Humanizm, ictimai təşəbbüskarlıq, xeyriyyəçilik...
Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətində bu prinsiplər əsas yer tutur
Humanizm, ictimai təşəbbüskarlıq, xeyriyyəçilik...: Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətində bu prinsiplər əsas yer tutur
Yarandığı gündən bu prinsiplər əsasında fəaliyyət göstərən, başlıca missiyası insanlara xeyirxahlıq göstərmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq, mədəniyyətimizi təbliğ etmək olan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr təqdirəlayiqdir. Körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirən Heydər Əliyev Fondunun layihələrinin başlıca meyarı uşaqlara diqqət və qayğıdan ibarətdir.
"Uşaqlar bizim gələcəyimizdir. Onları necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövləti-mizin gələcəyi bundan asılı olacaq". Ümummilli lider Heydər Əliyevin ən müdrik kəlamlarından olan bu tövsiyələrdə bu günümüzün, sabahımızın qurucuları olan gənc nəslə etibar, inam öz əksini tapıb. Azərbaycanda böyüyüb, boya-başa çatan uşaqlar hər mənada xoşbəxtdirlər. Çünki ölkəmizdə onların firavan, sağlam böyüməsi üçün hər cür şərait var. Analara göstərilən qayğını da uşaqlar üçün yaradılan gözəl şəraitə əlavə etsək deyilənlərin təsdiqi üçün əlavə izaha ehtiyac qalmaz.
Cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat, vətəndaş üçün nümunədir. Uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə təşkili üçün 30-dan artıq uşaq evi və internatlarda yenidənqurma və bərpa işlərinə diqqəti artıran millət vəkili Mehriban xanım Əliyeva körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında böyük rolu və xidmətləri olan Mehriban xanım Əliyevaya ünvanlanmış minnətdarlıq məktublarının sayı sonsuzdur.
Diabetli və hemofliyalı uşaqların müalicəsinin ölkədə və respublikadan kənarda təşkili üçün Mehriban xanımın göstərdiyi xidmətlər əvəzsizdir. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan bankının yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması" kimi layihələr heç bir ölkədə alternativi olmayan xeyirxahlıq, humanistlikdir. Əvvəllər uşaq evində tərbiyə alan, yetkinlik yaşına çatan, yeniyetmə qızların yaşaması üçün evlərin tikilməsi, onlara nəzarətin təşkili Mehriban xanım Əliyevanın əxlaqi, milli-mənəvi dəyərlərimizə önəm verdiyini göstərməklə ictimaiyyəti narahat edən bir problemə son qoydu. Ən əsası odur ki, istifadəyə verilən və kimsəsiz körpələrin doğma ocağı sayılan bütün obyektlərdə uşaqların asudə vaxtlarının səmərəli təşkili, hərtərəfli inkişafı üçün hər cür şərait yaradılır.
Ümumtəhsil məktəblərində şagirdlərə elmin, təhsilin ən müasir nailiyyətlərinə uyğun bilik aşılanır. Gələcəyin ixtisaslı mütəxəssislərinin hazırlanması mexanizminin əsası məktəb illərində qoyulduğu üçün təhsil müəssisələrinin ən müasir İKT avadanlıqları ilə təmin olunmasına başlıca vəzifə kimi diqqət yetirilir. MDB məkanında yeganə olaraq Azərbaycanda bütün siniflər üzrə təhsil alan şagirdlər pulsuz olaraq dərsliklərlə, oxu materialları və əlavə tədris vasitələri ilə təmin olunurlar. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi profilli və sadələşdirilmiş tədris proqramlarına uyğun məktəblər, internatlar fəaliyyət göstərir.
Valideyn himayəsindən məhrum olan bütün uşaqları doğma övladı kimi sevən, qayğısını əsirgəməyən "Hər uşağın ailəyə ehtiyacı var" söyləyən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, heç bir internat, uşaq evi-ən müasir, bütün tələblərə cavab versə belə-heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz. Bu problemin həlli üçün dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı" (2006-2015-ci illər) həyata keçirilir. İnternat və uşaq evlərində ailə mühitinə uyğun maksimum əlverişli şərait yaradılır. Ümumiyyətlə, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, onun həyata keçirdiyi layihələr haqqında hər birimizin məlumatı var.
Qeyd etdiyimiz kimi, 2004-cü ildən cəmiyyət həyatında fəal mövqe tutan Heydər Əliyev Fondunun reallaşan ilk layihəsi təsadüfi deyil ki, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı"dır. Ötən illərdən gerçəkləşən bu layihə ölkədəki uşaq evləri və internat məktəblərinin bir çoxunda mövcud vəziyyəti kökündən dəyişməyə, uşaqların sosial şəraitini yaxşılaşdırmağa, təlim-tərbiyənin səviyyəsini yüksəltməyə, ən başlıcası isə ailə mühitinə yaxın olan şəraitdə böyü-mələrinə imkan yaradıb.
Heydər Əliyev Fondunun gənc nəslin təhsilinin inkişafı istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. Belə ki, Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində məktəb tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən formada avadanlıqlarla təchiz edilməsinə göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, dünya təcrübəsi də bu həqiqəti təsdiqləyir ki, ölkənin inkişafında, tərəqqisində neft-qaz amili ilə yanaşı, elmi potensial, yeni texnologiyalar əsas yer tutur. Azərbaycan müasir, sivil ölkədir, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi maraq göstərir. Biliyin əsası təbii ki, məktəblərdən qoyulur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarında bu fikri daim bəyan edir ki, təhsilin inkişafında bu amilə xüsusi diqqət yetirilməlidir. Məktəblilər dünya standartlarına cavab verən məktəblərdə dərs almalıdırlar. Qəbul olunan Dövlət Proqramı çərçivəsində 200-dən artıq məktəb tikilib, lazımi avadanlıqlarla təchiz olunub, istifadəyə verilib.
Heydər Əliyev Fondunun milli irsimizin qorunması istiqamətində göstərdiyi səylər də təqdirəlayiqdir. Muğamlarımızın inkişafı yönümündə atılan addımlar göz qabağındadır. Heydər Əliyev Fondunun bilavasitə təşkilatçılığı ilə muğam müsabiqəsinin keçirilməsi də deyilənlərə əyani sübutdur.
Fondun fəaliyyətində diqqəti çəkən məqamlardan biri də həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlardır. Qeyd edək ki, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı Fondun təşəbbüsü ilə neçə-neçə kitab çap etdirilib. Faciələrimizlə bağlı dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tədbirlər keçirilir.
Humanizm, insanpərvərlik və mərhəmətlilik kimi bəşəri prinsiplər Heydər Əliyev Fondunun fəaliyyətinin əsasında dayanır. Respublikamızın müstəqilliyi dövründə əfv və amnistiyaların verilməsi tarixi də ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu ənənə ulu öndərimizin siyasi varisi İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən sonra da geniş vüsət aldı. Bu illərdə imzalanmış əfv və amnistiya minlərlə məhkuma şamil edildi.
Heydər Əliyev Fondunun ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, yaşıllıqların salınmasına yönələn addımları da diqqətdən kənarda qalmır. Belə ki, Fondun "Hərəyə bir ağac əkək" kampaniyası paytaxt və bölgələrdə ictimaiyyət tərəfindən yüksək dəyərləndirilərək, yaşıllıqların salınmasına hər kəs öz töhfəsini verməyə çalışdı.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun fəaliyyəti çoxşaxəlidir və ən əsası odur ki, fondun fəaliyyəti qlobal beynəlxalq təşkilatlar tərəfindən tam dəstəklənir.
Sevinc Azadi
İki sahil.- 2010.- 13 fevral.- № 27.- S. 6.