Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Side qədim yaşayış məntəqəsində olmuşdur
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının Antalyada keçirilən VIII zirvə görüşü çərçivəsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva noyabrın 17-də Türkiyə Prezidenti Əhməd Necdət Sezərin xanımı Səmra Sezərlə birlikdə Side qədim yaşayış məntəqəsində olmuşdur.
Mehriban xanım Əliyevaya Antalya şəhərindən təxminən 100 kilometr məsafədə yerləşən Side yaşayış məntəqəsindəki qədim dövrə aid maddi mədəniyyət abidələri barədə geniş məlumat verildi.
Üç sərgi salonundan ibarət muzey Türkiyənin ən böyük və möhtəşəm muzeylərindən biridir. Buradakı qədim hamam nadir tikililərdən biri kimi ilk baxışdan diqqəti cəlb edir. Azı 1400 illik tarixi olan hamama su 38 kilometr məsafədən gətirilir. Bəşər tarixinə böyük hörmətlə yanaşan Türkiyə hökuməti bu muzeyin zənginləşməsinə və antik maddi mədəniyyət abidələrinin olduğu kimi qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Bir-birindən gözəl əsərlər Anadolunun antik mədəniyyətini hərtərəfli ehtiva edir, o dövr barədə real təsəvvürlərin formalaşdırılmasına və elmi araşdırmaların aparılmasına geniş imkanlar açır.
Mehriban xanım Əliyeva əfsanəvi Heraklın nəfis şəkildə işlənmiş heykəlinə də tamaşa etdi.
Aralıq dənizi boyunca sıralanan qədim tikililər, antik dövrün qalaları buraya gələnlərdə gözəl hisslər doğurur, bəşər tarixinə dərin məhəbbət oyadır.
Azərbaycanın mədəni irsinin qorunması, beynəlxalq miqyasda təbliği sahəsində ardıcıl və məqsədyönlü tədbirlər görən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Türkiyə dövlətinin maddi mədəniyyət abidələrinə belə yüksək səviyyədə qayğı ilə yanaşmasından razılığını bildirdi.
Mehriban Əliyeva eramızdan əvvəl I-II əsrlərə aid edilən "Aspendos" teatrına da baxdı. Bildirildi ki, təkrarolunmaz memarlıq üslubu ilə seçilən bu tikili dünya memarlığının nadir incilərindən sayılır, fərqlənir. Əsrlərin şahidi olan bu teatrdan indi də istifadə edilir. Burada mütəmadi olaraq konsertlər, festivallar təşkil edilir.
* * *
Qədim yaşayış məntəqəsi ilə tanışlıqdan sonra Türkiyə Prezidentinin xanımı Səmra Sezərin adından Azərbaycan dövlət başçısının xanımı Mehriban Əliyevanın şərəfinə ziyafət verildi.
AzərTAc
2006, 17 noyabr