Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

İnternat məktəblərə məxsus sahələrin qanunsuz özəlləşdirilməsi yolverilməzdir


Bu fikir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fevralın 1-də Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki poliomielit və beyin iflici qalığı olan uşaqlar üçün 16 nömrəli internat məktəblə tanışlığı zamanı söylənmişdir. Uşaqlar və müəllimlər hörmətli qonağı səmimiyyətlə qarşıladılar.

Direktor Allahverdi Vəliyev fondun prezidentinə məlumat verərək bildirdi ki, məktəbə məxsus olan ərazinin bir hissəsi 1985-ci ildə qanunsuz olaraq bu təhsil ocağının balansından çıxarılmışdır. 1991-1992-ci illərdə ölkədə yaranmış özbaşınalıqdan istifadə edən bəzi şəxslər məktəbin xeyli ərazisini rəsmiləşdirərək özəlləşdirmişlər.

Mehriban Əliyeva: O vaxtdan belə vəziyyət qalıbdır?

Gülağa İslamov (Əzizbəyov Rayon İcra hakimiyyətinin başçısı): Bəli, eləcə qalıbdır. Biz onlara tikinti üçün icazə vermirik.

Mehriban Əliyeva: Tikmək istəyirlər?!

Gülağa İslamov: Bəli, ancaq qanunsuz olduğu üçün qoymuruq. Gərək məhkəmənin qərarı ilə onların sənədləri ləğv olunsun. Məktəbin rəhbərliyinin müraciəti əsasında bunu etmək olar.

Allahverdi Vəliyev: 50 ildən çoxdur ki, bu ərazi məktəbə məxsusdur.

Mehriban Əliyeva: Buranı alanda yəqin ki, qanunsuz alıblar, ancaq qanunla ləğv etmək lazımdır.

Allahverdi Vəliyev: Məktəbin 225 şagirdi, 63 müəllim heyəti vardır. 190 uşaq burada yaşayır, qalanlarının valideynləri axşamlar evlərinə aparırlar. Burada görülən bütün işlər sizin və hörmətli Prezidentimizin qayğısı nəticəsində mümkün olmuşdur. 2000-ci ildə sizin şəxsi dəstəyinizlə təmir işləri yüksək səviyyədə aparılmış yeni avadanlıqla təmin edilmişdir. Hazırda heç bir problemimiz yoxdur. Mehriban xanım Əliyeva uşaqların əl işlərindən ibarət sərgiyə baxdı, məktəbin dünənini və bu gününü göstərən, eləcə də "Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir" fotoguşələrinə, xüsusi qayğıya, kənar köməyə ehtiyacı olan uşaqların dərs keçdikləri qrupları gəzdi, istedadlı uşaqların qabiliyyəti ilə tanış oldu, ibtidai siniflərə baş çəkdi. Fondun prezidenti dedi ki, son günlər mən internat məktəblərini gəzirəm, çox pis şəraitləri vardır. Hara gedirəmsə, pis şəraitlə rastlaşıram. Amma buraya gəldim, heç olmasa, bir az sevinirəm ki, belə gözəl şərait vardır.

Müəllimlər razılıqla söylədilər ki, məktəbin təmirindən, göstərilən qayğıdan sonra uşaqların uğurları çox olmuşdur. Belə ki, iki il əvvəl İrlandiyanın Dublin şəhərində keçirilən xəstə uşaqların idman yarışına göndərdiyiniz 7 şagirdin hamısı qızıl medalla qayıdıbdır. İki aydan sonra Xüsusi Olimpiya Komitəsinin köməyi ilə otüstü xokkey üzrə yarışlarda iştirak etmək üçün 9 nəfər Yaponiyaya göndərilmişdir.

Biz hörmətli Prezidentimizə həmişə minnətdar olacağıq.

Mehriban Əliyeva: Bunlar bizim uşaqlardır, mənim üçün çox doğmadırlar. Uşaqlar, gənclər xalqımızın, müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir.

YUNESKO-nun xoşməramlı səfiri məktəbin məişət, sinif otaqlarına baxdı, akt salonunda uşaqların ifa etdiyi mahnıya qulaq asdı, onlarla xatirə şəkli çəkdirdi. Sonra yeməklərin keyfiyyəti, ərzaq anbarı ilə maraqlandı, yeməkxananın təmirinin zəruriliyini bildirdi.


Xalq qəzeti.- 2005.- 2 fevral.- № 24.- S. 4.