaycan sivilizasiyalar arasında dialoqun aparılmasında mühüm rol oynamışdır. Ölkəmiz Şərqlə Qərbin qovuşduğu məkanda yerləşir.

Şərqdə ilk demokratik respublika 1918-ci ildə məhz Azərbaycanda qurulmuşdur. Bu, bütün müsəlman dünyasında Avropa tipli ilk parlament respublikası olmuşdur.

Eyni zamanda, müsəlman ölkələri arasında ilk opera, balet, teatr, qadın məktəbləri, azad mətbuat, kişi və qadınlar üçün bərabər seçki hüququ Azərbaycanda təşəkkül tapmışdır.

Hazırda, Azərbaycan Avropa dəyərlərini bölüşən və getdiyi yolunu tam anlayan müasir ölkəyə çevrilmişdir. Uğurlu inkişafın mühüm amillərindən biri də ondan ibarətdir ki, Azərbaycan dünyəvi dövlət, yüksək dözümlülüyü ilə seçilən bir ölkədir.

Tarixən Azərbaycan çoxmillətli ölkə olubdur. Buradakı bütün milli azlıqlar Konstitusiya əsasında bərabər hüquqa malikdir və bir ailə kimi yaşayır. Dini və etnik dözümlülük əldə etdiyimiz uğurların əsas elementidir və bizim sərvətimizdir.

Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın tarixi müstəqilliyimiz dövründən başlayır. Ötən illər ərzində təhsil, elm və mədəniyyət sahələrində bir çox birgə layihələr həyata keçirilmişdir. Azərbaycanın maddi və qeyri-maddi mədəni abidələri artıq YUNESKO-nun Dünya irsi siyahısındadır. Məsələn, YUNESKO tərəfindən İçərişəhər dünyanın ən gözəl abidələri siyahısına, Azərbaycan muğamı isə Qeyri-maddi mədəni irs siyahısına salınmışdır.

Cənab Koişiro Matsuura 2005-ci ildə Azərbaycana etdiyi səfəri zamanı YUNESKO-nun dəstəyi ilə tikilən Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etmişdir. Həmin vaxt biz eyni zamanda “YUNESKO–Azərbaycan: gələcəyə körpü” adlı beynəlxalq konfrans keçirdik, təhsil məsələlərini müzakirə etdik. İndi isə Azərbaycanı regionda ən yaxşı təhsil sistemi nümunəsinə çevirmək arzusundayıq.

Eyni zamanda biz YUNESKO ilə birlikdə qaçqın və məcburi köçkün uşaqlar üçün mühüm təhsil layihələri həyata keçiririk. YUNESKO ilə əməkdaşlığımız “Atəşgah” məbədinin bərpası, Qobustanın Dünya mədəni irs siyahısına salınması kimi layihələri də əhatə edir.

Azərbaycan YUNESKO ilə nəinki ölkə daxilində layihələr üzrə əməkdaşlıq edir. YUNESKO-nun məqsədlərinə uyğun olaraq, beynəlxalq ictimaiyyətin hər bir üzvünün ehtiyac duyan digər ölkələrə və xalqlara yardım etməsi zəruridir. YUNESKO ilə birlikdə biz Pakistanın Müzəffərabad şəhərində zəlzələ nəticəsində dağılmış məktəbi yenidən tikməyi planlaşdırırıq. Bütün bunlar onu göstərir ki, Azərbaycan ilə YUNESKO arasındakı əməkdaşlıq çox məhsuldar, geniş və uğurludur.

Hörmətli dostlar,

Bu gün mən, bir tərəfdən, ölkəmi – Azərbaycan Respublikasını – bu mötəbər məclisdə təmsil etməkdən böyük şərəf hissi duyuram. Digər tərəfdən isə, YUNESKO-nun xoşməramlı səfiri kimi yenidən sizinlə öz ümumi ailəmizdə olmağıma çox şadam.

Yekun olaraq, icazə verin, bu cür təntənəli tədbirə gəldiyinizə görə hamınıza bir daha minnətdarlığı bildirim və uğurlar arzulayım. Əminəm ki, tədbir xoşunuza gələcəkdir.

Diqqətinizə görə sağ olun.

YUNESKO-nun direktoru Koişiro Matsuuranın çıxışı

– Hörmətli Azərbaycan Respublikasının birinci xanımı,

Xanımlar və cənablar!

İlk növbədə, onu demək istəyirəm ki, xanım Əliyeva burada çox gözəl bir nitqlə çıxış etdi. Heç bir mətndən istifadə etmədi. İndi mən tərəddüd edirəm ki, mətndən istifadə edim, ya etməyim. O, bizim üçün yaxşı bir nümunə göstərdi. Mən də çalışacağam ki, onun göstərdiyi nümunəyə uyğun olaraq öz sözlərimi bildirim.

Mən, eyni zamanda, xanım Əliyevanı bir daha salamlamaq, burada keçirilən tədbirlə bağlı şəxsən öz adımdan və YUNESKO adından öz minnətdarlığımı bildirmək istəyirəm. Belə tədbirlər keçirilməklə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq get-gedə daha da möhkəmlənir.

Son illər bir çox sahələrdə, xüsusən də, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq aparılmışdır. Xanım Əliyevanın fəaliyyəti bir çox konkret layihələrin həyata keçirilməsi ilə bizim yaddaşımızda qalmışdır. Xanım Əliyeva bu işləri görərkən nəinki Azərbaycan Respublikasının birinci xanımı, eyni zamanda, YUNESKO-nun xoşməramlı səfiri kimi qarşılıqlı münasibətlərimizin möhkəmlənməsinə olduqca böyük töhfə vermişdir.

Xanım Əliyeva, mən Sizə öz dərin minnətdarlığımı bildirirəm ki, bu istiqamətdə çox geniş və nümunəvi bir fəaliyyət göstərmisiniz. Mənim xatirimdədir, 2005-ci ildə Azərbaycana səfər etmişdim və biz təhsil sisteminin islahatları ilə bağlı ikinci konfrans keçirmişdik. Birinci konfrans burada keçirilmişdi. Bakıdakı konfrans zamanı təhsil sahəsinin islahatı ilə bağlı bir çox təşəbbüslər irəli sürülmüşdü. Bu baxımdan YUNESKO Azərbaycana öz yardımını göstərəcəkdir. Biz bu cür işlərin yüksək səviyyədə aparılmasından olduqca məmnunuq və bilirik, bu təşəbbüslərin əsas məqsədi Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi ilə bağlıdır. Ümidvaram ki, Azərbaycanda gələcək nəsil üçün daha yüksək keyfiyyətli təhsilin təmin edilməsində böyük işlər görə biləcəyik. Gənclər üçün keyfiyyətli təhsilin təmin edilməsi Azərbaycan üçün çox vacibdir.

Eyni zamanda, xanım Əliyeva mədəniyyət sahəsindən də çox konkret misallar gətirərək, qeyri-maddi və maddi mədəni irs sahələrində aparılmış YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında danışdı. Azərbaycanda bəzi abidələrin Dünya mədəni irs siyahısına salınması ilə bağlı fikirləri səsləndi. Biz qeyd etmək istəyirik ki, onlardan biri Qobustandır. Mən Azərbaycana səfərim zamanı xanım Əliyeva ilə birlikdə Qobustana getdim, orada Azərbaycan hökumətinin üzvləri də var idi. Orada Azərbaycan xalqının qədim tarixinin izlərini, qayaların üzərində olan təsvirləri görməkdən çox şad oldum. İndi bu sahədə işlər aparılır. Bu yaxınlarda Ümumdünya Mədəni İrs Komitəsinin iclası gözlənilir.

Azərbaycanın da sənədlərinə baxılacaq və mən bu sahədə Azərbaycana uğurlar arzulayıram.

Eyni zamanda, demək istəyirəm ki, Azərbaycanda qeyri-maddi mədəni irsin çox gözəl nümunəsi var, bu, Azərbaycan muğamıdır. Artıq YUNESKO bu məsələyə xüsusi diqqət yetirərək, Azərbaycan muğamını qeyri-maddi mədəni irs siyahısına salmışdır. Mən Bakıda olarkən Beynəlxalq Muğam Mərkəzinin tikintisinin təməlinin qoyulması mərasimində şəxsən iştirak etdim. Xanım Əliyeva və Azərbaycan Respublikasının dövlət başçısı da həmin mərasimdə iştirak edirdilər. Mən ümidvaram ki, yenidən Sizin ölkənizə gələcəyəm ki, muğam mərkəzinin açılış mərasimində iştirak edim. Səbirsizliklə Bakıda növbəti görüşlərimizi gözləyirəm. Ümidvaram ki, biz bu işlərimizi başa çatdıracağıq və Azərbaycanın digər mədəni abidələri də qeyri-maddi mədəni irs siyahısına salınacaqdır.

Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığa dair konkret misallar gətirərək, eyni zamanda, hesab edirəm ki, gələcəkdə də görəcəyimiz işlər çoxdur. Bilirəm ki, Azərbaycanın çox gözəl musiqisi var, çox gözəl mədəni abidələri var və onların hamısı bu siyahıya salınmağa layiqdir. Xanım Əliyeva, təşəbbüs göstərib bu mühüm tədbiri təşkil etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun.

* * *

Rəsmi hissədən sonra Azərbaycanın incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər. Böyük uğurla keçən konsertdə dünya şöhrətli fransız müğənnisi Patrisia Kaas bir neçə mahnı oxumuş, tamaşaçılara “Can, Azərbaycan!” sözləri ilə müraciət etmişdir. Konsertdən sonra səhnə arxasına gələn Mehriban Əliyeva sənətçilərlə görüşüb səmimi söhbət etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

Axırda Azərbaycan günü münasibətilə ziyafət verilmiş, qonaqlar zəngin mətbəximizin ləziz yeməklərini dadmışlar.

YUNESKO-nun baş direktoru ilə görüş

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva oktyabrın 20-də YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycanla YUNESKO arasındakı əməkdaşlığın yeni yolları və formaları müzakirə edilmiş, xüsusilə, qurumun təşəbbüsü ilə Azərbaycanda 2008-ci ildə “Avropada və Mərkəzi Asiyada qlobal maariflənmə” mövzusunda regional konfransın keçirilməsi imkanları araşdırılmışdır. Mehriban Əliyeva bu məsələyə müsbət yanaşaraq, onu dəstəkləmişdir.

Cənab Koişiro Matsuura bu təklifi dəstəklədiyi üçün Mehriban xanıma minnətdarlığını bildirmişdir. Baş direktor demişdir ki, konfransa hazırlıq məqsədi ilə 2007-ci ildə YUNESKO-nun ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir.

Söhbət zamanı YUNESKO-nun dəstəyi ilə Azərbaycanda təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi də müzakirə olunmuşdur.

Görüşdən sonra YUNESKO-nun baş direktoru Koişiro Matsuura xoşməramlı səfir Mehriban Əliyevanın şərəfinə ziyafət vermişdir.


Xalq qəzeti.- 2006.- 21 oktyabr.- № 239.- S. 3.