Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Buxarestdə dövlət və hökumət başçıları xanımlarının görüşündə iştirak etmişdir


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 3-də Buxarestdə, Milli muzeydə NATO-nun sammitində iştirak edən dövlət və hökumət başçılarının xanımlarının görüşü olmuşdur.

Rumıniya Prezidentinin xanımı Mariya Besesku Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı və digər qonaqları səmimiyyətlə qarşılamışdır.

Çay süfrəsi arxasında keçən görüşdə Azərbaycan və ABŞ prezidentlərinin xanımları Mehriban Əliyeva və Lora Buş səmimi söhbət etmişlər.

Dövlət başçılarının xanımları daha sonra muzeylə də tanış olmuşlar.

Mehriban xanım Əliyeva muzeyin fəxri qonaqlar kitabını imzalamışdır.

Görüş iştirakçıları xatirə şəkli çəkdirmişlər.

* * *

Mehriban xanım Əliyeva həmin gün Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində də olmuşdur.

Fondun prezidentinə nümayəndəliyin fəaliyyəti barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin fəaliyyəti ölkə ictimaiyyəti və hökuməti tərəfindən dəstəklənir. Nümayəndəlik ölkədəki ahıllar evindən birini hamiliyə götürmüşdür.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi 2007-ci il sentyabrın 24-də Azərbaycan və Rumıniya prezidentlərinin iştirakı ilə açılmışdır.


AzərTAc
2008, 3 aprel