Heydər Əliyev Fondu dünənimizlə bu günümüz və gələcəyimiz arasında möhtəşəm bir körpü salır
Hər bir xalqı dünyada geniş şəkildə tanıdan onun zəngin folkloru və bəşəri məhəbbət üzərində köklənən adət-ənənələridir.
Müasir qloballaşma dövründə keçmişi, zəngin milli irsi olmayan xalqın isə beynəlxalq münasibətlər sistemində və mədəniyyətlərarası dialoq prosesində önəmli rol oynaya bilməsi heç də asan məsələ deyil. Bu baxımdan zəngin folklora və milli, bəşəri məhəbbət üzərində köklənən adət-ənənələrə malik olan Azərbaycan dünya xalqları arasında özünəməxsus, şərəfli yerlərdən birini tutur. Azərbaycan xalqını dünyada tanıdan və ona baş ucalığı gətirən şanlı tarixi keçmişi ilə sıx bağlı olan, ona özünəməxsus zənginlik gətirən folkloru, nağılları, dastanları, laylaları, musiqisidir.
Folklor nümunələrimiz milli adət və ənənələrimizdə, musiqimizdə, mahnılarımızda öz əksini taparaq insanlarımızın mənəvi baxımdan daha da zənginləşməsində önəmli rol oynayırlar. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, İslam dininin təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli mənəviyyatının əsaslarını təşkil etməkdədir. Məsələnin bu tərəfinə diqqəti cəlb edən ulu öndər Heydər Əliyev folklorumuzu və adət-ənənələrimizi bizim canlı və daim yeniləşən tariximiz adlandıraraq, onsuz gələcəyimizin olmadığını vurğulayırdı. Xalqını dərindən sevən və onunla fəxr edən Heydər Əliyev folklorumuzu və adət-ənənələrimizi, min illər boyu xalqımızın qəlbindən süzülüb gələn muğamlarımızı, xalq mahnılarımızı, mədəniyyətimizin canı, millətimizin varlığı, keçmişimiz ilə bu günümüz və gələcəyimiz arasında möhtəşəm körpü adlandırırdı. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan xalqının milli-mənəvi irsinin təcəssümü olan Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi ulu öndərin adət-ənənələrimizə, milli bayramlarımıza bütün varlığı ilə bağlı olmasının parlaq nümayişinə çevrildi.
H. Əliyev: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”,-deyə dönə-dönə vurğulayırdı.
Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, folkloruna dövlət səviyyəsində böyük əhəmiyyət verilməsi ulu öndərin vəfatından sonra da davam etdirildi. Bu baxımdan 11 il bundan əvvəl yaradılan və millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu ulu öndərin adət-ənənələrimizin, folklorumuzun qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi tədbirləri uğurla davam etdirməkdədir. Heydər Əliyev Fondunun həyata keçirdiyi kompleks tədbirlər həm də xalqın milli kimliyini, keçmişini, milli varlığını özündə yaşadan Azərbaycan folklorunun inkişafına, onun nümunələrinin toplanılması və nəşri işinə ciddi təkan verir.
Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələr, milli adət-ənənələrimizi, folklorumuzu, onun incisi olan muğamımızı qorumağa, inkişaf etdirməyə, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmağa yönəlmişdir. Beynəlxalq Muğam Mərkəzinin yaradılması və “Muğam aləmi” Beynəlxalq Festivalının keçirilməsi Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan musiqi mədəniyyətinin dünya səviyyəsində tanıdılması, təbliği və sevilməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Qeyd edək ki, Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə Heydər Əliyev Fondunun milli irsin mühafizəsi, elm və mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişləndi. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam, Novruz bayramı, UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edildi.
Təsadüfi deyil ki, Mehriban Əliyeva: “Öz milli mənliyimizi, mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi YUNESKO çərçivəsində qeyd olunmuş “Kitabi-Dədə Qorqud “ eposu, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi töhfələr verə bilmişik”,-deyir.
Heydər Əliyev Fondu Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamatımıza, sözün əsl mənasında, sahib çıxaraq, bu sahəyə də yaxından himayədarlıq etdi. Bu çərçivədə də Azərbaycana məxsus muğam incilərinin toplandığı “Qarabağ xanəndələri” musiqi albomunun buraxılması Fondun ən böyük uğurlarından biri hesab edilir. Alboma eyni adlı Azərbaycan, ingilis, rus və fransız dillərində olan kitab və 24 sənətçinin ifasında muğam parçalarından ibarət 12 disk daxildir.
Muğam sənətinin inkişafına xüsusi önəm verən Heydər Əliyev Fondu tərəfindən Səfiyəddin Urməvinin “Kitabül-Ədvar” və “Şərəfiyyə risaləsi” və Fətullah Şirvanın “Musiqi məcəlləsi” kitabları və diskləri hazırlanıb.
Beləliklə, Heydər Əliyev Fondu ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin, folklorumuzun, zəngin adət-ənənələrimizin, muğamlarımızın, xalq mahnılarımızın qorunması, onun gələcək nəsillərə çatdırılması sahəsində keçmişimizlə bu günümüz və gələcəyimiz arasında özünəməxsus bir körpü salmaqdadır. Bütün bunlar isə güclü və qüdrətli Azərbaycanın gələcəyinə ümidlə baxmağa imkan verir.
Zaman.- 2015.- 13 noyabr.- № 219.- S. 13.