Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın Əzizbəyov rayonunda görüşləri: Binə qəsəbəsində yeni məktəb tikilir
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 17-də Bakının Əzizbəyov rayonunda olmuşdur.
Fondun prezidenti əvvəlcə Binə qəsəbəsindəki şəhid Elçin Şəmiyev adına 149 nömrəli orta məktəbə gəldi. Burada müəllim və şagirdlər Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Direktor Rəhilə Baxşıyeva bildirdi ki, məktəbin binası 1935-ci ildə tikilmişdir. 350 şagird üçün nəzərdə tutulan binada hazırda 3 növbədə 2050 şagird təhsil alır. 40 sinifdə dərslər Azərbaycan, 17 sinifdə isə rus dilində keçilir. Burada 95 müəllim işləyir. Ötən il məktəbin məzunlarından 43 nəfər ali məktəbə daxil olmuşdur. Məktəbin şagirdləri və yetirmələri respublika, beynəlxalq idman yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə də uğurla çıxış edirlər. Məktəbin məzunu İsmayıl Quliyev yeniyetmələrin karate üzrə dünya çempionatında gümüş medal qazanmışdır. Vasif Vəliyev isə qaydasız döyüş üzrə Avropa çempionatında erməni idmançısına qalib gələrək, üçüncü yer tutmuşdur. Uzun illərdir ki, darısqallıq, çoxnövbəlilik ciddi problemlər yaradır. İndiyədək təmir edilməyən binanın dam örtüyü çox pis vəziyyətdədir və daim su axması nəticəsində 3-cü mərtəbə yararsız hala düşmüşdür.
Heydər Əliyev Fondunun rayonda apardığı monitorinqdən sonra deputat Mehriban Əliyevanın təşəbbüsü ilə məktəbin təzə tədris korpusunun inşası Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində plana salınmışdır. 2006-cı ilin noyabrında 3 mərtəbəli 1000 yerlik binanın inşasına başlanmışdır və hazırda ikinci mərtəbəsi tikilir. İnşaatçılar təzə binanı yeni dərs ilinə kimi tam təhvil verəcəklər.
Bütün bunlar barədə məlumat alan Mehriban xanım əvvəlcə məktəbin hazırkı binasına baxdı, belə şəraitdə 2 mindən artıq uşağın dərs keçməsinin çox böyük risk olduğunu vurğuladı. Yeni korpusun tikintisinin sürətləndirilməsi ilə yanaşı, bu binanın da əsaslı təmirinə başlamağın zəruriliyini bildirdi, bunun üçün təcrübəli mütəxəssislərin iştirakı ilə müvafiq layihə-smeta sənədlərinin hazırlanması barədə fondun icraçı direktoruna tapşırıq verdi. Mehriban Əliyeva dedi ki, təzə korpusda 50 sinif otağının istifadəyə verilməsi və köhnə binanın da əsaslı təmiri məktəbdə dərslərin bir növbədə keçilməsinə imkan yaradacaqdır. Eyni zamanda, o, bu tədris ocağının bütün lazımi avadanlıqla təchizi üçün də tədbirlər görülməsinin vacibliyini bildirdi.
Məktəbin müəllimləri, buraya toplaşan valideynlər minnətdarlıq hissi ilə vurğuladılar ki, indi Binədə ötən il Azərbaycan Prezidenti İlham Əliyevin və Mehriban xanımın təməlini qoyduqları müasir standartlara tam cavab verən təzə məktəb binası tikilir, digər 4 məktəbin isə hamısında yeni tədris korpusları inşa olunur. Bütün bunlar ölkəmizdə təhsilə, elmə, gənc nəslin təlim-tərbiyəsinə böyük diqqət və qayğının təzahürü olmaqla yanaşı, həm də deputat Mehriban Əliyevanın verdiyi vədlərə ardıcıl əməl etməsinin daha bir sübutudur. Mehriban xanıma təşəkkürlərini çatdıran sakinlər görülən işlərin 120 mindən çox sakini olan qəsəbə əhalisində yüksək əhval-ruhiyyə yaratdığını, dövlətin siyasətinə inamı daha da möhkəmlətdiyini vurğuladılar.
* * *
Binə qəsəbəsindəki növbəti görüş 152 nömrəli uşaq bağçasında oldu. 280 yerlik bu uşaq tərbiyə müəssisəsinin də fəaliyyətə başladığı 40 ilə yaxın müddətdə binada əsaslı təmir aparılmamışdır. Mehriban xanım bina ilə ətraflı tanış oldu, tərbiyəçi müəllimlərlə söhbət etdi, burada da əsaslı təmir və yenidənqurma işlərinə ciddi ehtiyac olduğunu söylədi.
Mehriban xanım qəsəbədəki 4 uşaq bağçasından 2-nin özəlləşdirməyə çıxarıldığından xəbərdar olduğunu bildirərək dedi ki, aztəminatlı ailələrin ciddi problemlə qarşılaşmaması üçün tezliklə 152 nömrəli bağçanın əsaslı təmirinə başlamaq və onun imkanlarını genişləndirmək lazımdır. Bununla bağlı müvafiq tədbirlər görülməli, ilk növbədə isə, təmir müddətində bağça başqa uyğun binaya köçürülməlidir.
Xalq qəzeti.- 2007.- 18 mart.- № 59.- S. 2.