Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək
Bakının cənub-qərb giriş yolunda beş min ağac əkildi
2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədilə "Hərəmiz bir ağac əkək!" aksiyasını həyata keçirməyə başladı. Fond Bakı ətrafındakı qəsəbələrin istifadəsiz qalmış sahələrində 20 min həmişəyaşıl ağac əkməklə respublikada rezonans doğuran layihənin əsasını qoydu. Qısa zamanda Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar bu təşəbbüsə qoşularaq yaşıllaşdırma kampaniyasını davam etdirdilər. Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağac əkildi.
Bakı şəhərinin mərkəzi rayonu olan Səbaildə də ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində işlər davam etməkdədir. Yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti iməcilikdə 500 nəfər iştirak etmişdir. İməcilik rayon icra hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılan Bakı şəhərinin cənub-qərb giriş yolu olan, "Şıx" yaşayış sahəsində, Salyan yolu boyunca keçirilmişdir. İməcilik ərəfəsində hazırlıq işləri görülmüş, ağacların suvarılması üçün yeni xətlər çəkilmiş, su maşınları cəlb olunmuş, əkilmək üçün dekorativ ağac və gül kolları alınmışdır.
İlin əvvəlindən bu ərazilər təmizlənmiş, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilmiş, "Dostluq parkı"ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı, yaşıl ot qatı salınmış, 5 min ədəd yeni ağac, 40 min gül kolu əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılmışdır.
Keçirilən iməcilik zamanı 5000 ədəd yeni ağac əkilmiş, əlavə olaraq əvvəl əkilmiş 10 min ağaca qulluq göstərilmiş, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilmişdir.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi baxımından böyük əhəmiyyət daşıyır.
Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan.- 2014.- 1 aprel.- № 63.- S. 7.