Xoşməramlı missiya
Sivilizasiyalararası dialoqun yaradılmasına töhfə verən Mehriban Əliyeva vətənində də milli-mənəvi irsin qorunması və maarifçilik fəaliyyətinin önündə gedir
Ziyalı Azərbaycan qadını. İctimai-siyasi fəaliyyətin şəxsi maraqların təminatına yönələn tərəfləri onu qətiyyən maraqlandırmayıb. Fəaliyyət qaydaları daha çox bu müstəvidə qurulanda bacardıqca kənara çəkilib. Vətənin, xalqın, ümumilikdə bəşəriyyətin mənafelərinə xidmət gününün yetişəcəyi anı gözləyib. Məqam çatan kimi bütün səylərini ortaya qoyaraq əməlləri ilə əbədiləşib, Bəlkə elə buna görə başqa xalqlardan fərqli olaraq, bizim keçmişimizdə elə bir qadın hökmdarın, sərkərdənin, şairənin, bir sözlə, müasir anlamla desək, qadın ictimai-siyasi xadimin adını çəkmək mümkün deyil ki, tarix onu daha çox bəd əməllərinə görə tanısın. Yada sala biləcəklərimiz o adlardır ki, onlar təkcə konkret şəxsiyyətlərin tarixdə bilavasitə təzahürü olmayıb, həm də bu gün Azərbaycan xalqına mənsubluğu ilə öyünən hər bir soydaşımız üçün ən ali dəyərlərin simvollarıdır. Zaman bu sıraya, təbii ki, öz əlavələrinə edir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın timsalında bizlər yeni əsrimizin əvvəlində daha bir Azərbaycan qadınının də xalqına təmənnasız xidmət nümunəsi ilə tarixilik qazanmasına şahidik.
Sülh səfiri
Dünyanın xilası uğrunda axtarışlar əslində bizim təsəvvür edə bildiyimizdən də əvvəllərə gedib çıxır. Minillər boyu Yer üzünün hər yerində insanlığa qənim kəsilmiş qanlı savaşların, həm fərdləri, həm də toplumları addım-addım izləyən ölüm təhdidlərinin, bu gün hörümçək toru kimi bütün dünyanı sarmış terror xofunun ortadan götürülməsi, bəşəriyyətin asudə nəfəs alması üçün indiyə qədər çox prinsiplər irəli sürülüb. Əksər siyasi ideologiyaların, doktrinaların iflasından sonra indi bu həqiqət əksəriyyətin ümumi qənaətinə çevrilməkdədir ki, dünyamızın xilası daha çox məhz müxtəlif sivilizasiyalar arasında dialoqun qurulmasından, qarşılıqlı anlaşmanın əldə olunmasından keçir.
Mehriban xanım Əliyeva bu gün YUNESKO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirərək ümumilikdə planetin xilası uğrunda əzmlə çalışanların ön cərgəsindədir. O, üzərinə düşən bu ali missiyanı uğurla yerinə yetirir.
Xronoloji ardıcıllıqla götürsək, Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyəti 1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradıldığı gündən başlanır. O vaxtdan üzü bəri musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi bu fondun daim diqqət mərkəzində olub. Təşkil olunan xeyriyyə konsertlərinin dinləyicilərə bəxş etdiyi sevinc öz yerində, bu konsertlər həm də milli mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə böyük xidmət göstərib. Davamlı səylər nəticəsində Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi tam təmir edilib, minlərlə yeniyetmə və gəncin musiqi aləminə qovuşa bilməsi üçün gözəl şərait yaradılıb. İmkansız ailələrin övladlarının bu prosesə cəlb olunmasını xüsusi qeyd etməliyik.
Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Azərbaycan İRS" jurnalının gördüyü iş də Azərbaycan mədəniyyətinin beynəlxalq arenada təbliği baxımından böyük önəm daşıyır.
Milli “mən”in hamisi
Bu gün bütün dünyanın informasiya əsrinə qədəm qoyması, informasiya texnologiyalarının inkişafı sahəsində əldə olunan fantastik nailiyyətlərin az qala hər gün həyatımıza hər hansısa bir dəyişiklik gətirməsi nə qədər mütərəqqi meyl sayılsa belə, bu inkişaf milli tarixi-mədəni irsə müəyyən təhlükə meyillərini də istisna etmir. Belə bir əyyamda Azərbaycan və ümumilikdə Cənubi Qafqaz mədəniyyətinin YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın timsalında özünə etibarlı bir hami, xilaskar tapması sevindirici məqam kimi qiymətləndirilməlidir. Həyata keçirdiyi missiyaya o, çağdaş dünyada qarşıda dayanan ən vacib vəzifələrdən biri kimi yanaşır: "İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə, milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir".
Tarixdən bizə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün o, dəqiq, məqsədyönlü, konkret fəaliyyət planına malikdir. Mehriban Əliyevanın Bakıda "Qafqaz xalq ənənələri evi"nin yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüs də bu planın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması, təbliği istiqamətində böyük faydalar vəd edir.
Bu təşəbbüs eyni zamanda həm də siyasi mahiyyət daşıyır? "Qafqaz xalq ənənələri evi"nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yeni qonşuluq siyasəti"nin icrasına əhəmiyyətli töhfə verə bilər. YUNESKO qeyri-siyasi qurum olsa da, bu təşkilatın toplantıları çərçivəsində müxtəlif problemlərin müzakirəsi zamanı Mehriban xanım Əliyeva vaxtaşırı Dağlıq Qarabağ problemini də gündəmə gətirir, Azərbaycan həqiqətlərini bütün dünyanın nəzərinə çatdırır.
Xalqımızın genetik kodu
Hər dəfə muğama qulaq asanda nədənsə adama elə gəlir ki, azərbaycanlının dünya ilə ilk ünsiyyəti muğamla qurulub. Muğamı Azərbaycan xalqının genetik kodu sayan Mehriban xanım bu fikrində tam haqlıdır. Onun Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də elə bundan ibarətdir ki, o, dünyayla ilk ünsiyyətimizin qurulduğu dilə - muğamımıza yeni həyat verdi. YUNESKO artıq Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edib. Mehriban Əliyevanın təşəbbüsü ilə hazırlanan "Qarabağ xanəndələri" albomundan sonra yeni muğam layihələri üzrə işlər davam etdirilir. Avqustun 24-də isə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməli, qoyuldu. Çox keçməz, bu mərkəz paytaxtımızın ən gözəl yerlərindən birində yeni bir mənəviyyat məbədi kimi ucalar.
Mehriban xanım Əliyevə Azərbaycan, ümumilikdə ümumtürk musiqi sənətinin əhəmiyyətinə görə muğamdan əsla geri qalmayan başqa bir qolu, aşıq sənətinə də diqqətin artırılması, bu sənətin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması yönündə səyləri davam etdirir. Bütün bunlar YUNESKO ilə əməkdaşlıq çevrəsində görülən işlərin cüzi bir hissəsidir. Xatırladaq ki, İçərişəhər, Qız qalası çox nadir memarlıq incisi kimi artıq dünya mədəni irs siyahısına salınıb. Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin yubileyləri YUNESKO-nun təqvimində öz əksini tapıb. Dahi Məhəmməd Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi ümumilikdə bəşəriyyət üçün əhəmiyyətli hadisə kimi anılıb. Bu ilin sentyabrında isə Parisdə görkəmli Azərbaycan alimi Yusif Məmmədəliyevin 100 illik yubileyinin keçirilməsi planlaşdırılır.
Maarifçilik xəttinin davamçısı
Azərbaycan qurumlarının YUNESKO-nun bir sıra elm, təhsil və mədəniyyət proqramlarında iştirakı, ələlxüsus təhsil sahəsində əməkdaşlıq cəmiyyətimiz üçün böyük əhəmiyyətə malikdir. Bir faktı diqqətə çatdıraq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və dövlət qurumları ilə birgə vətəndaş cəmiyyətinin bir çox strukturlarının da dəstək verdiyi “Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə bu il ərzində ölkəmizin müxtəlif regionlarında 132 məktəbin inşası, həmçinin lazımi avadanlıqla təchiz olunması nəzərdə tutulub. Artıq başa çatmaqda olan bu proses, özünün də söylədiyi kimi, Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir: "Çalışıram ki, tikinti ilə bağlı hər gün məlumat alım. Tikintilərin bir qismində özüm şəxsən olmuşam, işlərin həqiqətən də çox böyük sürətlə getdiyini görmüşəm. Bu məktəblərin tikintisi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin yalnız ilk mərhələsidir. Hazırda ikinci mərhələyə daxil olan məktəblərin siyahısı hazırlanır. Mən inanıram ki, 3-4 ildən sonra Azərbaycanın hər bir kəndində ən müasir tələblərə cavab verən məktəb binası olacaqdır". Bu gün Mehriban Əliyevanın həyata keçirdiyi bu xətt xalqın nicat yolunu hələ yüzillər öncə təhsilin, elmin inkişafında görən M. F. Axundov, H. Zərdabi, Mirzə Cəlil kimi maarifpərvərlərimiz tərəfindən əsası qoyulmuş müqəddəs xəttin davamıdır.
Onun rəhbərlik etdiyi fond ölkəmizdəki tarixi abidələrin qorunmasında da fəal iştirak edir. Gəncə şəhərində Cavad xan türbəsinin, Comərd Qəssabın məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpasını, Abdulla Şaiqin ev-muzeyinin təmirini buna nümunə göstərə bilərik. Fond eyni zamanda Azərbaycanda müasir texnologiyaların inkişafı istiqamətində də əhəmiyyətli işlər həyata keçirir.
Bir müddət öncə geniş auditoriyaya təqdim edilən və həcminə-keyfiyyətinə görə ölkədə analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması internet reallığının həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyi indiki günlərdə Azərbaycan mədəniyyətinə verilən ən böyük töhfədir. Bu layihənin-reallaşmasına Azərbaycanın aparıcı mütəxəssisləri cəlb edilib, çoxsaylı arxivlərdən, kitabxanalardan və dövlət müəssisələrindən toplanmış dəyərli materiallar, sənədli bilgilər burada öz əksini tapıb.
Vətən naminə seçim
Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli bu gün Mehriban xanımın qarşıya qoyduğu ən əsas vəzifələrdən biridir. Fond indiyə qədər uşaq evləri və internat məktəbləri ilə bağlı dörd böyük layihə gerçəkləşdirib. Hazırda 12 internat məktəbi təmir edilir. Mehriban Əliyeva şəxsən özü 28 internat məktəbinə baş çəkib, Təmirə ehtiyacı olan digər məktəblərdə təmir işlərindən başqa fond tərəfindən uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin təşkili də planlaşdırılıb.
Fond eyni zamanda səhiyyə sahəsində də layihələr həyata keçirir. Bu sırada "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə” layihələri xüsusi qeyd olunmalıdır. Mehriban Əliyevanın fəal dəstəyilə reallaşdırılan sosial layihələrə Qaradağ rayonunun 20 mindən artıq sakinini su ilə təchiz edəcək su kəmərinin çəkilişini, tarixi abidələrin və muzeylərin bərpasını, uşaqlar, qaçqınlar, əlillər və müharibə veteranları üçün keçirilən digər çoxsaylı tədbirlər də əlavə etmək lazım gəlir.
Ən önəmlisi isə budur ki, görülən bu qədər işin hər hansı birinin ardında təbliğat məqsədləri da-yanmayıb və bu həqiqəti hər kəsdən çox Azərbaycan xalqı görüb etiraf etməkdə, qiymətləndirməkdədir. "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun Prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənirəm qəzavü-qədər, şağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir" deyir Mehriban xanım.
Ən doğru seçimsə məhz elə budur. Və bu seçim xalqın seçimi ilə qovuşur...
Yadigar Cəfərli
Azərbaycan.- 2005.- 1 sentyabr.- № 202.- S. 5.