Afinada XXVIII Yay Olimpiya oyunlarının təntənəli açılış mərasimi
Avqustun 13-də Yunanıstanın paytaxtı Afinanın 72 min tamaşaçı tutan Olimpiya stadionunda XXVIII Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olmuşdur. Mərasimin fəxri qonaqları arasında Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və onun xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva da yer almışdılar.
Avqustun 29-dək davam edəcək Olimpiadada Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan 204 ölkədən 202-si təmsil olunmuşdur. Yarışlarda təxminən 10,5 min idmançı 2021 medal, o cümlədən 669 qızıl, 666 gümüş və 686 bürünc medala sahib olmaq uğrunda mübarizə aparacaqdır. Azərbaycan komandasının 38 üzvü idmanın 12 növündə yarışacaqdır.
Mərasimin əvvəlində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq, Olimpiadanın Təşkilat komitəsinin sədri xanım Janna Angelopulos Daskalaki, Yunanıstan Prezidenti Konstantinos Stefanopulos stadionun meydanına çıxdılar.
Olimpiadanın təşkilatçıları açılış mərasimi üçün qədim yunan əfsanələrinin motivləri əsasında, həqiqətən, rəngarəng proqram hazırlamışdılar.
Olimpiya himni səsləndikdən sonra iştirakçı ölkələrin nümayəndə heyətləri öz milli bayraqları ilə stadiona daxil oldular. Azərbaycan Respublikasının dövlət bayrağını komandamızın ən tanınmış nümayəndələrindən biri, ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev aparırdı.
Açılış mərasiminin ən yaddaqalan məqamlarından biri Olimpiya məşəlinin alovlandırılması idi. Məşəli alovlandırmaq kimi şərəfli missiya Yunanıstanın yelkən idmanı üzrə Olimpiya çempionu Nikos Kaklamanakisə nəsib oldu. Olimpiadanın üç saat çəkən təntənəli açılış mərasimini yer kürəsinin bütün qitələrində təxminən 4 milyard adam izləmişdir.
AzərTAc
2004, 13 avqust
