Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban Əliyeva "Ülviyyət" mükafatına layiq görülüb


İyunun 14-də Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən qurultay "İnkişaf naminə birlik" devizi altında təşkil olunub. Qurultayın məqsədi qadınların hüquq bərabərliyi, iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində onların geniş şəkildə təmsil olunmasını, gender bərabərliyinin təmin edilməsində qadınların rolunu gücləndirməkdən ibarətdir.

Qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2000-e qədər nümayəndə, xarici ölkələrin, dövlət və hökumət orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib. Qurultaya Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər də qatılıblar.

Qurultayda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkənin qadın ictimaiyyəti tərəfindən gələn çoxsaylı arzu və təklifləri nəzərə Azərbaycan Qadınlarının IV Qurultayının iştirakçıları adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonunun prezidenti Mehriban Əliyeva "Ülviyyət" ictimai mükafatına layiq görülüb: "Ülviyyət Mehriban Əliyevanın humanist missiyasının ayrılmaz parçasıdır. Mehriban Əliyeva ölkənin gələcəyi üçün böyük sədaqət və tükənməz sevgi ilə çalışır. Buna əsasən də Mehriban Əliyeva Azərbaycan qadınları tərəfindən "Ülviyyət" ictimai mükafatına layiq görülür və ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətinə sonsuz uğurlar arzulayırıq".

H.Hüseynova bildirib ki, hazırda Azərbaycanın həm siyasi, həm də ictimai həyatının bütün sahələrində qadınların rolu və sayı ildən-ilə artır: "Lider qadınların irəli çəkilməsində dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq, son seçkilərdə Milli Məclisdə qadın millət vəkillərinin sayı artaraq, 10 faizdən 16 faizə, bələdiyyələrdə isə qadınların sayı 4 faizdən 26 faizə çatıb. Səhiyyə, təhsil, elm, mədəniyyət sahələrində böyük təmsilçiliyinə baxmayaraq, qadınların ordu, idman, siyasət, iqtisadiyyat, milli təhlükəsizlik, diplomatiya, neft istehsalı, məhkəmə və hüquq-mühafizə orqanlarında sayı da gündən-günə çoxalır.


Həftə içi.- 2013.- 15 iyun.- № 52.- S. 1.