Sabahımız naminə fədakarlıq
Biz — “Mənəvi tərəqqi” Qadın İctimai Birliyinin üzvləri iyirminci əsrdə xalqımızın ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyinin bu şəkildə möhkəmləndirilməsindən, milli-mənəvi dəyərlərimizin yüksək səviyyədə qorunub saxlanılmasından, cəmiyyətin saflaşdırılması istiqamətində geniş miqyaslı tədbirlərin həyata keçirilməsindən, dövlətin və cəmiyyətin idarə edilməsində kişilərlə bərabər qadınlara da geniş imkan verilməsindən böyük məmnunluq hissləri keçiririk.
Ondan da məmnunuq ki, cəmiyyətin gələcəyi olan gəncliyimizin, uşaq və yeniyetmələrin sağlam, savadlı, geniş dünyagörüşlü böyüməsi üçün misilsiz layihələr reallaşdıran Heydər Əliyev Fondunun prezidenti də məhz qadındır. Ölkədəki bütün qadın təşkilatları Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri və Milli Məclisin deputatı kimi həyata keçirdiyi bütün tədbirləri alqışlayır və dəstəkləyirlər. Ancaq xanım Əliyevanın xarici səfərlər zamanı reallaşdırdığı tədbirlər və apardığı danışıqlar bizim fəaliyyətimizə daha böyük stimul verir.
“Mənəvi tərəqqi” Qadın İctimai Birliyinin öz həmkarları ilə birlikdə keçirdiyi “Cəmiyyətin mənəvi saflaşdırılmasının yolları” adlı konfransda qeyd olunmuşdur ki, saflaşmaya gedən istənilən yol bilavasitə bu prosesdə iştirak edən qadınların fəallığından keçir. İndi deyə bilərik ki, Mehriban xanım Azərbaycanda qadın fəallığının nümunəsini yaratmışdır. Biz qeyd etmişdik ki, cəmiyyətin mənəvi saflaşması üçün milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə məhz olduğu kimi çatdırılması çox vacib bir amildir. Heç kəsə sirr deyil ki, Mehriban xanım Əliyeva bu istiqamətdə təkcə YUNESKO-nun xoşməramlı səfirləri arasında deyil, ümumiyyətlə, dünyanın birinci xanımları arasında ən çox fəallıq göstərən və daha məhsuldar çalışan siyasətçidir.
Bizim konfransın tezislərindən biri belə idi: “Yeniyetmə öz valideynləri və ictimaiyyət tərəfindən nəzarətsiz buraxılarsa, onun gələcəyi təhlükə altında olar”. Yəni, bütün uşaq və yeniyetmələrin təhsilə cəlb edilməsi Azərbaycan kimi iqtisadi cəhətdən inkişafda olan, beynəlxalq aləmin diqqətini gündən-günə daha çox cəlb edən ölkə üçün çox vacib bir amildir. Biz bütün qadın təşkilatlarını bu işdə dövlətə və xüsusən müvafiq təhsil qurumlarına yardımçı olmağa çağırmışdıq. Mehriban xanım Əliyevanın aprelin 3-də Parisdə, YUNESKO-nun xoşməramlı səfirlərinin ənənəvi illik yığıncağındakı çıxışında səslənən bir məqam bizə çox böyük mənəvi dayaq oldu: “Hamı üçün təhsil” proqramı çərçivəsində yekun regional konfrans 2008-ci ildə Azərbaycanda keçiriləcəkdir. Bu fürsətdən istifadə edərək, mən sizi həmin konfransda iştirak etməyə dəvət edirəm. Əminəm ki, Bakı konfransı “Hamı üçün təhsil” proqramının həyata keçirilməsinə doğru atılmış əlavə uğurlu addım olacaqdır". Fikrimizcə, Azərbaycan cəmiyyətinin sabahı üçün, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsinin qayğısına qalan hər bir azərbaycanlı üçün bu xəbər böyük məmnunluq hissi yaradır. İslam Peyğəmbəri xəbərdarlıq edirdi: “Mən ümmətimin savadsızlıq ucbatından yaranan yanlış düşüncəsindən qorxuram. Çünki fikri yoxsulluğun vurduğu zərbəni iqtisadi yoxsulluq vura bilməz”. Deməli, Heydər Əliyev Fondu “Hamı üçün təhsil” proqramının həyata keçirilməsi ilə təkcə müstəqil dövlətimizin qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına deyil, həm də bəşəri ideallara xidmət edir.
Yeri gəlmişkən, biz bu məqamı Mehriban xanımın ötən ilin dekabrında ABŞ-a səfəri zamanı da müşahidə etmişdik. Azərbaycan–ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Vaşinqtonda səfərdə olan Mehriban Əliyevanın dekabrın 7-də, ABŞ-ın birinci xanımı Loura Buş ilə görüşündə Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən də söz açılmışdı. Bu layihələr ABŞ-ın birinci xanımında xüsusi maraq doğurmuş və o demişdi ki, hər iki ölkənin gələcəyi baxımından təhsil sahəsinə yönəldilən sərmayə ən dəyərli sərmayədir. Əlbəttə, bu layihələrə münasibət siyasətçilərin dilində bu şəkildə səslənir. Böyük Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusi isə özünün məşhur “Əxlaqi-Nasiri” kitabında yazırdı ki, hər bir uşağın gələcəkdə necə olacağı onun həyatının ilk anlarından etibarən aldığı tərbiyədən asılı olacaqdır. Bu gün taleyin müxtəlif gərdişləri ucbatından ölkəmizdə yüzlərlə uşaq internat məktəbində və uşaq evlərində yaşamağa məcburdursa və Mehriban Əliyeva onların hamısını Heydər Əliyev Fondunun qayğısı ilə əhatə edibsə, xalq üçün göstərilən bu xidmətin bircə adı var: “Dünənə ehtiram, sabaha isə ümid işığı”.
Bizim tədbirlərimizdə tez-tez belə bir ifadə işlədilir ki, bütövlükdə cəmiyyətin saflaşdırılması üçün cəmiyyətin ayrı-ayrı fərdlərinin həm mənəvi, həm də fiziki cəhətdən sağlamlaşdırılması vacibdir. Fərdin mənəvi cəhətdən sağlamlaşdırılması üçün həyata keçirilən tədbirlərdən söz açdıq. Soydaşlarımızın və ümumiyyətlə, cəmiyyət üzvlərinin fiziki sağlamlığının bərpası üçün də Heydər Əliyev Fondu ona qədər layihə reallaşdırmışdır. Bu sahədə də ənənəviliyə üstünlük verən Mehriban xanım çox orijinal bir layihə reallaşdıraraq beynəlxalq aləmdəki həmkarlarını heyran etmişdi. Yuxarıda qeyd etdiyimiz tədbirdə — xoşməramlı səfirlərin illik yığıncağında çıxış edən Mehriban xanım həmin məsələyə toxunaraq demişdir: “Heydər Əliyev Fondu, Vaşinqton Elmlər Akademiyası və YUNESKO ”Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq" adlı ilk beynəlxalq konfrans təşkil etmişdir. Tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma Ümumdünya Yaddaş Qeydiyyatına salınmışdır. Həmin qeydiyyatda ümumən 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir". Diqqət yetirin, dünyada 200-dən çox ölkə var və bu qədər ölkədən cəmi 120 əlyazma Yaddaş Qeydiyyatına alınıbsa, onun da üçü Azərbaycandandırsa, bu, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün çox böyük uğurlu addımdır.
Sonda qeyd edirik ki, bu gün biz Azərbaycan qadınının maddi və mənəvi yüksəlişini xalqımızın ən böyük nailiyyətlərindən biri hesab edirik. Ona görə də “millətin gələcəyi anaların əlindədir” — ifadəsini danılmaz bir həqiqət kimi qəbul edirik.
Elmira Hüseynova,
“Mənəvi tərəqqi” QİB-nin sədri, professor
Xalq qəzeti.- 2007.- 21 aprel.- № 84.- S. 3.