Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında "Azərbaycan xalçası" sənəti bu mötəbər beynəlxalq qurumun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.
Noyabrın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirmişdir ki, bu, bizim üçün yeni imkanlar açır və olduqca böyük tarixi hadisədir. Əldə edilmiş nəticə Azərbaycan xalçalarının toxunulmazlığına, bu sənətin inkişafına, xalçaçılıq məktəblərinin tanınmasına təkan verəcəkdir. Bu, bir daha sübut edir ki, Azərbaycan xalçaçılıq məktəbi mövcuddur, dünya tərəfindən tanınır və heç kim bu sənət nümunələrini mənimsəyə, oğurlaya, özününküləşdirə bilməz.
Nazir diqqətə çatdırmışdır ki, ötən illərdə Azərbaycan muğam sənəti, aşıq sənəti və Novruz bayramı da həmin reprezentativ siyahıya daxil edilmişdir. YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında bizi daha çox narahat edən məsələlərdən biri Ermənistan tərəfinin xaç daşların reprezentativ siyahıya daxil edilməsi ilə bağlı apardığı işlər idi. Azərbaycan tərəfinin qəti ehtirazlarını nəzərə alan YUNESKO-nun müvafiq qurumları bu məsələyə düzgün qiymət vermişlər. Onların bir daha diqqətinə çatdırılmışdır ki, bu daşlar qədim alban xalqına məxsusdur və ermənilər bu tarixi mənimsəmək və özününküləşdirmək niyyətindədirlər.
Xalq qəzeti.- 2010.- 25 noyabr.- № 258.- S. 4.