Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi” ucaldılacaqdır
Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərindəki kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi” ucaldılacaqdır. Kompleks erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz nəticəsində bir çox bölgələrdə qətlə yetirilmiş on minlərlə insanın xatirəsinə həsr olunur.
XX əsrin ən faciəli soyqırımları ötən yüzilliyin əvvəlində Azərbaycanın bir çox bölgələrində törədilmişdir. Bu zaman on minlərlə insan erməni vəhşiliyinin qurbanı olmuş, doğma yurd-yuvasından didərgin düşmüş, bir çox yaşayış məskənləri yerlə-yeksan edilmişdir.
Soyqırımının həyata keçirildiyi bölgələrdən biri də Quba şəhəri və ətraf kəndlər olmuşdur. 1918-ci ilin aprel-may aylarında Quba qəzasında törədilmiş qırğınlarda 122 kənd tamamilə dağıdılmışdır. Qanlı qətliamda xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanın zorakılığa məruz qaldığı aşkar edilmişdir.
Bu gün Quba şəhərindəki kütləvi məzarlıqda qanlı soyqırımı qurbanlarının narahat ruhları uyuyur. Burada ucaldılacaq “Soyqırımı memorial kompleksi” erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, eləcə də gənc nəsillərin milli yaddaşının qorunması məqsədilə yaradılır.
Heydər Əliyev Fondunun dəstəyi ilə mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. Bu istiqamətdə dünya təcrübəsindən bəhrələnən mütəxəssislər “Soyqırımı memorial kompleksi”nin bir neçə eskiz layihələri üzərində son tamamlama işləri aparırlar.
Xalq qəzeti.- 2010.- 16 mart.- № 59.- S. 4.