YUNESKO-nun baş direktoru Koişiro Matsuura İçərişəhərlə tanış olmuşdur
YUNESKO-nun baş direktoru Koişiro Matsuura və ölkəmizə səfərdə onu müşayiət edən xoşməramlı səfirlər Bakının qədim guşəsi İçərişəhərlə tanış olmuşlar.
Şirvanşahlar sarayı qarşısında qonaqları Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qarşıladı. İlk tanışlıq "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarix-memarlıq muzey-qoruğundan başlandı. Qonaqlara məlumat verildi ki, XV əsrin yadigarı olan Şirvanşahlar sarayı Azərbaycan memarlığının incilərindən biridir. O, İçərişəhərin ən yüksək nöqtəsində tikilmişdir. Üç həyət-terrasda yerləşən ansambla dənizdən baxdıqda onun gözəl bir mənzərəsi açılır. Muzey-qoruqla tanışlıqdan sonra cənab Matsuura rəy kitabına ürək sözlərini yazdı.
Qonaqlar sonra "Azərxalça" İstehsalat Birliyinin İçərişəhərdəki sexinə gələrək, Azərbaycan xalçaçılarının işi ilə tanış oldular. Sonra qonaqlar Multan karvansarasında çay süfrəsinə dəvət olundular, burada Azərbaycan musiqisini dinlədilər. YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya qədim musiqi alətlərinə dair kitab və disk hədiyyə olundu. Cənab Matsuura və nümayəndə heyətinin üzvləri qonaqpərvərliyə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. İçərişəhərdə gəzinti qədim Qız qalası ilə tanışlıqla başa çatdı.
Xalq qәzeti.- 2005.- 25 avqust.- № 196.- S. 6.
