Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Sizə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən ölkəmizin təhsil sisteminin inkişafında, milli-mənəvi irsimizin qorunmasında və təbliğində, xeyriyyəçilik və idman sahəsində göstərdiyiniz misilsiz xidmətlərə görə "2005-ci ilin adamı" mükafatının verilməsi Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərində böyük sevinc və qürur hissi yaratmışdır.
Vətənimiz və xalqımız üçün taleyüklü əhəmiyyət daşıyan bir çox sahələrdə ardıcıl və səmərəli fəaliyyətinizlə Siz geniş ümumxalq məhəbbəti qazanmısınız. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondun prezidenti kimi Sizin təhsilimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması naminə göstərdiyiniz səylər çoxşaxəli və təqdirəlayiqdir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ötən il ərzində respublikamızda beynəlxalq standartlara cavab verən 132 məktəb binasının inşa edilərək, istifadəyə verilməsini xalqımız Sizin təhsilimizə göstərdiyiniz qayğı və diqqətin bariz nümunəsi kimi qiymətləndirir. Uğurla həyata keçirilən "İnternat məktəbləri və uşaq evlərinin inkişafı" proqramları, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız yaşam" layihələriniz gənc nəslə göstərilən ən böyük diqqət və gələcəyə hesablanmış təmənnasız xidmət əməyidir.
Əsrlərin yadigarı olan milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunması istiqamətində apardığınız işlər - işıq üzü görən "Qarabağ xanəndələri" albomu, Bakıda təməli qoyulan Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan həqiqətlərini obyektiv və operativ şəkildə bütün dünyaya çatdırmaq məqsədilə Azərbaycan portalının yaradılması, "Qarabağ həqiqətləri" albomunun nəşri ölkəmizlə bağlı gerçəyin təbliği baxımından olduqca əhəmiyyətli hadisələrdir.
Rəhbərlik etdiyiniz Azərbaycan Gimnastika Federasiyası ölkəmizin idman həyatına sanballı töhfələr vermişdir. Xüsusilə də, Sizin himayənizdə ilk dəfə Azərbaycanda Bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi ölkə-mizdə idmanın bu növünün inkişafına ciddi təkan vermişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin ideya-siyasi və fəlsəfi irsinin azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik kimi təməl prinsiplərinin öyrənilməsi və təbliği yönündə zəngin və səmərəli fəaliyyətiniz Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin, eləcə də, bütün xalqımızın qəlbində dərin rəğbət və minnətdarlıq duyğuları ilə qarşılanmışdır.
Hörmətli Mehriban xanım!
Sizi "2005-ci ilin adamı" fəxri adını almağınız münasibətilə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və partiyanın çoxminli üzvləri adından səmimi qəlbdən təbrik edir, vətənimizin və xalqımızın tərəqqisi naminə göstərdiyiniz səmərəli fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurası
2 fevral 2006-cı il
Yeni Azərbaycan.- 2006.- 3 fevral.- № 19.- S. 3.
