Azərbaycanın birinci xanımının şərəfinə ziyafət verilmişdir
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının yüksək mükafatına layiq görülmüş Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın şərəfinə mayın 18-də Cenevrədə ziyafət verilmişdir.
Ziyafətdə Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan, Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının sədri, Avstraliyanın səhiyyə naziri Ceyn Halton, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Sergey Orconikidze, BMT-nin İnsan Hüquqları üzrə ali komissarının müavini Kunq Van Kanq, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı direktoru Marik Belka, beynəlxalq təşkilatların rəhbərləri və akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirdilər. Azərbaycan Respublikasının İsveçrə və Vatikandakı səfiri, BMT-nin Cenevrədə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov Mehriban Əliyevanı Dünya Səhiyyə Təşkilatının yüksək mükafatına layiq görülməsi münasibətilə qonaqlar adından təbrik etmişdir. O, Azərbaycanın birincı xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti barədə də məlumat vermişdir.
Səfir Mehriban xanımın ana, uşaq və ailə sağlamlığının qorunması, valideyn qayğısından məhrum olmuş uşaqlara qayğı göstərilməsi sahəsində xidmətlərindən danışmışdır. O demişdir ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu səhiyyə ilə yanaşı, təhsilin, idmanın inkişafı, mədəni irsin, ekologiyanın qorunması, Azərbaycanın xaricdə təbliği sahəsində çox işlər görmüşdür. Bütün bunlara görə Azərbaycanın birinci xanımına YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilmişdir. Heydər Əliyev Fondu YUNESKO ilə birlikdə Azərbaycanda təhsilin inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirmişdir. Məhz Mehriban xanımın təşəbbüsü ilə mədəniyyət və incəsənətimizin bəzi nümunələri YUNESKO-nun mədəni və qeyri-maddi irs siyahılarına daxil edilmişdir. M.Əliyeva mədəniyyətlər və dinlərarası dialoqa da öz töhfəsini vermişdir.
Ziyafətdə ölkəmizin əsrarəngiz təbiətini, tarixi abidələrini, görməli yerlərini, dənizdəki neft mədənlərini əks etdirən sənədli film göstərilmiş, incəsənət ustalarımızın ifasında Azərbaycan və dünya bəstəkarlarının musiqisi səslənmişdir.
AzərTAc
2007, 18 may