Çap etmək   ⁞     ⁞   Fond haqqında

Səmimiyyətə söykənən xeyirxah missiya

Heydər Əliyev Fondunun fəaliyyəti milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir


Bu gün Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. "Keçmişə ehtiram, gələcəyə ümid" postulatına əsaslanan bu xeyirxah missiya ilk növbədə insanlara, adət-ənənələrimizə səmimi diqqət və qayğı istəyindən qaynaqlanır.

Heydər Əliyev Fondu həyata keçirdiyi önəmli tədbirlərin miqyası ilə böyük ictimai nüfuz və rəğbət qazanmış, köməyə ehtiyacı olan kimsəsiz insanların ümid, pənah yerinə çevrilmişdir. Ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu "ümid qapısı" kimi məhz bu ünvanı döyür. Mehriban xanım Əliyeva məhz bu amalla Fonda üz tutmuş insanların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların problemlərinin həllinə çalışır. "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim Fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq" - deyən Mehriban xanım Əliyeva yüksək humanizmi, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətləri hər şeydən üstün tutur.

Azərbaycan cəmiyyəti Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən savab və xeyirxah əməllərin nə qədər müstəcab olduğunu dərk edir, özlərinin yaşam fəlsəfəsini bu meyarlara uyğunlaşdırmağa çalışırlar. Son iki ildə millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram ulu öndərimizin ali ideallarını özündə ehtiva edir. Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçmiş Fond iki il ərzində həm də xalqın milli varlığını özündə yaşadan zəngin mənəvi-intellektual və mədəni mülkiyyətin qorunması istiqamətində cahanşümul işlər görmüşdür.

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı özlüyündə nə qədər mütərəqqi proses olsa da, onun mənfi təzahürləri bəzən milli irs və mədəniyyətin aşınmasına yönəlir. Kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu indiki dövrdə həm də milli ənənələrin qorunub saxlanılması, ona yüksək qayğı və diqqətin göstərilməsi son dərəcə vacibdir. Bu gün YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də məhz insanın mənəvi dünyasını qorumaqdır. Planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin mühafizəsi ən aktual vəzifəyə çevrilmişdir. Azərbaycanın birinci xanımı çoxlarının hətta diqqət belə yetirmədiyi bu həssas məqamı özünəməxsus fəhm və nəcibliklə ön plana çəkir və bununla da insanları dünyanın inkişaf axarını düzgün qiymətləndirməyə çağırır. "Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmır.

Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir" - deyən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xalqımızın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi dəyərlərini sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanı öz üzərinə götürmüşdür. Məhz onun qarşıya strateji məqsəd kimi qoyduğu bir sıra mühüm vəzifələrin son iki ildə yüksək dinamizmlə gerçəkləşdirilməsi nəticəsində Heydər Əliyev Fondu keçmişlə gələcək arasında möhkəm körpü yaratmağa, xeyirxahlıq və insanpərvərlik kimi dəyərləri ictimai fikrə təlqin etməyə çalışan mötəbər qurum kimi tanınır. Azərbaycanın birinci xanımı YUNESKO-nun xoşməramlı səfiri kimi fərqli sivilizasiyaları ümumbəşəri dəyərlərlə bir-birinə bağlamaqla, dünyanın xilasına çalışan insanlarla eyni cərgədə dayanır. Diqqət yetirsək görərik ki, bu fəaliyyət bir qədər də əvvəldən - 1995-ci ildən başlanmış və milli inkişafa böyük töhfələr vermişdir: "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunu yaradan Mehriban xanım Əliyeva bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə ağır böhran keçirən milli mədəniyyətimizin böyük hamisi kimi çıxış etmişdir. Son 10 ildə musiqi təhsilinin inkişafı, gələcək nəslin maarifləndirilməsi, milli mədəniyyət incilərinin qorunaraq gələcək nəsillərə ötürülməsi işi bu fondun xüsusi diqqət mərkəzində olmuş, müntəzəm surətdə keçirilən xeyriyyə konsertləri milli musiqimizin zəngin ənənələrinin qorunmasına imkan yaratmışdır. Bu dövrdən etibarən musiqi gimnaziyasının və məktəbinin əsaslı təmir edilməsi, minlərlə yeniyetmə və gəncin, xüsusən də imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili alması məqsədinə yönəlmişdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan, ingilis və rus dillərində çap olunan "Azərbaycan-İrs" jurnalının səhifələrində musiqimizin, mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması, milli genefondun qorunması vacibliyi fikri ana xətt kimi önə çəkilmişdir. Bu jurnalın dərci ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği baxımından da müstəsna əhəmiyyət daşımışdır.

Ulu öndərimizin adını daşıyan Fondun fəaliyyətə başlaması ilə bu işlərin daha böyük miqyasda, ardıcıl və sistemli surətdə həyata keçirilməsinə əlverişli imkanlar yaranmışdır. 2004-cü ildə YUNESKO-nun xoşməramlı səfiri kimi ali titula layiq bilinən Mehriban xanım Əliyevanın milli irsin mühafizəsi, elm və mədəniyyətin inkişafı, habelə insanların üzləşdiyi bir çox problemlərin həlli sahəsindəki fəaliyyəti daha da genişlənmişdir. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq səviyyədə qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, bu siyahıya Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil olması üçün ilkin sənədlərin hazırlanması görülən işlərin yalnız bir qismidir. Xalqımızın milli sərvəti sayılan muğamın həmin mötəbər təşkilatın xəttilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilməsi, Milli Parkda Bakı Muğam Mərkəzinin bünövrəsinin qoyulması, "Qarabağ xanəndələri" adlı nəfis albomun buraxılması Mehriban xanım Əliyevanın milli irs və dəyərlərə bağlılığının, yüksək vətənpərvərliyinin əyani göstəricisidir.

Ötən dövrdə mədəniyyət abidələrinin yenidən qurulması və reabilitasiyası da Fondun xüsusi diqqətdə saxladığı məsələlərdən biri olmuşdur. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpasını, Abdulla Şaiqin ev-muzeyinin təmiri bu baxımdan xüsusi vurğulanmalıdır. Azərbaycan həqiqətlərinin müasir informasiya texnologiyalarının köməyilə dünya arenasına çıxarılması, bu məqsədlə yeni internet saytlarının yaradılması da Fondun başlıca fəaliyyət istiqamətlərindəndir. 2005-ci ildə həcminə və keyfiyyətinə görə ölkədə oxşarı olmayan "Azərbaycan" informasiya portalının yaradılması uğurlu layihələrdən biri kimi diqqəti çəkir. Layihənin hazırlanmasına respublikanın aparıcı mütəxəssisləri də cəlb edilmiş, çoxsaylı arxivlərdən, kitabxanalardan və dövlət müəssisələrindən toplanmış dəyərli materiallar, sənədli bilgilər burada əksini tapmışdır. "Qarabağ həqiqətləri" kitabının bir müddət əvvəl nəfis tərtibatla çapdan çıxması isə Fondun Ermənistanın təcavüzkarlıq siyasətinin gerçək mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması sahəsində də fəal mövqe tutduğunu göstərir.

Heydər Əliyev Fondunun son iki illik fəaliyyətinin ümdə istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllinə kömək və bu məqsədlə nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli faydalanmaq olmuşdur. Böyük imkanlara malik bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə bu əlaqələrin daha da intensivləşməsinə geniş imkanlar açır. Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında ötən ilin avqust ayında Bakıda "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda ikinci konfransın keçirilməsi təhsilin inkişafı ilə bağlı mühüm müzakirələrin aparılması, çıxış yollarının aranması baxımından son dərəcə səmərəli olmuşdur. Xatırladaq ki, Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə təhsillə bağlı əməkdaşlıq layihələri həyata keçirilir. "Təhsil hamı üçün" proqramı, "Assosiativ məktəblər", texniki-peşə təhsili sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və başqa işlər də məhz təhsilimizin müasirləşdirilməsinə və keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da uğurlu əməkdaşlıq çərçivəsinə daxil olan məsələlərdəndir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə 2005-ci il ərzində Azərbaycanın müxtəlif regionlarında 132 yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə dəyirmi masa keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər" - deyən Fondun prezidenti bu il respublikamızda 100-dən artıq yeni məktəbin inşa olunacağını da yüksək əzm və işgüzarlıqla bəyan edir.

Səhhəti ilə bağlı problemləri olan kimsəsiz insanlara qayğı və kömək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı xətt təşkil edir. Bu baxımdan Fondun uğurla həyata keçirdiyi "İnternat məktəbləri və uşaq evlərinin inkişafı", "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız yaşam" layihələri xüsusi aktuallığa malikdir. Bu layihələr çərçivəsində 14 yaşınadək olan diabetli uşaqlara dərman preparatları paylanmışdır və hazırda bu istiqamətdə işlər davam etdirilir. Fond bu layihələri ilə həm də cəmiyyətin diqqətini uşaq evlərinə, internat məktəblərinə yönəltməyə nail olur. Mehriban xanım Əliyevanın başlıca məqsədlərindən biri də məhz xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına da təlqin etməkdir. Təkcə ötən il Fondun dəstəyilə 500-dən çox soydaşımıza səhiyyə yardımı göstərilməsi də Mehriban xanım Əliyevanın xeyirxah fəaliyyətinin göstəricisidir.

Hər bir millətin mənəvi-fiziki sağlamlığının təmin olunması həm də idmanın, bədən tərbiyəsinin inkişafından keçir. Mehriban xanım Əliyevanın Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki fəaliyyəti də həmin ali məqsəddən qaynaqlanır. Qısa müddətdə Azərbaycanın bədii idman növünün inkişafı istiqamətində atdığı addımlar, habelə ötən il Bakıda ilk dəfə olaraq gimnastika üzrə dünya çempionatının keçirilməsi onun bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş rəhbər olmasından xəbər verir.

Milli-mədəni irsin qorunub saxlanılması, YUNESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın dünyada müsbət imicinin formalaşması, ölkə tarixində ilk dəfə olaraq bədii gimnastika üzrə dünya çempionatının təşkili və keçirilməsi, xeyriyyəçilik fəaliyyəti, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində təhsil sisteminin inkişafına göstərdiyi xidmətlərə görə Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun "2005-ci ilin adamı" adına layiq gördüyü Mehriban xanım Əliyeva hələ qarşıda daha böyük işlərin dayandığını bildirir. "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir" - deyən Azərbaycanın birinci xanımı həyatın mənasını məhz insanlara təmənnasız köməkdə, pak və nəcib əməllərdə axtardığını bir daha sübuta yetirir. Bu gün Azərbaycan vətəndaşlarının ölkənin birinci xanımının fəaliyyətini rəğbət və məmnunluq hissilə yaxından izləməsini də Mehriban xanım Əliyevanın yüksək humanizmində və qayğıkeşliyində axtarmaq lazım gəlir.


Həqiqət Səlimova,
"Səadət" sarayının direktoru

Azərbaycan.- 2006.- 8 mart.- № 51.- S. 3.