Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəmiz bir ağac əkək!" layihəsi ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yüksək dəyərləndirirlər.

AzərTAc-ın müxbirlərinin iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

Şamaxı rayonu

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəmiz bir ağac əkək!" layihəsinə ilk günlərdən həvəslə qoşulan Şamaxı rayonunun sakinləri ağacəkmə kampaniyasını davam etdirirlər. Az vaxtda şəhərin küçə və parklarına, yol kənarlarına 10 min ədəd ağac əkilmişdir. Geniş tikinti-quruculuq və abadlıq işlərinin görüldüyü Şamaxını yaşıllıqlar diyarına çevirməyi qərara alan sakinlər kampaniyanın başlandığı vaxtdan bəri Heydər Əliyev, Şirvani, Rəsulzadə, Şərifzadə küçələrində, Şəhidlər xiyabanında 4 min ədəd ağac əkmişlər. Habelə Bakı-Qazax magistralının şəhərdən keçən hissəsində 1500 ədəd, Şamaxı-Pirqulu yolunun kənarında 2 min ədəd ağac basdırılmışdır.Ağacəkmə kampaniyası rayonun ayrı-ayrı kəndlərində də həyata keçirilir. Hazırda Avaxıl və Əngəxaran kəndlərində yol kənarları yaşıllaşdırılır. Rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu xeyirxah layihə aprel ayının sonunadək davam etdiriləcəkdir.

Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi də "Hərəmiz bir ağac əkək!" layihəsində fəal iştirak edir, yeni meşəliklər salınması istiqamətində ardıcıl işlər görür. Müəssisədən bildirmişlər ki, meşə salınması ilə əlaqədar bu ilin yaz əkini tapşırıqları optimal müddətində, müvəffəqiyyətlə başa çatdırılmışdır. Belə ki, Şamaxı, Ağsu və Dədəgünəş meşəbəyliklərinin ərazilərində 30 hektarda əkin keçirilmişdir. Bununla yanaşı, daxili imkanları səfərbərliyə alan müəssisənin kollektivi hazırda daha 10 hektarda meşəsalma işləri aparır. Ərazilərdə əsasən ağcaqayın, göyrüş, iydə ağacları əkilmişdir. Ümumilikdə 150 mindən çox ağac əkilmişdir ki, bunun 130 mini müəssisəyə məxsus tingliklərdə yetişdirilmişdir. Ağacəkmə kampaniyasında müəssisənin 37 işçisi ilə yanaşı, mövsümi işlərə cəlb olunmuş daha 23 nəfər də iştirak edir.

Şamaxı və Ağsu rayonlarında keçirilən ağacəkmə kampaniyaları üçün müəssisə tərəfindən əvəzsiz olaraq 12 min ədəd ting verilmişdir.

Gömrükçülərin fəallığı

Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə Dövlət Gömrük Komitəsi (DGK) də qoşulmuşdur. Aprelin 14-də komitə sədrinin birinci müavini, general-leytenant Səfər Mehdiyevin iştirakı ilə DGK-nın kollektivi Maştağa qəsəbəsindəki Regional Tədris Mərkəzinin və "Azterminalkompleks" Xarici İqtisadi Birliyinin qarşısında minə yaxın həmişəyaşıl ağac əkmişdir. Səfər Mehdiyev bildirmişdir ki, digər hüquq-mühafizə orqanlarında, idarə və təşkilatlarda olduğu kimi, gömrük orqanlarında da bu aksiya başlanmışdır və uğurla həyata keçirilir. Komitənin tabeliyindəki qurumlar da təşəbbüsə fəal qoşulmuşlar. Ümumilikdə gömrük orqanlarının əməkdaşları regionlarda 8 minə yaxın ağac əkmişlər.

Qəbələ rayonu

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin hər yerində həyata keçirilən "Hərəmiz bir ağac əkək!" layihəsinə qəbələlilər də yaxından qoşulmuşlar. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər yaşıllaşdırma işlərində fəal iştirak etməklə ana təbiətə doğma övlad münasibəti bəslədiklərini əməli işlə sübut etmişlər. Ağacəkmə kampaniyası başlanandan bəri Qəbələ şəhərində, kənd və qəsəbələrdə 35 mindən artıq müxtəlif növ ağac tingi və gül kolları əkilmişdir.

Bu xeyirxah və nəcib təşəbbüs qədim Qəbələ torpağında böyük əks-səda doğurmuşdur. İməciliklər davam etdirilir və yaxın vaxtlarda rayon əhalisinin sayına bərabər - 90 min ağacın əkilməsi nəzərdə tutulur.

Şuşaya qayıdış niyyəti ilə

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanan və respublikamızın bütün bölgələrində böyük razılıq hissi ilə qarşılanan "Hərəmiz bir ağac əkək!" kampaniyasına ilkin səs verənlərdən biri də ölkənin əksər bölgələrində müvəqqəti məskunlaşmış şuşalılardır.

Respublikanın İsmayıllı, Bərdə və Ağcabədi rayonlarının ərazilərində fəaliyyət göstərən Şuşa rayonunun 15,19 və 21 nömrəli orta ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən bu xeyirxah kampaniyaya qoşularaq təhsil aldıqları məktəblərin həyətində xeyli ağac və gül kolları əkmişlər. Yeni salınan yaşıllıqlarda vurulmaq üçün "Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" layihəsinə töhfə" yazılmış lövhələr də hazırlanır. Əkilmiş ağac və gül kollarına qulluq etmək üçün siniflər arasında bölgü aparılmışdır. Şuşa rayonunun müəllim və şagird kollektivləri məskunlaşdıqları bölgələrdə əkdikləri ağacları bu yerlərin daimi sakinlərinə hədiyyə edəcəklərini, bu xeyirxah işi gələn il doğma Şuşamızda davam etdirmək niyyəti ilə yaşadıqlarını vurğulamışlar.

Neftçilər daha bir iməcilik keçirmişlər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bildirmişlər ki, Heydər Əliyev Fondunun irəli sürdüyü "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə qoşulan ARDNŞ-in Sosial İnkişaf İdarəsinin kollektivi Bakının müxtəlif rayonlarında, eləcə də Lənkəran şəhərində yaşıllaşdırma kampaniyası həyata keçirmişdir. İdarənin mənzil-kommunal xidmətləri departamentinin işçiləri təkcə Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində minədək ağac əkmişlər. Yarımadanın iqliminə uyğun olaraq burada, əsasən, şam və sərv ağaclarının əkilməsi məqsədəuyğun sayılmışdır. Ağac əkiləcək ərazilər bir neçə gün əvvəldən departamentin işçiləri tərəfindən iri daşlardan və kol-koslardan təmizlənərək sahmana salınmışdır.

Tədbir çərçivəsində Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin nəzdindəki təhsil müəssisələrinin və uşaq bağçalarının, Mərkəzi Neftçilər Xəstəxanasının, Zuğulbadakı Reabilitasiya Mərkəzinin, "Neftçi" idman-sağlamlıq mərkəzinin və Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin ərazilərində də müxtəlif meyvə və bəzək ağaclarının tingləri əkilib.

Xanlar rayonu

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə böyük həvəslə qoşulan Xanlar rayon sakinləri son 20 gün ərzində 11 mindən artıq ağac əkmişlər. Rayon icra hakimiyyəti başçısının birinci müavini Turani Əliyev demişdir ki, yaşıllaşdırma işləri, əsasən vaxtilə sakinlər tərəfindən ağacları kəsilmiş ərazilərdə aparılır. Sevindirici haldır ki, bu vətənpərvərlik təşəbbüsünə uşaqdan tutmuş böyüyədək hamı həvəslə qoşulmuşdur. Keçirilən kampaniyada tinglərlə təminatı rayon meşə təsərrüfatı idarəsi öhdəsinə götürmüşdür. Bu nəcib təşəbbüsü dəstəkləyən xanlarlılar ağac əkini kampaniyasını mayın axırınadək davam etdirməyi qərara almışlar.

Gədəbəy rayonu

Rayon sakinləri kampaniya başlanan gündən indiyədək müxtəlif ərazilərdə 80 minə yaxın ağac əkmişlər. Hazırda bu iş davam etdirilir. Bu günlərdə keçirilən növbəti iməcilikdə daha 5 min ədəd həmişəyaşıl ağac əkilmiş, mövcud ağaclara qulluq edilmişdir. İməcilikdə Dikdaş və Qaraməmmədli kənd orta məktəblərinin müəllim və şagirdləri daha çox fərqlənmişlər. Onlar bu kəndlərin ərazilərində əkilmiş ağaclara ilboyu qulluq göstərməyi öz öhdələrinə götürmüşlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəmiz bir ağac əkək!" təşəbbüsünə qoşulan dağ rayonunun əhalisi mayın sonunadək yaşıllaşdırma işlərini davam etdirmək əzmindədirlər.

Lənkəran

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanmış və ölkəmizdə uğurla həyata keçirilən "Hərəmiz bir ağac əkək!" layihəsinə qoşulan Lənkəran Dövlət Universitetinin tələbə və müəllim kollektivi ali təhsil ocağının 1 nömrəli tədris korpusunun həyətində "Dəmirağacı parkı"nın salınmasına başlamışlar. Bu məqsədlə parkda 1500-dək dəmirağacı və müxtəlif növ gül kolları əkilmişdir. Parkda 10 min ağacın əkilməsi nəzərdə tutulmuşdur. Yeni əkilmiş ağaclara qulluq etməkdən ötrü universitetin tələbələrindən ibarət xüsusi briqada təşkil edilmişdir. Lənkəran şəhərinin Şirəli Axundov küçəsində "Dostluq" parkının tikintisinə də başlanmışdır.

Azərbaycanın bölgələrinin dostluq və qardaşlıq rəmzinə çevriləcək yeni parkda respublikamızın 9 bölgəsi üzrə rəmzi güşələr ayrılmışdır. Burada həmin regionların mühüm memarlıq abidələrinin maketlərinin quraşdırılması, "Yaşıl teatr" binasının əsaslı təmir edilməsi və yay səhnəsinin inşası da nəzərdə tutulur. Parkın mərkəzində təzə fəvvarənin tikintisi, buradakı işıq sisteminin yenidən qurulması, ətrafda yaşıllaşdırma və abadlıq işlərinin aparılması üçün tədbirlər görülür. "Dostluq" parkı həm yerli sakinlərin, həm də Lənkərana gələn qonaqların əsl istirahət yerinə çevriləcəkdir.

Nəcib təşəbbüsə qoşulmuşlar

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanan və respublikamızın bütün bölgələrində böyük razılıq hissi ilə qarşılanan "Hərəmiz bir ağac əkək!" kampaniyasına ilkin səs verənlərdən biri də Dövlət Sosial Müdafiə Fondunun kollektivi olmuşdur. Artıq bir neçə həftədir ki, fondun şəhər və rayon şöbələrinin işçiləri bu humanist təşəbbüsə qoşularaq minlərlə ağac əkmiş, abadlıq və təmizlik işləri aparmışlar.

Aprelin 14-də DSMF-nin kollektivi yenə iməciliyə çıxaraq Heydər Əliyev adına idman-konsert kompleksinin ətrafındakı bağda 500-dən çox sərv ağacı əkmiş, ərazidəki ağacların dibini yumşaltmış, suvarmış, gövdələrini ağartmışdır.

Nəsimi rayonu

Rayon sakinləri, təhsil, səhiyyə işçiləri, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri xeyirxah təşəbbüsə birincilər sırasında qoşularaq park və xiyabanlarda, yol kənarlarında minlərlə ting, gül və bəzək kolları əkmiş, yaşayış massivlərində, inzibati binaların həyətlərində təmizlik-abadlıq işləri aparmışlar.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəmiz bir ağac əkək!" layihəsi çərçivəsində Bakıxanov küçəsində - Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında təzə fəvvarə kompleksi tikilir. Orijinal arxitektura tərtibatlı bu kompleksin ətrafında yaşıl gül-çiçəkli xiyaban salınacaq, mədəni-istirahət guşəsi yaradılacaqdır. Kompleksin açılışı ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günü - 10 mayda olacaqdır.

Suraxanı rayonu

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəmiz bir ağac əkək!" layihəsinə ilk gündən qoşulmuş Suraxanı rayonunun sakinləri indiyədək "Qaraçuxur" qəsəbəsinin Yeni Günəşli yaylasında və Bakı-Aeroport yolunun rayon ərazisindən keçən hissəsində 8 min sərv ağacı əkmişlər.

Aprelin 14-də Qaraçuxur qəsəbəsinin Cəlal Qurbanov küçəsində salınan - "Veteranlar xiyabanı"nda və rayonun müxtəlif qəsəbələrində keçirilmiş növbəti iməcilikdə daha 2 min sərv ağacı əkilmişdir. Tədbirdə təhsil, səhiyyə, sənaye müəssisələri işçiləri, mənzil-kommunal təsərrüfatı birliyinin əməkdaşları, sakinlər yaxından iştirak etmişlər. Rayon icra hakimiyyətindən bildirmişlər ki, layihə çərçivəsində kampaniya aprelin sonunadək davam edəcək, müəyyən edilmiş iməciliklərdə ağaclar əkiləcək, onlara qulluq ediləcəkdir. Ümumiyyətlə, rayon sakinləri bu mövsümdə 10 mindən çox ağac əkməyi qərara almışlar.

Səbail rayonu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan və respublikamızın hər yerində geniş vüsət alan "Hərəmiz bir ağac əkək!" kampaniyası Səbail rayonunda da rəğbətlə qarşılanmışdır. Aprelin 14-də "Dostluq parkı"nda keçirilən iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, məktəblilər böyük həvəslə iştirak etmişlər. Parkın ərazisində həmişəyaşıl ağaclar, bəzək kolları əkilmişdir.

Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən bu xeyirxah aksiyaya "Alman-Azərbaycan" cəmiyyətinin 15 illik yubileyində iştirak etmək üçün Almaniyadan gəlmiş qonaqlar da qoşulmuşlar.

Burada "Alman-Azərbaycan dostluğunu əks etdirən yaşıl bağ guşəsi" layihəsinin həyata keçirilməsi üçün ayrılmış sahədə də müxtəlif ağaclar əkilmiş, abadlıq işləri aparılmışdır.

Aksiya ayın sonunadək davam etdiriləcəkdir.


Xalq qəzeti.- 2007.- 15 aprel.- № 79.- S. 4.