Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın keçirdiyi görüşlər


Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyevanın səfər çərçivəsində Ankarada bir sıra görüşləri olmuşdur.

Prezident iqamətgahının Pəmbə köşkündə onun Türkiyə Prezidentinin xanımı Səmra Sezərlə görüşü xüsusi mehribanlıq şəraitində keçdi. Söhbət zamanı siyasət, idarəetmə, elm və mədəniyyət sahələrində çalışan türk qadınlarının nailiyyətlərinin fərəh doğurmasından, xalqlarımız arasındakı tarixi yaxınlığın bu gün də uğurla davam etməsindən, türk soyunun gözəl adət-ənənələrindən və digər məsələlərdən bəhs olundu, ölkələrimizin inkişafında qadınların rolunu artırmaq üçün davamlı səylər göstərilməsinin vacibliyi vurğulandı.

Mehriban Əliyevanın Ankarada 1958-ci ildə yaradılmış Qızları Təkmilləşdirmə İnstitutu ilə tanışlığı da maraqlı keçdi. Prezidentin xanımını burada institutun müdiri xanım Əminə Kirac və müavini Canan Yakan çox böyük mehribanlıqla qarşıladılar. Hörmətli qonağa məlumat verildi ki, türk qızları bu təhsil ocağında 2 il ərzində evdarlıq, zərgərlik, nəqqaşlıq, tikmə, qrafika, ayaqqabı modelçiliyi və s. sənətləri bütün incəliklərinə qədər öyrənirlər.

Müxtəlif geyim modellərinin nümayişi müasir türk qadınının incə zövqünü və mədəni səviyyəsini bir daha göstərdi. İnstitutun dərs otaqları ilə yaxından tanışlıq, səmimi ünsiyyət xoş təəssürat yaratdı.

Məşhur Ankara qalasının çöl divarları yanında yerləşən Anadolu Mədəniyyətləri Muzeyini ziyarət edən Mehriban xanım Əliyevaya bina haqqında ətraflı məlumat verildi. Bildirildi ki, bu muzeyin binası XV əsrdə sultan Fatehin vəziri Mahmud Paşa tərəfindən tikilmişdir. Muzey isə 1921-ci ildən fəaliyyət göstərir. Buradakı eksponatlar paleolitdən başlayaraq, günümüzə qədərki uzun bir dövrü əhatə edir. Muzeydə Türkiyənin bütün bölgələrinə aid müxtəlif növ eksponatların sayı 500 mindən yuxarıdır.

Muzeylə tanışlıq türk xalqının qədimliyi, mədəniyyəti və qüdrəti barədə təəssürat baxımından yaddaqalan oldu.


AzərTAc
2004, 16 aprel