UNESCO-nun baş qərargahında Çərçivə sazişi üzrə Rəhbər Komitənin ilk toplantısı keçirilib
Martın 11-də Parisdə Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair 2013-cü ildə imzalanmış Çərçivə sazişinin reallaşdırılmasını müzakirə etmək məqsədilə Rəhbər Komitənin ilk toplantısı keçirilib.
Toplantıda UNESCO-nun müvafiq bölmələrinin üzvləri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov ölkəmizlə UNESCO arasındakı əməkdaşlığın tarixinə toxunaraq, müstəqilliyimizin ilk illərində qarşılaşdığımız çətinliklərdən və qazanılan uğurlardan söz açıb.
Natiq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, onun ağır nəticələrindən, çətin günlərində ölkəmizə göstərilən humanitar yardımlardan, qısa müddətdə əldə edilən iqtisadi dirçəlişdən danışıb.
Anar Kərimov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-UNESCO əlaqələrinin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirib ki, təşkilatın prinsip və humanitar fəaliyyətini daim dəstəkləyən Azərbaycanın birinci xanımının verdiyi töhfələrin sayəsində UNESCO ilə əməkdaşlıq ötən illər ərzində məhsuldar olub.
Rəhbər komitənin illik yığıncağının Azərbaycan ilə UNESCO arasındakı ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyi bildirilib.
Yığıncaqda Azərbaycanın UNESCO proqramları çərçivəsində həyata keçirdiyi layihələr haqqında hesabatlar dinlənilib.
Azərbaycanın bir çox ölkələrdə, xüsusilə də Tanzaniya, Liberiya, Uqanda və Keniyada qızların təhsili üzrə, Mərkəzi Asiyada elm üzrə Avisenna layihəsi, mədəniyyətlərarası dialoq, təhsil, elm, mədəniyyət, rabitə və informasiya, sosial və humanitar elmlər sahəsində reallaşdırdığı layihələr haqqında müfəssəl məlumat verilib və növbəti il üçün fəaliyyət planı müzakirə olunub.
Tədbirdə ölkəmizin UNESCO üzrə Milli Komissiyasının, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO yanında daimi nümayəndəliyimizin üzvləri iştirak edib.
Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
AZƏRTAC
2016, 11 mart