Bədii Gimnastika üzrə 27-ci dünya çempionatının təntənəli açılış mərasimi
Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Vayra Vike-Freyberqa mərasimdə iştirak etmişlər.
Oktyabrın 3-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert kompleksində bədii gimnastika üzrə 27-ci dünya çempionatının təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa mərasimdə iştirak etmişlər.
İdman kompleksinə toplaşmış minlərlə tamaşaçı dövlət başçılarını hərarətlə qarşıladılar.
Açılış mərasimi teatrlaşdırılmış bədii proqramla başlandı. 47 ölkəni təmsil edən gimnast qızlar dövlət bayraqları altında yarış meydanına çıxdılar.
Mərasimi Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva açdı.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın çıxışı
Möhtərəm Azərbaycan Respublikasının Prezidenti!
Möhtərəm Latviya Respublikasının Prezidenti!
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Bədii gimnastika üzrə 27-ci dünya çempionatının açılış mərasiminə xoş gəlmisiniz! Paytaxtımıza dünyanın 47 ölkəsindən gələn qonaqları Azərbaycan torpağında salamlayıram. Mən bu sözləri böyük fərəh və sevinc hissi ilə söyləyirəm və əminəm ki, Azərbaycanın hər bir vətəndaşı həmin hissləri keçirir.
Bizim idman tariximiz olduqca zəngindir. İdmançılarımız bir sıra beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizin səslənməsinə nail olublar. Biz bununla fəxr edirik.
Bu gün Azərbaycanın idman tarixində yeni səhifə açılır - ilk dəfədir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində olimpiya idman növü üzrə dünya çempionatı keçirilir. Bu şərəf başqa idman növlərinə də nəsib ola bilərdi.
Ölkəmizdə son illər idmanın fantastik sürətlə inkişafı bunu deməyə əsas verir və mən inanıram ki, bu, gələcəkdə belə də olacaqdır. Lakin dünya miqyaslı belə bir hadisə ilk dəfə məhz bədii gimnastikada baş verir.
Bədii gimnastika təkcə idman növü deyildir. Bədii gimnastika gözəllik, zəriflik, yüksək sənət rəmzidir. Biz bu çempionatın keçirilməsini arzulayırdıq və arzumuz həyata keçdi.
Son 10 ildə ölkəmizdə inşa olunan hər yeni idman salonu, tikilən hər yeni stadion, olimpiya idman kompleksi bizi bu şərəfli günə yaxınlaşdırırdı.
Mən bu gün çox böyük qürur hissi ilə deyirəm ki, belə bir çempionatın ölkəmizdə keçirilməsi Azərbaycan idmanına verilən yüksək qiymətdir.
Bədii gimnastika üzrə 27-ci dünya çempionatının ölkəmizdə keçirilməsi bir çox insanın əməyinin bəhrəsidir. Bu, ilk növbədə, Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinin qəbul etdiyi qərarın nəticəsidir. Bu, Azərbaycan Gimnastika Federasiyasının uğurlu fəaliyyətinin nəticəsidir. Çempionatın Təşkilat komitəsi üzvlərinin zəhmətidir. Mən bütün bu insanlara təşəkkürümü bildirirəm.
Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığını bildirirəm. Ölkə Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti kimi onun gördüyü işlər göz qabağındadır. Sözsüz ki, biz hamımız ona minnətdarıq. Gimnastika Federasiyasının rəhbəri və ölkə Prezidentinin xanımı kimi mən xüsusi vurğulamaq istəyirəm ki, onun qayğısı, yardımı, onun diqqəti olmasaydı, yəqin ki, belə bir çempionatın keçirilməsi yalnız arzu olaraq qalardı. Çox sağ olun, cənab Prezident!
İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və milli həmrəylik rəmzidir. Bir daha Sizi bu möhtəşəm bayram münasibətilə təbrik edirəm, Azərbaycana gəlmiş qonaqları salamlayıram, idmançılara qələbə sevinci arzulayıram. Sağ olun.
* * *
Sonra Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandiyə söz verildi.
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandinin çıxışı
- Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev!
Azərbaycan Gimnastika Federasiyasının prezidenti hörmətli Mehriban xanım Əliyeva!
Azərbaycan Respublikasının hörmətli dövlət nümayəndələri!
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Burada yenidən görüşmək bizim üçün çox sevindiricidir. Bu dünya çempionatında həyatımızın çətin məqamlarını, gündəlik problemlərimizi bir az da olsa unudub, maraqlı və mənalı anlar yaşamaq üçün gözəl imkan əldə edəcəyik. Bu, həm də bizim hamımız üçün Bakıda, Azərbaycanda - gözəl ənənələrin yaşadığı və gələcəyə qəti addımlarla irəliləyən bir ölkədə qonaq olmaq üçün gözəl fürsətdir.
Təsəvvürünüzə belə gətirə bilməzsiniz ki, Bakıdakı Təşkilat komitəsi bütün dövlət orqanlarının, könüllülərin və sponsorların dəstəyi ilə dünya çempionatını texniki göstəricilər və yaradıcılıq baxımından əsil sənət əsərinə çevirmək üçün nə qədər qayğı, peşəkarlıq və canfəşanlıq göstərmişdir. Məhz buna görə də onlara dərin minnətdarlığınızı bildiririk.
Əziz gimnastlar! Bu, həm də sizin üçün çətin idman mübarizəsində öz qüvvənizi sınamaq üçün əlverişli imkandır. Bütün bunlarla yanaşı, gəlin, idman etikasını və ədalət prinsiplərini də unutmayaq.
* * *
Sonra andiçmə mərasimi oldu. Hakimlər adından Beynəlxalq Gimnastika Federasiyasının hakimi İzabel Dekonsiyo, gimnastlar adından Azərbaycan təmsilçisi Vəfa Hüseynova and içdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi 27-ci dünya çempionatını açıq elan etdi.
Xalq qəzeti.- 2005.- 4 oktyabr.- № 230.- S. 3.