Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Birinci Xanımlar Sammitində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müraciəti yüksək qiymətləndirilib


Oktyabrın 11-dən 13-dək Kuala Lumpurda "Bu günün uşaqları, sabahın liderləridir" mövzusunda Birinci Xanımlar Sammiti keçirilib.

Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Malayziyada bu tədbirə böyük önəm verilir və onun gələcək liderlərin yetişdirilməsində mühüm rol oynayacağı gözlənilir. Hesab edilir ki, uşaqların düzgün tərbiyəsi və onlara zəruri təhsilin verilməsi məsələsi Birinci Xanımların himayəsinə götürülsə, ictimaiyyətin bütün seqmentləri məsələyə daha böyük diqqət göstərər və problem həllini daha tez tapar. Malayziya Baş nazirinin xanımı Datin Paduka Seri Rosmah Mansorun fikrincə, uşaqların tərbiyəsi və maarifləndirilməsi məsələsi hər bir ölkənin prioritetidir və hökumətlər məsələnin həlli ilə yaxından məşğul olmalıdırlar. Eyni zamanda, məsələnin həlli yollarını müəyyənləşdirmək və prosesi daha da səmərəli etmək üçün dövlətlərin sıx əməkdaşlığı zəruridir. Məhz bu məqsədlə R. Mansorun təşəbbüsü ilə Kuala Lumpurda Birinci Xanımlar Sammiti təşkil olunub.

Sammitdə iştirak etmək üçün Kuala Lumpura 21 ölkənin birinci xanımı gəlib. Daha 13 ölkə isə nazirlər səviyyəsində təmsil olunub.

Tədbirdə Azərbaycanı ölkəmizin birinci xanımı Mehriban Əliyevanın nümayəndəsi qismində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova təmsil edib. Ölkəmizin nümayəndə heyətinin tərkibinə, həmçinin komitənin qadın problemləri və gender məsələləri üzrə şöbəsinin müdiri K. Ocaqova və komitə sədrinin köməkçisi R. Atakişiyev daxil olublar. Tədbir çərçivəsində nazirlərin toplantısı keçirilib. Toplantıda "Gələcək naminə liderlik", "Uşaqların zənginləşdirilməsi və səlahiyyətləndirilməsi", "Liderlərin yetişdirilməsini təmin edən mühitin yaradılması" mövzularında iclaslar olub. Sammitdə isə birinci xanımların iştirakı ilə müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Sammitdə Malayziyanın Baş nazirinin xanımı R. Mansor çıxışında uşaqlarla bağlı faktlara toxunaraq qeyd edib ki, dünyada 114 milyon uşaq əsaslı təhsil almır, 774 milyon yetkinlik yaşına çatmış uşaq yazıb-oxumağı bacarmır, beş yaşından aşağı 200 milyon uşaq qayğıdan məhrumdur, hər il 11 milyon uşaq müxtəlif xəstəliklərdən, əsasən də malyariya, pnevmoniya xəstəliyindən ölür, hər gün 300 milyon uşaq ac yatır, məktəbə getməyən bütün uşaqların 60 faizi qızlardır, 250 milyon uşaq ailələrinə kömək etmək üçün işləmək məcburiyyətindədir. R. Mansor Birinci Xanımlar Sammitinin müdrik və xeyirxah liderlərin hazırlanmasında yaradıcı yanaşma üçün mühüm rol oynayacağına əminliyini bildirib. Sammitdə AQUPDK-nın sədri H. Hüseynova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciət yüksək qiymətləndirilmiş və dərin minnətdarlıq hissi ilə qəbul edilmişdir. H. Hüseynova çıxışında münaqişə bölgələrində məhrumiyyətlərə düçar olmuş uşaqların taleyi ilə daha sıx məşğul olmaq zərurətini iştirakçıların diqqətinə çatdırıb. Çıxış tədbir iştirakçılarının, o cümlədən Malayziya Baş nazirinin xanımı R. Mansorun böyük diqqətinə və alqışlarına səbəb olub.

Tədbir birinci xanımlar tərəfindən sammitin bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.


Səs.- 2010.- 15 oktyabr.- № 189.- S. 5.