Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Layiqli vətəndaş, mərhəmətli insan


Azərbaycanın çiçəklənməsi, beynəlxalq miqyasda daha yüksək imiclə tanınması üçün hər bir azərbaycanlı vətənin təəssübkeşi olmağı özünə müqəddəs borc bilməlidir. Bu baxımdan, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, xalqımızın üzləşdiyi haqsızlıqların dünyaya çatdırılması, elmin inkişafı, təhsilin səviyyəsinin yüksəldilməsi, vətəndaşların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən işlər fərəh və qürur hissləri doğurur. Mehriban xanım Əliyevanın fəaliyyətindən söz düşərkən konkret bir sahə üzrə kifayətlənmək qeyri-mümkündür. O, çoxsaxəli fəaliyyəti ilə bütün Azərbaycan xalqının dərin rəğbətini və etimadını qazanıb.

Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə özünü həqiqətən, ölkənin birinci xanımı kimi təsdiqləmiş, onun dəyərli fəaliyyəti ictimaiyyətin diqqətini cəlb etmişdir. Amma onu da qeyd etmək yerinə düşər ki, hələ 1995-ci ildən etibarən özünün təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi milli mədəniyyətimizin inkişafı, xalqımızın tarixi və nadir mədəniyyət nümunələrinin xaricdə təbliği, bir neçə il sonra isə həm də Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri kimi ölkəmizdə bu idman növünün yüksəlişi istiqamətində gördüyü işlər cəmiyyətdə razılıqla qarşılanırdı. Mehriban xanımın təşəbbüsü ilə 1995-ci ildə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu faydalı tədbirlərin beşiyinə çevrilmiş, beynəlxalq səviyyəli tədbirlər - festivallar, konsertlər, sərgilər təşkil etməklə əslində mədəniyyətimizin mükəmməl təbliğatçısı olmuşdur. "İpək yolunun musiqisi" festivalı, muğam dəstgahları, Yaponiya mədəniyyət günləri kimi tədbirlər də bu sıradandır. Mehriban xanım Əliyevanın xalq musiqisinin, bənzərsiz muğamlarımızın, poeziyamızın inkişafındakı xidmətləri günümüzlə səsləşən addımlardır. O, ilk Azərbaycan qadını olaraq YUNESKO kimi mötəbər beynəlxalq təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. İndi Mehriban xanımın adı dünyada cəmi 41 nəfər olan xoşməramlı səfirlə - M.Rostropoviç, K.Kardinal, L.Məryəm, V.Adamkus, Tereza Ana və başqaları ilə bir sırada çəkilir.

Mehriban xanım Əliyevanın xoşməramlı missiyasına verilən daha bir beynəlxalq qiymət onun 2006-cı ilin sonlarında İSESKO-nun - 51 müsəlman dövlətinin təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının xoşməramlı səfiri adına layiq görülməsidir. Ötən ilin dekabrında ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə Vaşinqtonda keçirilən toplantıda isə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələrin tərəqqisinə, ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına şəxsi dəstəyinə görə Mehriban xanım Əliyevaya "2006-cı ilin xoşməramlı səfiri" adı verilmişdir. 2007-ci ilin mayında Mehriban xanım Əliyevaya Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı təqdim edilmişdir. O, həmin beynəlxalq mükafata Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə, ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə layiq görülmüşdür. Mehriban xanım İSESKO-nun xoşməramlı səfiri adı və ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda apardığı xeyriyyəçilik işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq fondunun Yaqut Xaç ordenini almış ilk qadındır. Azərbaycanın birinci xanımı həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töhfəsinə görə İslam Konfransı Təşkilatı Gənclər Forumunun mükafatına layiq görülmüşdür. Bunlar Mehriban xanımın son iki ildə layiq görüldüyü titul və mükafatların yalnız bir hissəsidir. Kollegial demokratik seçim ənənələri ilə idarə edilən dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları Mehriban xanım Əliyevaya "xoşməramlı səfir" adlarını verərkən, dəfələrlə vurğulandığı kimi, ilk növbədə, onun səmərəli fəaliyyəti, habelə nəciblik, xeyirxahlıq kimi mənəvi keyfiyyətləri, dünyada qəbul olunmuş davranış qaydalarını da özündə ehtiva etməklə mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinə sadiqliyi, intellektual səviyyəsi başlıca meyar kimi götürülmüşdür.

Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş, yaxud reallaşmaqda olan layihələrlə, proqramlarla tanış olduqda onun həqiqətən də bu adlara layiq olduğunu görmək olar. Məhz bu proqram və layihələr onun prezidenti olduğu Heydər Əliyev Fondunu beynəlxalq miqyasda ən nüfuzlu qeyri-hökumət qurumlarından biri kimi tanıtmışdır.

Heydər Əliyev Fondunu geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur. Fondun əsas məqsədləri ulu öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin gerçəkləşməsinə, təbliğinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasına kömək etmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş layihələrin həyata keçirilməsinə yardımçı olmaq, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələri gerçəkləşdirmək, ölkənin iqtisadi potensialını möhkəmləndirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq və digər həyati məsələlərdən ibarətdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın və dövlətimizin inkişafına, ölkəmizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. Bu gün Heydər Əliyev Fondu ümummilli liderimizin tövsiyələrinə sadiq qalaraq bu istiqamətlərdə ardıcıl və məqsədyönlü işləri davam etdirməkdədir. Zəngin mədəni irsimizin dünyada tanıdılması, təhsil, səhiyyə və mədəniyyət sahəsində əhəmiyyətli layihələri gerçəkləşdirməklə fond qısa müddətdə cəmiyyətin diqqətini cəlb etmişdir.

Ölkəmizin inkişafında təhsilin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alan Heydər Əliyev Fondu 2005-ci ildən indiyədək bu sahədə bir neçə irimiqyaslı layihə hazırlayaraq həyata keçirmişdir. Bunlardan ən mühümü ölkəmizdə çox böyük əks-səda doğurmuş "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Avropaya inteqrasiya yolunu tutmuş ölkəmizdə yeni təhsil sisteminin qurulmasının vacibliyini hər zaman önə çəkən Mehriban xanım Əliyevanın müəllifi olduğu bu layihədə bölgələrimizdə yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil müəssisələrinin əsaslı təmiri, onların maddi bazalarının yaxşılaşdırılması, tədris prosesinin səviyyəsinin yüksəldilməsi prioritet məsələlər kimi qarşıya qoyulmuşdur. Layihə çərçivəsində təkcə 2005-2007-ci illərdə ölkənin 60-dan çox rayonunda 200-dən çox məktəb binası tikilib istifadəyə verilmişdir. Bu məktəblərin hər birində laboratoriya, kompyuter otaqları, idman salonu və meydançaları, kitabxana, yeməkxana, ayrıca istilik sistemi vardır.

Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində reallaşdırılan "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində respublikada 29 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, əlavə yardımçı binalar inşa olunmuş, yaşayış üçün rahat kommunal şərait yaradılmış və onlar təzə avadanlıqlarla komplektləşdirilmişdir. "Təhsilə dəstək" layihəsi çərçivəsində isə Lerik və Bakının Əzizbəyov rayonlarında 4 uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir. Təhsil sahəsinə xüsusi diqqətlə yanaşan fond tərəfindən ölkəmizdə daimi yaşayış yerlərini tərk etmiş, aztəminatlı ailələrə 2004-2006-cı illərdə birinci sinfə gedən 60 min uşağa məktəb ləvazimatları pulsuz verilmiş, Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə kompyuter dəstləri, məktəb ləvazimatları və digər avadanlıqlar hədiyyə edilmişdir.

Fondun səhiyyə sahəsində gördüyü işlər də təqdirəlayiqdir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" kimi gerçəkləşdirilən layihələr minlərlə insanın həyatına şəfqət gətirmişdir. Azərbaycan Diabet Cəmiyyətinin Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər. "Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində isə müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması qərara alınmışdır və artıq bunun üçün tikinti işləri aparılır. Layihədə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də diqqət yetirilir. Səhiyyə məsələləri ilə bağlı fonda ayrı-ayrı insanlardan 6 mindən çox müraciət daxil olmuş, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurulmuş, lazımi tədbirlər həyata keçirilmişdir. Ürək xəstəliklərindən əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qisminə isə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və təbliği, mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işlər diqqəti daha çox cəlb edir. Fond tərəfindən Azərbaycan muğam sənətinin inkişafını və muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan "Muğam İrs" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəfis şəkildə tərtib etmişdir. Albomda 24 muğam ustasının ifasında səslənmiş muğamlar toplanmışdır. Musiqi albomu həm də Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır. 2005-ci ilin martında Parisdə YUNESKO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında "Qarabağ xanəndələri" albomunun təqdimatı olmuşdur. Fondun "Muğam-Dəstgah" layihəsində əsas məqsəd muğam-dəstgahların konsertlərdən birbaşa yazıya alınması və gələcək nəsillər üçün qorunub saxlanması, "Muğam Ensiklopediyası" layihəsinin məqsədi Azərbaycan muğamına həsr olunmuş "Muğam Ensiklopediyası"nın nəşrinin həm elektron, həm də kitab variantlarında həyata keçirilməsi, "Muğam-İnternet" layihəsindən məqsəd internetdə muğamla bağlı audio və video materialları özündə ehtiva edən muğam-portalın yaradılması, "Muğam dünyası" layihəsində məqsəd simpoziumlar və muğam sənəti ilə bağlı beynəlxalq konfranslar, müxtəlif festival və yarışmalar keçirməkdir. "Muğam-Antologiya" layihəsi çərçivəsində isə muğamla bağlı zəngin nəzəri musiqi irsinin qiymətli nümunələrindən Səfiəddin Urməvinin, Fəthullah Şirvaninin və digər görkəmli müəlliflərin əsərləri işıq üzü görmüşdür. Bunlardan başqa, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mədəniyyət sahəsində görülən işlərə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə bir il davam edən muğam telemüsabiqəsinin keçirilməsini, Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində gözəl məqbərənin tikilməsini, görkəmli yazıçı və pedaqoq Abdulla Şaiqin ev-muzeyində əsaslı təmir-bərpa işlərinin aparılmasını və sair tədbirləri də aid etmək olar. Fondun təşəbbüsü ilə Fransanın Versal sarayında açıq səma altındakı iki nadir heykəlin bərpasına, vaxtilə Tbilisi şəhərində yaşayıb-yaratmış görkəmli Azərbaycan şəxsiyyətləri Mirzə Şəfi Vazehin və Mirzə Fətəli Axundovun, Fətəli xan Xoyskinin və digər tanınmış simaların qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması işlərinə başlanmışdır. Ölkəmizdəki bir sıra məscid və ziyarətgahlar da Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş, ətrafları abadlaşdırılmışdır.

YUNESKO-nun Azərbaycan mədəniyyətinə çox böyük əhəmiyyət verməsi, muğamlarımızın qiymətli irs kimi qorunub saxlanılması və yayılması istiqamətində təşəbbüsləri, Muğam Evi yaradılması kimi tədbirləri bəyənməsi bilavasitə Mehriban xanımın adı ilə bağlıdır. "Qafqaz Xalq Ənənələri Evi"nin məhz Bakıda yaradılması ideyası da Mehriban xanım Əliyevaya məxsusdur.

Fondun "Dini tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıdakı pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması işi tamamlanmışdır. Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan "Or-Avner" Beynəlxalq Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti muzeyindən ibarət kompleksin tikintisinə başlanmışdır.

Heydər Əliyev Fondunun mədəniyyət sahəsində gördüyü işlərdən və həyata keçirdiyi tədbirlərdən biri də mövcud kitabxanaların yenidən qurulmasıdır. Fondun bu sahədəki fəaliyyəti müsbət nəticələrlə diqqəti cəlb edir. Artıq onlarca qəsəbə və kənd kitabxanaları yenidən qurulub, müasir avadanlıqlarla təmin edilib. Mərdəkan qəsəbəsində müasir avadanlıqlarla təmin edilən kitabxanada yenidənqurma işləri ilə tanış olarkən Mehriban xanım Əliyeva bu xeyirxahlıq missiyasını bundan sonra da davam etdirəcəyini bildirmişdir. Xatırladaq ki, adı çəkilən kitabxana darısqal bir binada yerləşirdi və müasir tələblərə cavab vermirdi. Seçicilərin xahişlərini nəzərə alan Mehriban xanım Əliyeva qısa vaxt ərzində kitabxananın yenidən qurulmasına nail oldu.

"Qarabağ həqiqətləri" bukletlər toplusu Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr arasında xüsusi əhəmiyyətə malikdir. Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində hazırlanan və bütün dünyaya yayılan "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" bukletlərindən ibarətdir. Real faktlara, dəlil-sübutlu foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.

Heydər Əliyev Fondunun ekologiya sahəsində gördüyü işlərdən söz salanda, ilk növbədə, bu ilin martından həyata keçirilən "Hərəmiz bir ağac əkək!" layihəsi yada düşür. Qala qəsəbəsindən start verilən yaşıllaşdırma kampaniyası tezliklə bütün Azərbaycanda kütləvi hal aldı. Qısa zamanda respublikanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar, ayrı-ayrı kollektivlər bu çağırışa qoşularaq, yaşıllaşdırma kampaniyasına başladılar. Ətraf mühitin sağlamlaşdırılmasına, təmiz ekologiyaya töhfə olan layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə yeni ağac əkilmiş, təzə parklar, bağlar, yaşıl xiyabanlar salınmışdır. Təşəbbüsün hər il mövsümi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Təbii ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr çərçivəsində görülən işlər bu deyilənlərlə bitə bilməz. Çünki görülən işlərin miqyası nəinki bir qəzet yazısına, hətta bir kitab səhifələrinə sığmayacaq dərəcədə geniş və çoxşaxəlidir. İldən-ilə isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə həyata keçirilən layihələrin sayı daha da artmaqdadır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi də uğurlu fəaliyyət göstərir. 2005-ci ilin parlament seçkiləri seçicilərin Mehriban xanıma olan rəğbətini əyani şəkildə ortaya qoydu. Mehriban xanım Əliyevaya olan xalq inamının ifadəsi kimi 14 saylı Əzizbəyov ikinci seçki dairəsi seçicilərinin mütləq əksəriyyəti məhz ona səs verdi. Azərbaycanın birinci xanımı 92.12 faiz səs toplamaqla aldığı seçici dəstəyinin miqyasına görə respublika üzrə bütün namizədləri geridə qoydu.

Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyətini daha çox fərqli edən ən əsas məqam bundan ibarətdir ki, o, seçicilər qarşısına pafoslu platformalarla çıxmamış, sadəcə, mövcud çətinlikləri dəqiqliklə öyrənmiş, seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verilmiş vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə Bakıətrafı qəsəbələrə səfərlərini parlament seçkilərindən sonra daha da intensivləşdirmişdir. Mehriban xanım Əliyeva seçicilərlə birbaşa ünsiyyət quraraq onların problemləri ilə yaxından tanış olur və meydana çıxan məsələlərin həlli istiqamətində konkret işlər görür. Mehriban xanım Əliyevanın tez-tez Bakıətrafı qəsəbələrdə olması və yeni sosial-mədəni obyektlərin açılış mərasimlərində iştirakı deyilənləri təsdiqləyir. Amma ölkə ictimaiyyəti Milli Məclisin deputatı Mehriban Əliyevanın təkcə seçildiyi dairədə deyil, mütəmadi olaraq Bakının və ölkənin ayrı-ayrı kənd və qəsəbələrinin əhalisi ilə görüşlərinin şahidi olur. Onun təşəbbüsü ilə Bakının Hövsan, Binə, Şüvəlan və digər kənd və qəsəbələrinə içməli su xətlərinin çəkilişi, qaz, elektrik enerjisi problemlərinin qaydaya salınması, orta məktəb binalarının tikintisi, infrastrukturun yeniləşdirilməsi, uşaq və qocalar evlərinə humanitar yardımların göstərilməsi və yeni iş yerlərinin açılması ilə bağlı mühüm işlər görülmüş, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə yeni-yeni töhfələr verilmişdir. Əzizbəyov rayonunun Türkan qəsəbəsində bir sıra obyektlərin açılışında iştirak edən ölkə Prezidenti İlham Əliyev bildirmişdir: "Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunmuşdur. Hazırda ölkə rəhbərliyi bununla ciddi məşğul olur. Bakıətrafı qəsəbələrin bir müddət diqqətdən kənar qalmış problemlərinin həlli üçün biz nə lazımdırsa edəcəyik. Mən bilirəm ki, Heydər Əliyev Fondu bu sahədə böyük işlər görübdür. Sizin seçdiyiniz millət vəkilinin son altı aydakı fəaliyyəti ilə tanışam. Elə bu gün açılışına gəldiyimiz bir sıra obyektlər də bunu sübuta yetirir. İndi Bakıətrafı qəsəbələrin qaz, işıq, su, yol problemlərinin həlli, yeni təhsil, səhiyyə obyektlərinin inşası ilə bağlı çox mühüm tədbirlər görülür. Bizim əsas arzu və istəyimiz budur ki, insanlarımızın daha firavan yaşayışını təmin edək".

Bu yaxınlarda ümümmilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar olaraq deputat Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi Amnistiya aktı bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır. Ölkəmizdə formalaşmış vətəndaş cəmiyyətinin inkişafında növbəti addım olan bu qərar üç ay ərzində həyata keçirilərək minlərlə insanı azadlığa qovuşdurmuş, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olmuşdur. Amnistiya aktı 9877 nəfərə şamil olunmuşdur. Onların bir qismi cəzalarının yerdə qalan hissəsindən azad olunmuş, bir qisminin isə cəzası azaldılmışdır. Deputat Mehriban xanım Əliyevanın bu təşəbbüsünü beynəlxalq təşkilatlar da razılıqla qarşılamışlar.

Milli Məclisin deputatı kimi, Mehriban xanımın cəmiyyətimizin inkişafı üçün gördüyü işlər ümumilikdə Azərbaycan qadınlarının da ictimai-siyasi fəallığını artırır və bu tendensiya siyasi proseslərdə milli-mənəvi dəyərlərin daha çox nəzərə alınmasına, siyasi mühitdə təmiz, saf ab-havanın qorunmasına rəvac verir.

Mehriban xanım Əliyevanın deputat kimi fəaliyyətindən söz düşərkən onun həm də bir yetkin siyasətçi kimi özündə əxz etdiyi yüksək keyfiyyətləri qeyd etmək lazım gəlir. O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərir. Onun Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi ötən il dekabrın 4-dən 7-dək ABŞ-a işgüzar səfəri birinci xanımın bu keyfiyyətlərini üzə çıxardı. ABŞ-da keçirilən görüşlər Azərbaycan mədəniyyətinin hamisi, təhsilimizin inkişafı, vətəndaşların sosial problemlərinin aradan qaldırılması istiqamətində yorulmadan çalışan nəcib əməllər sahibi Mehriban xanım Əliyevanın siyasi keyfiyyətlərini, diplomatik məharətini tam qabarıqlığı ilə ortaya qoydu.

Mehriban xanım Əliyeva demək olar ki, bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə işğalçı Ermənistanın Azərbaycanın qədim mədəniyyət mərkəzi Qarabağı yerlə-yeksan etməsindən, mədəni irsimizə ciddi ziyan vurmasından, tarixi yerlərimizi bərbad hala salmasından dönə-dönə, faktlarla, sübut və dəlillərlə danışır və dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin vəhşiliklərinə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırır. ABŞ-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi ziyafətdə çıxışında da Mehriban xanım Əliyeva torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu və bu ərazilərdə tarixi-mədəniyyət abidələrimizin məhv edildiyini bir daha bəyan edib: "...Tarixi və mədəniyyət abidələrinin qorunması ölkəmiz üçün bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət abidələri məhv edilmişdir. Ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var və onların müəyyən hissəsi hələ də çadırlarda yaşayır. Biz bu faktları beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edəcəyik". Mehriban xanım Əliyevanın beynəlxalq tədbirlərdə iştirakını izlədikcə görürük ki, bu tədbirlərdə təmsil olunan əcnəbi nümayəndələr Azərbaycanın birinci xanımını, sadəcə, hörmət və nəzakət xatirinə dinləmir, ona inanır, Azərbaycan haqqında daha çox məlumat almaq istəyirlər.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası da qazandığı uğurlarla idmanımızın və nəticə etibarilə ölkəmizin adını ucaldır. Azərbaycan gimnastlarının beynəlxalq turnirlərdə qazandığı nailiyyətlər bunun əyani təsdiqidir. Ölkəmiz idmanın bu növü üzrə keçirilən bütün yarışlarda inamla təmsil olunur və qaliblər arasında hökmən üçrəngli bayrağımız da dalğalanır. Bu idmanın ölkəmizdə populyarlıq qazanması, o cümlədən bu yaxınlarda Bakıda 47 ölkəni təmsil edən gimnast qızların iştirakı ilə bədii gimnastika üzrə 27-ci dünya çempionatının keçirilməsi də Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın xidmətidir.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu yaxınlarda Moskvada "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür. Moskvanın böyük teatr salonlarından birində keçirilən mərasimdə bu mükafatı Azərbaycanın birinci xanımına məşhur İtaliya aktrisası, mərasimin patronessası Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İqor İvanov təqdim etmişlər. Mükafatı təqdim edən Sergey Mironov Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirərək demişdir: "Belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilət bəxş edir".

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hər bir Azərbaycan vətəndaşının qürur yeri, fəxri, vüqarıdır. Əminik ki, mədəniyyətimizin və təhsilimizin inkişafında daim əzmkarlıq nümayiş etdirən Mehriban xanım ictimai-siyasi, humanitar yönümlü fəaliyyəti ilə də yeni-yeni zirvələr fəth edəcək, Azərbaycanımızın adını ucaldacaq.


Alış Qasımov,
Bakı Dövlət Universitetinin kafedra müdiri,
hüquq elmləri doktoru, professor

Azərbaycan.- 2007.- 28 avqust.- № 191.- S. 2.